CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən Xəzərlə bağlı mühüm açıqlama

© Sputnik / Murad OrujovXəzər dənizi, arxiv şəkli
Xəzər dənizi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Muxtar Babayev bildirib ki, Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür.
BAKI, 5 iyul — Sputnik. "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoformatda konfrans iştirakçılarına müraciət edib.
Çıxışda Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası" timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib.
© Sputnik / Murad OrujovEkologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Министр экологии и природных ресурсов Мухтар Бабаев - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Xəzər dənizinin problemləri ilə bərabər mütəxəssislər tərəfindən iqlim dəyişmələri üzrə hökumətlərarası ekspert qrupunun cari ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-cı sessiyasında təqdim olunan qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.
Nazir Bakıda keçirilən Xəzərlə bağlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur.
O qeyd edib ki, hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir.
M.Babayevin sözlərinə görə, bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır.
Nazir onu da vurğulayıb ki, Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir:

"Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir".

M.Babayev əlavə edib ki, Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür:
"Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə mütəmadi ekspedisiyalar keçirilir. Bu ekspedisiyalar zamanı toplanmış monitorinq məlumatları bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası"nın mühüm rolunu qeyd etmək lazımdır. İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekoloji problemlərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaqdır. Bununla yanaşı, Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşadılmasına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı, regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək".
Tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzifəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və digər rəsmilər iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0