CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Corc Qafarova evin verilməsi təqdirəlayiqdir, bəs internatda böyüyən digər uşaqlar?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidEv
Ev - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2015-ci ildən bu günədək 660 internat məzununa mənzillər təqdim edilib.
BAKI, 7 iyul — Sputnik. Ötən gün müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova Prezident İlham Əliyev tərəfindən mənzilin verilməsi sosial şəbəkələrdə rezonans doğurub. Bu, həmçinin internat məzunlarına mənzillərin hansı şərtlər əsasında verilməsi məsələsini də aktuallaşdırıb.
660 internat məzunu mənzillə təmin edilib
Sputnik Azərbaycan bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə sorğu göndərib. Qurumdan bildirilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir.
Belə ki, 2015-ci ildən Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə olan "Məzun evi" sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib. Bu mənzillər də internat məzunlarına təqdim edilib. İndiyədək Sosial Xidmətlər Agentliyinin "Məzun evi"ndə 360-dan çox mənzil məhz internat məzunlarına təqdim edilib:
"2021-ci ildən də bu tədbirlər davam etdirilib. Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir. Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 2015-ci ildən bu günədək 660 internat məzununa mənzillər təqdim edilib və bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir".
İnternatı başa vuran məzunlar çıxılmaz durumda qalmışdı
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, internat müəssisələrindən məzun olmuş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə mənzillərin verilməsi müsbət haldır:
"2015-ci ilədək internatı başa vuran məzunlar müstəqil həyata atılanda evsiz olduqlarından hara gedəcəklərini bilmirdilər. Kirayə evlərdə yaşamaq işsiz internat məzunları üçün çox çətin idi. Onların valideynləri olmadığından arxa-dayaqları da yox idi. Bu sosial layihə internat məzunlarına müstəqil həyata atılarkən böyük dəstək oldu. Bu, xüsusilə internatda böyümüş qız məzunlarını evsizlik üzündən insan alveri qurbanına çevrilmə riskindən xilas etmiş oldu. Bu, dövlətin valideynlərini itirmiş şəxslərə böyük qayğısıdır. Ona görə də internat məzunlarına mənzillərin verilməsi alqışlanmalıdır".
Sığınacaqlarda da evsiz, valideynlərini itirmiş nəsil böyüyür
K.Ağazadənin fikrincə, yaxşı olardı ki, gələcəkdə təkcə dövlət internat evlərindən məzun olmuş şəxsləri deyil, valideynlərini itirən, valideyn himayəsindən məhrum olmuş, sığınacaqlarda yaşayan 18 yaşı bitmiş şəxsləri də mənzillə təmin etsin.
Onun sözlərinə görə, bu gün sığınacaqlarda xeyli sayda qızlar var ki, onların valideynləri ya həbsdədir, yaxud da valideyn himayəsindən məhrumdurlar. Gələcəkdə bu kateqoriyadan olan şəxslərin də mənzillə təmin edilməsi yaxşı olar.
İnternat məzunlarına 2015-ci ildən başladılan dövlət dəstəyi
Qeyd edək ki, Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında keçmiş Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərib.
2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarla müəssisənin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla "Məzun evi"nə yerləşdirilirlər.
Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır. "Məzun evi"ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir.
Birinci xanımın başlatdığı ənənə davam edir
Məlumat üçün onu da bildirək ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb.
Roza Zərgərlinin oğluna niyə ev verildi?
Onu da xatırladaq ki, Sosial Xidmətlər Agentliyi cəmiyyətdə müzakirəyə səbəb olmuş, Corc Qafarova niyə ev verilməsinə aydınlıq gətirib. Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov xatırladıb ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir:
"Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o, müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə "Ümid Yeri" Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub. Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb.
Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib. Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq ona 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.
Müğənni Roza Zərgərli - Sputnik Azərbaycan, 1920, 06.07.2022
CƏMİYYƏT
Roza Zərgərlinin oğluna niyə ev verilib? Sosial Xidmətlər Agentliyi aydınlıq gətirdi
Xəbər lenti
0