CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tahir Əmiraslanov kitabların yandırılmasını belə izah etdi

© Sputnik / Nigar IskanderovaAzərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Ötən gün Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov arxivini yandırması ictiamiət arasında böyük səs-küyə səbəb olub.
BAKI, 7 iyul — Sputnik. Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov arxivini yandırıb. O, bu barədə sosial media hesabında məlumat verib. Tahir Əmiraslanov həmin anları lentə alaraq izləyiciləri ilə bölüşüb.
Bir müddət bundan əvvəl vəzifəsindən gedən Əmiraslanov bildirib ki, hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırır. O bununla əsəblərinin sakitləşdiyini bildirib: "Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar , diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki" deyib.
İctimai rezonansa səbəb olmuş hadisə ilə bağlı Tahir Əmiraslanovla həmsöhbət olduq. T.Əmiraslanov kitablarının yandırılması ilə bağlı səslənən şayələrə aydınlıq gətirib: "Mən sosial şəbəkədə kitablarımdan maraqlı məlumatları paylaşırdım. Gözləyirdim ki, camaat baxıb rəy bildirəcək. Bir neçə dilçi dostlarım rişxəndlə dedilər ki, "Tahir Leninqradda oxuyub, ona görə də o Azərbaycan dilində yaza bilməz". Mən də 4 səhifəlik bir yazı yazdım, dedim ki, kim bunu tərcümə etsə, ona 10 min dollar mükafat verəcəyəm. Hələlik heç kəs onu tərcümə etməyib. 5-10 nəfər "like" edib, onlar da heç oxumayıb. Mənim "protest"imin əsası bu idi ki, bu kitablar oxunmursa, onları saxlamaq nəyə lazımdır?".
Əmiraslanov bildirir ki, o kitabların hamısı köhnəlmişdi. Onların nüsxələri kitabxanalarda da var. Əməkdar mədəniyyət işçisi digər kitablarını saxladığını söyləyib: "İstədim ki, diqqəti cəlb edim ki, insanlar bu kitabları oxusunlar. İnsanlar internetdəki məlumatlara müdaxilə edə bilirlər, amma kitablara müdaxilə edə bilmirlər. Heç vaxt kitab oxumayan insanlar məni "xalq düşəni" elan etdilər. Bu bir tərəfdən yaxşıdır, reaksiya var. Yadlarına düşür ki, kitab oxumaq lazımdır".
Yayılan şayiələrdə kulinarın vəzifədən uzaqlaşdırlması səbəb göstərilirdi. Tahir müəllim bu məsələyə də aydınlıq gətirib: "Mən hazırda Azərbaycan Milli Kulinariya Assosiasiyasına rəhbərlik edirəm. Hətta "Qarabağ mətbəxinin inciləri" layihəsini də udmuşam. Mənim ağlımda, psixoloji durumumda problemlər olsaydı, mən vaxtımı sərf edib bu layihə üzərində işləməzdim. Azərbaycanda mənə həm dövlət, həm də xalq yüksək qiymət verib. Mənə Əməkdar mədəniyyət işçisi adını veriblər. Azərbaycan tarixində ilk kulinaram ki, prezident mənə "Şöhrət" ordeni verib".
Milli Kulinariya Mərkəzinin keçmiş direktoru ötən ay "National geographic"də Azərbaycan mətbəxi ilə bağlı dərc olunan məqaləyə də münasibətini bildirib: ""National geographic" Azərbaycan mətbəxi ilə bağlı biabırçı yazı dərc etdi. Orada Azərbaycan mətbəxi elə təhrif olunub ki, ermənilərin əlinə çox böyük fürsət veriblər. Bu məsələyə həmişə Milli Kulinariya Mərkəzi cavab verirdi. Ermənilər paxlavaya müdaxilə etmək istədilər. Cavab olmadı. Dedim ki, yəqin ki, təzə gəliblər. Amma "National geographic" isə dəhşət idi. İstəyirəm ki, buna cavab verilsin. Amma vermədilər. Mənim Orxan Fikrətoğluya olan münasibətim yaxşıdır. Çox savadlı insandır. O vəzifəyə layiq görülübsə, mənə söz demək düşməz".
Xəbər lenti
0