CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürün daşması istisna edilmir - Umayra Tağıyeva

© Photo : Report / Firi Salim Umayra Tağıyeva
Umayra Tağıyeva - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Abunə olmaq
Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çoxdur.
BAKI, 27 iyun - Sputnik. "Sabah gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir". Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Report-a eksklüziv açıqlamasında bildirib.
O həmçinin Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib:
"Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir".
Xatırladaq ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, çaylarda sululuğun artacağı gözlənilir:
"Regionda yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur. Bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kür ətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir. Hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir".
O da bildirilib ki, qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0