CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürün ətrafında yerləşən rayonların sakinlərinə xəbərdarlıq edildi

© Sputnik / Irade JELILKür
Kür - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Umayra Tağıyeva Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edib.
BAKI, 28 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Kürdə daşqın ola biləcəyi barədə xəbərdarlıq edib. O, bildirib ki, sabah gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir.
U.Tağıyeva həmçinin Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib:
"Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir".
Bəs görəsən aidiyyatı qurumlar Kürdə daşqın proqnozuna hazırdırmı?
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kür çayından saniyədə min kub metr su keçir. Bu isə o qədər də qorxulu hədd sayılmır.
Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli istismar idarələri Kürdə təhlükə törədən yerlərin bərpası ilə məşğul olub və xüsusi bəndlər vurulub. Bu səbəbdən də, Kür çayının hər hansı dağıntı yaradacağı, təhlükə yaradacağı yer yoxdur. Yerli istismar idarələrinə rayon icra hakimiyyətləri ilə müştərək işləmələri barədə xüsusi tapşırıqlar verilib:
"Harada problemli yerlər varsa oraya texnikalar cəlb edilib. Su anbarlarımızda Kür çayından gələn suların toplanması üçün ehtiyat yer var. Suyun ötürülməsi zamanı problemlərin qarşısını almaq üçün əvvəlcədən təhlülkə yaradacaq yerlərdə tədbirlər görülüb. Bizim Kürün üzərində üzən nasos stansiyalarımız var. Ona təsir göstərməməsi üçün bəndlər vasitəsilə qarşısı alınıb. Bu günə qədər hər hansı əkin və yaşayış sahələrinə, kommunikasiya xətləri ziyan görməyib. Ona görə də, bu proqnozdan da narahat olmağa dəyməz. Kür çayında təhlükə törədəcək yer yoxdur".
Xatırladaq ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, çaylarda sululuğun artacağı gözlənilir:
"Regionda yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur. Bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kür ətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir. Hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir".
O da bildirilib ki, qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Qeyd edək ki, may ayında Kürün suyunda azalma müşahidə olunurdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0