Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"AzerGold" 5 ay üzrə göstəricilərini açıqladı

© Photo : AzerGold”AzerGold qızıl külçələri
AzerGold qızıl külçələri - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Səhmdar cəmiyyətdən bildirilib ki, 2022-ci ilin 5 ayı üzrə hasilat və ixrac göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər az olub.
BAKI, 1 iyul — Sputnik. Bu ilin may ayında "AzerGold" QSC 5,1 min unsiya qızıl və 13,9 min unsiya gümüş, yanvar-may aylarında isə 20,3 min unsiya qızıl və 67,8 min unsiya gümüş hasil edib.
Bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.
Məlumata görə, mayda 4,8 min unsiya qızıl və 11,4 min unsiya gümüş, yanvar-mayda isə 17,3 min unsiya qızıl və 52,3 min unsiya gümüş ixrac edilib. Beynəlxalq birjalarda satışı nəticəsində ölkə iqtisadiyyatına 58,4 milyon manat vəsait cəlb edilib.
Bununla belə, 2022-ci ilin 5 ayı üzrə hasilat və ixrac göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər az olub. Bu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır.
Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43% artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub.
Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaq.
Hazırda mövcud topa aşındırma üsulu ilə işləyən emal zavoduna əlavə olaraq, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma üsulu (Carbon in Leach - CIL) ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. 2022-ci ilin sonu-2023-cü ilin əvvəlində istismara veriləcək zavodda "Çovdar" yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, "Mərəh", "Ağyoxuş-2", "Tülallar" və onun cinah sahələrindən çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0