Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Xəzər regionu mühüm geosiyasi proseslərin tərkib hissəsidir - Politoloq

© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Politoloq bildirib ki, Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsi və nəqli tam həcmdə razılaşdırılıb.
BAKI, 30 iyun — Sputnik. Elvin Səlimov. İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirildi.
Sputnik Azərbaycan Aşqabadda keçirilmiş sammitlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Aşqabadda keçirilmiş sammitdə müzakirə olunmuş mövzular öz aktuallığı ilə seçilir. Onun sözlərinə görə, Xəzər hövzəsində əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə ehtiyac var:
"Xəzər hövzəsi ölkələrinin ortaq mövqelərindən biri budur ki, kənar dövlətlər burada hərbi donanma saxlaya bilməzlər. Bundan öncə də buna bənzər razılaşmalar əldə olunmuşdu".
Politoloq Xəzərin sektorlara bölünməsi məsələsinə toxunaraq deyib ki, su hövzəsindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsi və nəqli tam həcmdə razılaşdırılıb. O hesab edir ki, bu, çox böyük uğur sayıla bilər.

"Azərbaycan Xəzər hövzəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Prezident İlham Əliyevin Rusiya və İran prezidentləri ilə sammit çərçivəsində keçirdiyi görüşlər bu baxımdan çox məhsuldar hesab edilir. Bu görüşlər ərzində "3+3" platforması və Zəngəzur dəhlizi ilə bağlı məsələlər dərindən müzakirə edilib", – deyə politoloq bildirib.

İlyas Hüseynov mövcud gərgin geosiyasi şəraitdə Xəzərin o tayında yerləşən Qazaxıstan və Türkmənistan dövlətlərinin strateji əhəmiyyətinin artmasına diqqət çəkib və qeyd edib ki, bu ölkələr, ümumən Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq duyurlar:

"Azərbaycan Türkmənistan və Qazaxıstanla əməkdaşlığı genişləndirir. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, dünyada mühüm geosiyasi proseslər gedir və Xəzər regionu da bunun tərkib hissəsidir".

Politoloq Türkmənistan qazının İran və Azərbaycan vasitəsilə Qərbə nəqli planlarının getdikcə aktuallaşdığını bildirib:
"Bu da rəsmi Bakının maraqlarına uyğundur. Tərəflər arasında mövqelərin uzlaşdırılması, perspektivlərin müəyyənləşdirilməsinə ehtiyac var. Azərbaycan bununla öz geosiyasi əhəmiyyətini artırmaqla yanaşı iqtisadi inteqrasiyanı bununla sürətləndirmiş olacaq".
Ekspert onu da bildiriub ki, siyasi dialoqun artırılması baxımından Aşqabadda keçirilmiş VI Zirvə Toplantısı mühüm əhəmiyyət kəsb edir:
"Bundan sonrakı dönəmdə də müxtəlif platformalarda bu beş ölkənin görüşləri keçirilə bilər. Davamlı təmasların qurulması, düşünürəm ki, böyük bir geosiyasi arealda sülhün və təhlükəsizliyin dayanıqlı olmasına xidmət edir", – deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0