Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Faciəvi həyatı olan ilk qadın bəstəkarımızın anım günüdür

© Photo : Ministry for Culture of the Republic of AzerbaijanAğabacı Rzayeva
Ağabacı Rzayeva - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Ağabacı həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır.
BAKI, 4 iyul — Sputnik. Bu gün Azərbaycanın ilk bəstəkar qadınlarından olan Ağabacı Rzayevanın anım günüdür.
Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası, məşhur tarzən Mirzə Fərəcdən öyrənmişdi.
Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi.
Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.
Ağabacı Pedaqoji texnikuma daxil olur. 1929-cu ildə oranı bitirir. Bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. O zamanlar kənd yerlərində müəllimlik edən qadınlara pis baxırdılar. Günlərin birində isə Ağabacı bir dəfə dərsdə olanda sinfə tərəf atəş açılır. Xoşbəxtlikdən ona heç nə olmur.
O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.
Bir gün isə atası evə gələrək ona və bacısı Ruqiyyəyə deyir ki: “Üzeyir Hacıbəyov xalq musiqisi kursu açıb, amma qız tələbəsi yoxdur. O, məndən xahiş edib ki, sizi onun kursuna aparım”.
Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: "Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər".
Üzeyir Hacıbəyov Ağabacı haqqında bu sözləri demişdi: "Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər".
Beləliklə Ağabacı Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alır, onun ən sevimli tələbələrindən biri olur. Musiqi-nəzəri fənlərdən isə ona Üzeyir Hacıbəyov, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.
Ağabacı Rzayevanın şöhrəti artdıqca onun qəbul etməyənlərin də sayı çoxalır. Və onun musiqilərinin əslində müəllimi Üzeyir Hacıbəyov tərəfindən bəstələndiyini deyirlər. Gənc bəstəkar bu deyilənlərə fikir verməməyə çalışır. Üzeyir Hacıbəyovun ölümündən sonra bu söz-söhbətlərə son qoyulur.
Ağabacı Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.
Bəstələdiyi "Ey pəri" mahnısı Şövkət Ələkbərova, Həqiqət Rzayeva və digər müğənnilər tərəfindən ifa edilir. Bir gün isə mahnı hər yerdən çıxarılır və oxunmur. Sonralar isə mahnı Cənubi Azərbaycanda xalq mahnısı adı ilə böyük populyarlıq qazanır. Bundan sonra mahnı yenidən Azərbaycanda ifa olunur. İllər keçir, bəstəkar Vaqif Mustafazadə "Ey pəri" və "Evimizə gəlin gəlir" mahnılarına möhür vurur.
"Evimizə gəlin gəlir" mahnısının bəstəkarı heç vaxt ailə qurmur. Anası və bacıları ilə birgə yaşayır. Onun üç bacısından yalnız biri - Ruqiyyə ailə qurur. Bəstəkar ana olmasa da, bir çox məşhur uşaq mahnılarını - "Kukla", "Qaranquş", "Ağ göyərçin" mahnılarını yazır.
Bəstəkarın maddi vəziyyəti ağır olduğu üçün ehtiyac üzündən sifarişlə taxılçılıq, üzümçülük, sovet dövrü və partiya ideyalarını təbliğ edən mahnılar yazır.
Bəstəkarın mahnılarını Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Tükəzban İsmayılova, Gülağa Məmmədov, Nəzakət Məmmədova ifa edirlər.
Ağabacı Rzayeva bir çox mahnı və romansların - həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramının, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.
Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.
Günlərin birində ona yazıçılar poliklinikasından zəng vurub deyirlər ki, sizə "botkin" xəstəliyi əleyhinə iynə vurmalıyıq. İynə vurulan gün onun hərarəti yüksəlir. Təcili yardım gəlsə də, bəstəkarın həyatını xilas etmək mümkün olmur. 1975-ci ildə 63 yaşında Bakıda vəfat edən bəstəkar 2-ci Fəxri xiyabanda torpağa tapşırılır. Bacısı Ruqiyyə ona sui-qəsd edildiyini iddia edir.
Xəbər lenti
0