Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycan meymunçiçəyi ilə mübarizəyə hazırlaşır - müalicə necə aparılacaq?

© AP Photo / CDC Meymunçiçəyi
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Vüqar Cavadzadə bildirib ki, klinik tibbi protokoldakı dərmanların meymunçiçəyinin müalicəsində tam effekt verəcəyi dəqiq deyil.
BAKI, 5 iyul — Sputnik. Meymunçiçəyi virusuna yoluxma arealının genişlənməsi dünya ölkələrini bu virusla mübarizəyə hazır olmağa məcbur edib. Artıq əksər ölkələr virusun müalicəsi məqsədilə kliniki tibbi protokollar hazırlayıb, mövcud səhiyyə sistemini hazır vəziyyətə gətirib. Azərbaycanda da meymunçiçəyi virusuna yoluxmanı aşkarlamaq üçün testlər gətirilib. Səhiyyə Nazirliyi bu gün Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb.
Azərbaycan meymunçiçəyinə görə 3 min test aldı
Xəbərdə bildirilir ki, son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib.
Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlanıb. Bəs görəsən meymunçiçəyi virusunun ölkəmizdə müalicəsi hansı mərkəzlərdə, necə aparılacaq?
Xəstəliyin müalicəsi üçün konkret dərman yoxdur!
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meymunçiçəyi virusuna qarşı konkret antiviral preparat mövcud deyil. Onun sözlərinə görə, bəzi ölkələrdə virus əleyhinə preparatlar müalicə məqsədilə istifadə edilir:
"Bunun nə dərəcədə effektiv olub-olmadığı hələki bəlli deyil. Çünki, biz koronavirusun müalicəsində kliniki tibbi protokolda qeyd edilən dərman preparatlarının bəzilərinin virusun müalicəsində effekt vermədiyinin şahidi olduq. Ümumi qəbul olunmuş müalicə üsulları ilə yanaşı dəri səthində də müəyyən dərman preparatlarından istifadə olunmalıdır. Bu əmələ gələn suluqların qurudulması üçün tətbiq edilir".
Meymunçiçəyinə hazır olmalıyıq
V. Cavadzadə deyir ki, virusa yoluxmuş şəxslərin müalicəsi xüsusi ayrılmış müəssisələrdə həyata keçiriləcək. O, bildirib ki, əgər virusa yoluxma çox olarsa, bunun üçün tibb mərkəzləri ayrıla, müalicəsi ixtisaslaşmış olaraq aparıla bilər.
İnfeksionist deyir ki, ölkəmizdə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmasa belə, dövlətin virusun aşkarlanması üçün testlər gətirməsi, hazırlıq məqsədilə müəyyən işlər görməsi vacibdir.
Kliniki protokolda yazılan dərmanlar istifadə edilməyə də bilər...
Həmsöhbətimiz bildirib ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlansa da, kliniki tibbi protokollar istiqamətləndirici məqsəd daşıyır. Onun sözlərinə görə, protokolda qeyd olunan dərman preparatının xəstəyə tətbiq edilməsi şərt deyil:
"Xəstənin ümumi vəziyyəti təhlil edilməlidir. Bəlkə protokolda yazılan dərman preparatı xəstənin ümumi vəziyyəti üçün əks göstərişdir. Bunlar mütləq nəzərə alınmalı, protokolda qeyd edilən dərman preparatının hansı dozada istifadə edilməli olduğu barədə həkim qərar verməlidir. Antiviral bu virusun müalicəsində istifadə edilir. Amma bu dərmanların meymunçiçəyinin müalicəsində tam effekt verib-vermədiyi dəqiq deyil".
Bu üç virusun müalicəsi oxşardır
V. Cavadzadə bildirib ki, bu viruslar ortopoks viruslar qrupuna aiddir: "Bunlar meymunçiçəyi, təbii çiçək və inəkçiçəyi viruslarıdır. Bu virusların qruluşları yaxındır. Ona görə, birinin müalicəsində istifadə edilən dərman preparatları digəri üçün də tövsiyyə edilir".
Meymunçiçəyinin müalicəsi belə aparılacaq
İSİM-dən bildirdilər ki, protokola görə, meymunçiçəyi xəstəliyinin müalicəsi üçün hazırda tekovirimat ən faydalı preparat hesab olunur. Tekovirimat ABŞ-da 2018-ci ildə meymunçiçəyi xəstəliyinin müalicəsi üçün təsdiq edilib. Oral və venadaxili preparatları mövcuddur.
Böyüklər üçün
Venadaxili (v/d):
35 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 200 mq
≥120 kq xəstələr üçün: hər 12 saatdan bir 300 mq
Oral:
40 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 600 mq
≥120 kq xəstələr üçün: hər 8 saatdan bir 600 mq tövsiyyə edilir.
Virusun müalicə müddəti 14 gündür. Böyrək çatışmazlığında oral forma üçün dozanın dəyişdirilməsi tələb olunmur. V/d formalarda kreatinin klirensi 30 mL/dəq-nin üzərində olarsa dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Kreatinin klirensi 30 mL/dəq-nin altında olarsa istifadəsi tövsiyə olunmur. Tecovirimat kapsullarını qəbul etdikdən sonra 30 dəqiqə ərzində qusma baş verərsə, daha bir doza dərhal təyin edilə bilər.
