CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq bağçalarına elektron qəbul sistemi nə vaxt açılacaq? Rəsmi

© Official website of President of Azerbaijan RepublicПервый вице-президент Мехрибан Алиева приняла участие в открытии нового детского сада номер 6 в Хатаинском районе Баку
Первый вице-президент Мехрибан Алиева приняла участие в открытии нового детского сада номер 6 в Хатаинском районе Баку - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Cəsarət Valehov ictimaiyyətə qəbul mexanizminin necə olacağı barədə ictimaiyyətə geniş açıqlama veriləcəyini söyləyib.
BAKI, 5 iyul — Sputnik. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) elektron qəbulun iyul ayının əvvəlindən başlanılacağı bildirilsə də, hələki elektron qəbul sistemi açılmayıb. Bu isə uşağını bağçaya qoymaq istəyən valideynlərin narahatlığına səbəb olub.
Valideyn Elvin Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladını uşaq bağçasına qoymaq üçün elektron qəbul sisteminin açılmasını gözləyir: "Xəbər verilmişdi ki, iyulun əvvəlindən elektron qəbul sistemi açılacaq. Biz də sistemin açılmasını gözləyirik. Özümüz bağçaya müraciət etsək də yerin olmadığını bildirirlər. Ona görə də, ümidimiz elektron qəbul sisteminədir".
Elektron qəbul sistemi nə vaxt işə düşəcək?
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, uşaq bağçalarına elektron qəbul tarixi bu həftə ərzində bəlli olacaq. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq bağçalarına elektron qəbul sisteminin hazırlanması üzərində işlər tamamlanmaq üzrədir:
"Bu həftə ərzində uşaq bağçalarına elektron qəbul sisteminin nə vaxt işə düşəcəyi açıqlanacaq".
C.Valehov bağçalara qəbul mexanizminin necə olacağı barədə bundan sonra ictimaiyyətə geniş açıqlama veriləcəyini söyləyib.
Qeyd edək ki, bağçalara elektron qəbulla bağlı valideynləri əsas narahat edən məqam qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı barədədir.
Ərazi üzrə qeydiyyatda olmayanların uşağı yaşadığı ərazidə bağçaya götürülməyəcək?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq bağçalarına qəbul elektronlaşarsa məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə qeydiyyatın əsas götürüləcəyi şübhəsizdir. Onun sözlərinə görə, elə problem yaradacaq əsas məqam da bununla bağlı olacaq:
"Xeyli sayda insan Bakı şəhərində yaşamasına baxmayaraq, burada qeydiyyatda deyil. Yaxud da əhalinin bir qisminin faktiki yaşadığı ünvanla qeydiyyat ünvanı üst-üstə düşmür. Bu zaman bağçaya elektron qəbul üçün müraciət edərkən yaşadığı yer seçimində ciddi problem yaranacağı qaçılmazdır. Əgər uşağın qeydiyyatda olduğu ünvan bağçanın mikro ərazisinə düşməyəcəksə, sistem avtomatik olaraq qəbula yox cavabı verəcək. Problem isə ondan ibarətdir ki, böyük əksəriyyət əhalinin yaşayış yeri ilə qeydiyyat ünvanı eyni deyil".
Yer azdır, uşaq çox
K.Əsədov deyir ki, bağçalara elektron qəbul zamanı yaranacaq daha bir problem yer çatışmazlığı ilə bağlı ola bilər. Çünki respublika üzrə 1693 uşaq bağçası olsa da, bağça yaşlı uşaqların sayı 123 min təşkil edir. Bu isə ümumi bağça yaşlı uşaqların 25 faizini əhatə edir.
Ekspert həmçinin, elektron sistem işə düşməzdən öncə valideynlərə zəruri texniki biliklərin verilməsinin də vacib olduğunu söyləyib. Onun sözlərinə görə, əks halda texniki baxımdan cəld tərpənənlər uşağını bağçaya qoyacaq, yerdə qalanlar kənarda qalacaq.
K.Əsədov uşaq bağçalarında Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərin övladlarına güzəştlərin edilməsinin də vacib olduğunu söyləyib.
Əvvəl Bakı, Abşeron və Sumqayıtdan başlanılacaq
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev son açıqlamasında bildirmişdi ki, məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.
Onun sözlərinə görə, mərhələli şəkildə bölgələr üzrə qəbul olacaq. Proses ilk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncədə həyata keçiriləcək. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək.
Şöbə müdiri həmçinin qeyd etmişdi ki, uşaq bağçalarında bu günədək qeydiyyatda olan uşaqların yeni yaradılan elektron sistemdən keçməsinə ehtiyac yoxdur. Həmin uşaqların adı bağçaların rəhbərliyi tərəfindən sistemə salınacaq.
O, həmçinin yeni yaradılacaq sistemdə qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunduğundan, məsləhət görüb ki, doğum şəhadətnaməsi ilə qeydiyyatda olan uşaqlara yeni şəxsiyyət vəsiqəsi alınsın.
Bağçalarla bağlı sərəncam
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Bakıda uşaq bağçası - Sputnik Azərbaycan, 1920, 20.06.2022
CƏMİYYƏT
Bakıda on bir min manata uşaq bağçası - Özəl bağçalarda bir uşağın aylıq, illik xərcləri
Xəbər lenti
0