Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan vergi sahəsində 94 beynəlxalq müqavilə bağlayıb

manat - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür.
BAKI, 6 iyul — Sputnik. Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanılıb və onlardan 55-ni ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi məlumata görə, bunu qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev bildirib.
Onun sözlərinə görə, hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür.
Həmçinin, "Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 12 ikitərəfli və 5 çoxtərəfli, "Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında" 9 ikitərəfli və 1 çoxtərəfli, "Əməkdaşlıq haqqında" 9 ikitərəfli və "Məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında" 3 ikitərəfli müqavilələr imzalanıb.
Baş İdarəsinin rəisi bildirir ki, Azərbaycan Respublikası Böyük İyirmilik (G20) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) başlamış olduğu 15 fəaliyyətdən ibarət "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)" layihəsində iştirak etmək niyyətindədir. Ölkəmizin İƏİT-in BEPS layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivəyə qoşulmasına dair Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci ilin 17 fevral tarixli Sərəncam imzalanıb.
İnklüziv Çərçivəyə "minimum standart" hesab edilən əsas 4 Fəaliyyət daxildir. Bunlar zərərli vergi vərdişləri, vergi sazişlərindən sui-istifadə, transfer qiymətləri üzrə sənədləşmə və mübahisələrin həll edilməsidir (5, 6, 13 və 14-cü fəaliyyətlər). Eyni zamanda, BEPS layihəsində rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı məsələlərin tənzimlənməsi, hibrid uyğunsuzluqların təsirinin aradan qaldırılması, nəzarət olunan xarici müəssisə qaydalarının (CFC) təkmilləşdirilməsi, faiz çıxılmalarının məhdudlaşdırılması, qeyri-maddi aktivlər, yüksək riskli transfer qiymətləri üzrə əməliyyatlar, aqressiv vergitutma strategiyalarının açıqlanmasının tələb edilməsi və daimi nümayəndəlik statusundan süni yayınmanın qarşısının alınması üçün çoxtərəfli sazişin bağlanması ilə bağlı fəaliyyətlər də mövcuddur. Sözügedən fəaliyyətlər üzrə vergi qanunvericiliyinə baş idarə tərəfindən hazırlanmış təkliflər əsasında əlavə və dəyişikliklər edilib.
Orxan Musayev onu da bildirib ki, Azərbaycanda vergi ödəyicilərinin könüllü qaydada açıqladığı nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur. Onun sözlərinə görə, buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir:
"Transfer qiymətləndirmə üzrə müvafiq müqayisəli iqtisadi təhlillərin və yoxlamaların yüksək səviyyədə aparılması məqsədilə məşhur "Bureau van Dijk" beynəlxalq məlumat bazasından istifadə edirik. Onu da qeyd etməliyəm ki, tərəfimizdən "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları"nın yeni layihəsi təsdiq mərhələsindədir".
Hazırda qarşıda duran əsas hədəflər müxtəlif vergidən yayınma sxemlərinin tətbiqi ilə vergitutma bazasının aşındırılması və mənfəətin başqa yurisdiksiyalara köçürülməsinə qarşı mübarizənin aparılması, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, həmçinin, avtomatik məlumat mübadiləsinin genişlənməsi və emalın daha effektiv aparılması, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, inzibati yardım üzrə digər formatların tətbiq edilməsi, müqavilələrin tətbiqi ilə bağlı proseslərin rəqəmsallaşdırılmasından ibarətdir.
Xəbər lenti
0