Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Zaur Kamal bu hərəkətinə görə həm hüquqi, həm də etik məsuliyyət daşıyır" - hüquqşünas

© Photo : courtesy of Afshin AzariAfshin Azari
Afshin Azari - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Media hüquqları üzrə mütəxəssis Ələsgər Məmmədli "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində Güney Azərbaycandan olan müğənni Afşin Azərinin aparıcı Zaur Kamal tərəfindən efirdən uzaqlaşdırılmasının yaratdığı hüquqi məsuliyyəti izah edib.
BAKI, 30 iyun - Sputnik. ARB televiziyasında özünü “aparıcı” adlandıran şəxs Afşin Azəri adlı gənc müğənini canlı efirdə qəsdən aşağılayıb, nüfuzdan salmaq məqsədi ilə təhqiramiz və tərbiyədən uzaq davranışa məruz qoyaraq, efirdən qovub. Bu hərəkət həm hüquqi baxımdan həm də etik baxımdan ciddi pozuntudur.
Bunu Media hüquqları üzrə mütəxəssis, hüquq müdafiəçisi Ələsgər Məmmədli "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində Güney Azərbaycandan olan müğənni Afşin Azərinin aparıcı Zaur Kamal tərəfindən efirdən uzaqlaşdırılmasını şərh edərkən bildirib.
Ə.Məmmədli öz Facebook hesabında qeyd edib ki, həmin hərəkət hüquqi baxımdan pozuntudur və Media haqqında Qanuna ziddir:
"Media Qanununun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların, o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir.
Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcının” məsuliyyəti yox, həm də onun efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır".
Ekspert bildirib ki, bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır:
"Media Qanunun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir".
Ə.Məmmədlinin sözlərinə görə, bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir.
"Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq etdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır. Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir (Media Reyestrinin yaradılmasına start verilməsi ləngisə də qanunun pozuntusu faktı qeydə alınmalıdır, çünki, qanun qüvvədədir)"
Məsələnin etik tərəfinə gəldikdə isə mütəxəssis qeyd edib ki, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsinə görə jurnalistlər adamları yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. "Bizim misalda isə, “aparıcı” efirdə məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır".
Ə.Məmmədlinin xatırlatdığı "Peşə Davranışı Qaydaları"nın 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.
Mütəxəssis baş verən hadisədə həm hüquqi, həm də etik məsuliyyətin mövcud olduğunu bildirib. Aidiyyatı qurumları öz funkiyalarını yerinə yetirməyə çağırıb.
Zaur Kamalın verlişində nə baş verib?
Xatırladaq ki, proqramın aparıcısı Zaur Kamal və Güney azərbaycanlı müğənni Afşin Azəri arasında canlı efirdə mübahisə yaranıb. Sənətçi aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" deyə reaksiya verib.
Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Pormehr və ya digər iranlı müğənnilər kimdir mənim yanımda? İranda səhnələri doldururam".
Afşin Azəri isə Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirib:
"Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa, daha yaxşı olar".
Z.Kamal "mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək, müğənnini efirdən uzqlaşdırıb.
Reklam fasiləsindən sonra isə aparıcı məsələ barədə belə açıqlama verib:
"Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azəri efirdən öncə deyir ki, "digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma". Qonaq gəlmisənsə, özünü qonaq kimi apar".
Audivizual Şuranın Aparat rəhbərindən "qıcıq doğuran" açıqlama
Qeyd edək ki, Zaur Kamalın Afşin Azəri ilə bağlı hərəkəti sosial şəbəkə istifadəçiləri arasında kəskin reaksiya doğurub. Əksəriyyət onun güneyli müğənniyə qarşı hərəkətini həqarət adlandırıb. Zaur Kamalın davamlı olaraq Afşin Azərinin iranlı olmasına işarə etməsi İrandan gələn siyasi sifariş kimi qiymətləndirilib. Hətta bunu Zaurun FETÖ-çü və dindar keçmişi ilə əlaqələndirənlər də olub.
Məsələ ilə bağlı modern.az-a açıqlama verən Audivizual Şuranın Aparat rəhbəri Fazil Novruzov isə deyib ki, burada qanun pozuntusu faktı yoxdur.
“Bu, aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib.
Fazil Novruzovun bu açıqlaması da sosial şəbəkə istifadəçiləri və ölkə jurnalistlərinin çoxu tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət Novruzovun "qanun pozuntusunun olmaması" barədə dediyini "məhkəmənin səlahiyyətinə aid olan işlərə qarışmaq" və "jurnalist, efir etikasını gözardı etmək" kimi qiymətləndirib.
ARB telekanalının mətbuat katibi Mail Əsgərov isə məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
Afşin Azəri: "Mən qonaq deyiləm, bura mənim ölkəmdir"
Afşin Azəri özü isə "MTV Azərbaycan" kanalında müsahibəsində məsələyə belə reaksiya verib:
"Allahıma təşəkkür edirəm ki, bu qədər insanların sevgisini gördüm. Dünəndən bu sevgi mənə sübut olundu. Xalqımız mənə dayaq oldu. Danışan adam deyiləm, amma xalqımın, sevənlərimin və milyonların qüruruna görə buradayam. Yenə də sözümün üstündəyəm ki, iki kişinin arasında danışılan söz onların arasında qalmalıdır. Əgər buna riayət etmirsənsə, heç olmasa yalan danışma.
İnsan iki dəqiqənin içində necə yalan danışa bilər. Yalan danışırsan, icazə ver, cavab verim. Mən niyə Azərbaycandayam?! Niyə qonağam?! Mən qonaq deyiləm, bura mənim ölkəmdir. Mənim sözüm bu olub ki, efirinə dəvət edən qonağın səviyyəsini bilməlisən və onunla elə danışmalısan ki, fanatlarının acığına gəlməsin.
Dünyanın hər bir yerində efirə çıxanda fanatlarım mənimlə fəxr ediblər. Dostlarım, yaxınlarım mənə deyiblər ki, Zaur Kamalın verilişinə getmə. O insan hamıya yuxarıdan aşağı baxır. Amma demişəm ki, verilişə görə belə davranır, gözəl ürəkli insandır. Görürəm ki, çox səhv etmişəm.
Zaur Kamal efirdən on-on beş dəqiqə əvvəl başqa xanəndələrin adını çəkdi. Ona cavab verdim ki, mənim öz səviyyəmə görə davran, sən məni dəvət edirsən. Qardaş, indiyə qədər adımı başqa xanəndənin yanında çəkmisən? Qətiyyən olmayıb. Bəs, mənim yanımda niyə ayrı adamın adını misal çəkirsən?
Ustadımız Alim Qasımov yeganə azərbaycanlı sənətkardır ki, İranda konsert verir. Aparıcı onun səviyyəsini bilməsə necə olar?! Allah etməsin xətrinə dəyər.
Qurana and içib, deyə bilərəm ki, deməmişəm, qardaş, filankəsi efirə çağırma. Niyə bu sözü deməliyəm?! Hər kəsin əlindən öpürəm..."
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0