CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Şuşada keçirilən konfransda TDT-nin rəsmiləri və quruma üzv ölkələrinin, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edirlər.
BAKI, 3 iyul - Sputnik. Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.
Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açılışda bildirib ki, türk ölkələri arasında əməkdaşlığın gücləndirilməsi gündəmdədir:
"Son vaxtlar türk dünyasında mühüm hadisələr baş verib: Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Qazaxıstan-Türkiyə platformasının yaradılması və s".
Qismət Gözəlov öz növbəsində belə bir görüşün Şuşada keçirilməsinin xüsusilə xoş olduğunu vurğulayıb.
“Müharibə və münaqişələrlə dolu 21-ci əsrdə TDT sülh və təhlükəsizliyə çağırış missiyasını yerinə yetirməyə çalışır. Azərbaycan ordusunun Qarabağ müharibəsində qələbəsi və türk ölkələrinin dəstəyi təşkilatın gücünü göstərir. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri yeni səviyyəyə çıxarmaqla yanaşı, iki türk dövlətinin qardaşlığının və iradəsinin simvoluna çevrilib", - baş katibin müavini qeyd edib.
***
İyulun 3-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçiriləcək konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələrinin - Türkiyənin, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Konfransda əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif olunmuş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformanın gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun Türk Dövlətləri Təşkilatına təsiri, quruma üzv olan ölkələri birləşdirən orta dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və digər mövzular barədə müzakirələr aparılacaq.
Konfrans çərçivəsində qonaqlar üçün Şuşa gəzintisi də təşkil olunacaq.
Xəbər lenti
0