Tecovirimat qəbul etdikdən sonra 30 dəqiqədən çox vaxt keçdikdən sonra qusma baş verərsə əlavə doza verilməməlidir və dərman qəbulu 12 saatdan sonra davam etdirilməlidir. Tecovirimat kapsulları orta və ya yüksək yağ tərkibli qida qəbulundan sonra 30 dəqiqə ərzində qəbul edilməlidir. Tecovirimat kapsullarını udmaq mümkün olmayan xəstələr üçün kapsullar açıla bilər, tərkibi təxminən 30 mL maye (məsələn, süd) və ya yumşaq qida (məsələn, qatıq) ilə qarışdırıla bilər və yeməkdən sonra 30 dəqiqə ərzində qəbul edilir. Ən çox bildirilən yan təsirlər baş ağrısı, ürəkbulanma və qarın ağrısıdır.
İnəkçiçəyinin müalicəsində istifadə olunan dərman meymunçiçəyində də tətbiq ediləcək
Yerli virusəleyhinə preparatlar buynuz qişanın zədələnməsi zamanı istifadə olunur. Triftortimidin yerli olaraq inəkçiçəyi virusunun göz forması zamanı istifadə olunur, meymunçiçəyi zamanı buynuz qişanın zədələnmələrində tətbiq edilə bilər.
Trifluridin göz damcısı (zədələnmiş gözə 9 damcı, hər gün). Xəstələrin əksəriyyəti xəstəliyi yüngül formada keçirdiyi üçün hər hansı tibbi müdaxilə olmadan sağalırlar. Ürəkbulanma, qusma, disfagiya kimi şikayətlər olarsa, xəstəxanaya yatırılaraq maye balansının qorunması üçün infuzion müalicə aparıla bilər. Qızdırma və ağrı zamanı ilkin xətt terapiyası parasetamoldur (500-1000 mq oral, zəruri hallarda gündə 4-6 dəfə, maksimal doza 4000 mq/gün).
İltihab əleyhinə qeyri-steroid preparatların (o cümlədən aspirinin) istifadəsindən yüksək qanaxma riski olan xəstələrdə və potensial nefrotoksiklik səbəbindən nefropatiyalı xəstlərdə çəkinmək lazımdır. Ürəkbulanma və qusma zamanı oral və ya venadaxili qusmaəleyhinə vasitələr tövsiyə olunur.
Bu şəxslər stasionarda müalicə olunacaq
Xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan pasiyentlər stasionar şəraitdə müalicə olunmalıdırlar. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir. Lakin, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan xəstələr (məsələn, immunçatışmazlığı olan xəstələr, 8 yaşdan balaca uşaqlar, hamilə və ya süd verən qadınlar, septik ağırlaşması olan xəstələr) üçün antiviral müalicənin başlanılması məqsədəuyğundur. Səpkilər tipik yerlərdə olmayan (məsələn, ağız, gözlər, genital bölgə) xəstələrdə də meymunçiçəyi infeksiyasına qarşı antiviral müalicə nəzərdən keçirilə bilər.
Meymunçiçəyi bu şəxslərdə ölümə səbəb ola bilər
Qeyd edək ki, prokolda xəstəliyin ağır gedişatına görə risk faktorları da açıqlanıb. Qeyd edilib ki, ağır hallar daha çox uşaqlar arasında rast gəlir, virus yükü, pasiyentin ümumi sağlamlıq vəziyyəti və ağırlaşmaların xarakteri ilə əlaqədardır. Dərin immunçatışmazlıq daha ciddi nəticələrə səbəb ola bilər. Həmçinin, hamilə qadınlar, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altında ola bilərlər.
Tibb işçiləri də virusla daha uzun müddət təmas etdiklərinə görə daha yüksək risk altındadırlar. Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxmasına qarşı müəyyən qədər qorunma ehtimalı var. Eyni zamanda dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndləmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır.
Yoluxmanın risk qrupuna immunçatışmazlığı olan insanlar və yoluxmuş insanlara qulluq edən şəxslər daxildir. Ağırlaşmalar ikincil infeksiyalar, bronxopnevmoniya, sepsis, ensefalit, görmənin pozulması (buynuz qişasının zədələnməsi) ola bilər. Xəstə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, sidik ifrazının azalması, qida qəbulunun əhəmiyyətli azalması, uzun müddət davam edən qızdırma, arterial hipotenziya simptomlarından hər hansı birinin olduğu təqdirdə yaxından izlənilməlidir.
Yuxarıda qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən həkimə müraciət olunmalıdır. Xəstəliyin müalicəsində səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, meymunçiçəyi virusu (MPV və ya MPXV) insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusdur. Virus ilk dəfə meymunda aşkar edilib, 1970-ci ildən bəri on Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb və iki həftə sonra yoluxma halları artıq 100-ə yaxınlaşıb.
Xəbər lenti
0