CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağa gedən ilk maşinist hər şeyin 30 il əvvəlki kimi olacağına ümid edir - VİDEO

maşinist  - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Erməni vəhşiliyinin şahidi olan, 30 il sonra Qarabağa səyahət edən ilk maşinist Aydın Rzayev bu yerlərin tezliklə cənnətə dönəcəyinə ümid edir.
BAKI, 26 iyun — Sputnik. 30 il öncəni bugünkü kimi xatırlayıram. O vaxtı Mincivan istiqamətinə daşınmalar daha çox idi. Müharibə şəraiti olsa da, hamımız iş başında idik. Çalışırdıq ki, həm sərnişinləri, həm də yükləri təhlükəsiz şəraitdə ünvan başına çatdıraq, özümüzü də qoruyaq.
Bunu 30 ildən sonra ilk dəfə Qarabağa maşinist olaraq yola düşən Aydın Rzayev deyir. O, ötən əsrin 90-cı illərinin əvvəllərindən dəmiryolunda maşinist köməkçisi kimi, 2010-cu ildən İmişli stansiyasında maşinist kimi işə başlayır.
Maşinist illər öncəki xatirələrindən, Qarabağa gedən ilk maşinist kimi təəssüratlarından danışaraq deyir ki, sonuncu dəfə Qarabağdan sərnişin qatarını çıxardanda vaqonlarda olan hər kəs böyük təşviş içində idi:
"Yaxşı yadımdadır, 1993-cü ilin 23 fevralı idi, maşinist Allahyar Əsədovla sonuncu qatarı biz Qarabağdan çxıarmışdıq. Həmin vaxtı Horadiz istiqamətində çox güclü atışma gedirdi. Ermənilər demək olar ki, Horadizi işğal etmək üzrə idilər. Atışma altında çətinliklə də olsa qatarı oradan çıxararaq İmişli stansiyasına çatdıra bildik".
Maşinist deyir ki, o dövrdə Qarabağla bağlı xoş xatirələri çox olsa da, ermənilər hamısını yerlə-yeksan etdi: "Təəssüflər olsun ki, yağı düşmən torpaqlarımızı əlimizdən aldı, bununla bütün xatirələrimiz yerlə-yeksan edildi. Ali baş komandanımız və müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu".
Aydın Rzayev Horadiz istiqamətində qatarı idarə edərkən gözlənilmədən ona xoş xəbər verilir. Növbətçi radio rabitədən verilən məlumatda bildirilir ki, qatar yeni çəkilmiş dəmiryolu xətti ilə Qarabağ stansiyasına gedəcək. Beləcə, Aydın Rzayev dəmiryolçuların tarixində 30 ildən sonra Qarabağa səfər edən ilk maşinist olaraq da adını yazdırır:
"Bu mənim üçün gözlənilməz, xoş bir təsadüf idi. Çünki maşinist köməkçisi kimi Qarabağdan sonuncu qatarı da biz çıxartmışdıq".
İlk səfərin təəssüratlarına gəldikdə isə Aydın Rzayev deyir ki, gördükləri onu dəhşətə gətirib: "Ermənilər rayonları, kəndləri viran qoymuşdu, Qarabağ tanınmaz hala düşmüşdü. Əvvəlki vəziyyətindən heç bir əsər-əlamət belə qalmamışdı. Rayonları, kəndləri bir-birindən ayırmaq mümkün deyildi. Təsəvvür edin, o cür yaşıllıqlar belə məhv edilmişdi. Ağaclıqlar var idi ki, yanından keçəndə sərinliyi adamı məst edirdi, onlar artıq yox idi".
Maşinist ümid edir ki, qsıa zamanda Qarabağ özünün 30 il öncəki əzəmətli görünüşünü bərpa edə biləcək, yenidən cənnətə dönəcək, yurdundan didərgin düşən şəxslər tezliklə evlərinə geri qayıdacaqlar.
Xəbər lenti
0