Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Yanğın təhlükəsi: Fermerlər mühafizə zolağı üçün torpağı şumlamırlar

Abunə olmaq
Ölkəmizdə biçilən, eləcə də biçilməyən taxıl və otlaq sahələrində yanğınların baş verməsi onu göstərir ki, fermerlər və əlaqədar qurumlar bu halların nə qədər təhlükəli və zərərli olmasının fərqində deyillər.
Azərbaycanda xüsusilə yay aylarında taxil və otlaq sahələrində yanğınların baş verməsi adi haldır. Bu, təkcə taxıl və otun məhvi demək deyil, həm də ekologiyanın korlanması, torpaqdakı üzvi maddələrin, mineralların məhv olmasıdır.
Hər il ölkəmizdə biçilən, eləcə də biçilməyən taxıl və otlaq sahələrində yanğınların baş verməsi onu göstərir ki, hələ də fermerlər, eləcə də əlaqədar qurumlar bu halların nə qədər təhlükəli və zərərli olmasının fərqində deyillər. Taxil və otlaq sahələrindən keçən yüksək gərginlikli elektrik xətləri ətrafında mühafizə zolağının yaradılmaması dediklərimizə əyani subutdır. Hadisənin baş vermə səbəbləri fərqli olsa da nəticə eynidir.
Göyçayın Şahsoltanlı kənd sakini Cümşid Məhiyev deyir ki, hər il bu və ətraf rayonlarda, xüsusi ilə avtomobil yollarının kənarında olan taxıl sahələrində yanğınlar müşahidə olunur. Nəticədə taxil sahələrinə, eləcə də digər ərazilərə xeyli zərər dəyir. Bunun da başlıca səbəbi sözügedən ərazilərdə müvafiq tədbirlərin görülməməsidir:
“Hər gün bu yollardan saysız-hesabsız maşınlar keçir, təsadüf nəticəsində onların birindən siqaret atılsa, yaxud hansısa tezalışan məhlul yol kənarına tökülsə, yanğın baş verəcək. Hazırda havaların kifayət qədər isti keçdiyini nəzərə alsaq, maşınlardan atılan şüşə qablar da yanğının baş verməsinə şərait yaradacaq. Bütün bunların qarşısını almaq üçün mütləq yol kənarında olan əkin sahələrinin kənarları yanğından mühafizə edilməlidir".
Kənd sakini bildirib ki, avtomobil yollarının kənarlarında yerləşən taxil sahələrində yanğın baş verərsə, bu, həm kəndlər, həm də buradakı tikililər üçün təhlükəlidir. Eyni zamanda Mingəçevirdən Bakıya gedən yüksək gərginlikli elektrik xətləri üçün də qorxuludur:
"Nəzərə alsaq ki, həmin elektrik naqilləri taxil sahələrinin, kənd ərazilərinin yaxınlığından keçir, məsələnin nə qədər ciddi olduğu anlaşılır".
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Famil Nəbiyev deyir ki, biçilən və biçilməyən taxıl sahələrinin yandırılması qanunla qadağandır.
"İstənilən ərazidə yanğınları törədən şəxs məsuliyyətə cəlb edilir. Amma hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunması hektarlarla taxil sahəsinə dəyən zərəri qarşılamır. Buna görə də ehtiyatı əldən vermədən mühafizə zolaqlarının çəkilməsi daha faydalıdır", - deyə sektor müdiri bildirib.
F.Nəbiyevin sözlərinə görə, taxıl və otlaq sahələrinin yanğından mühafizə xətlərinin çəkilməsi işi kəndlilərin, fermer və sahibkarların üzərinə düşür:

"Bir sözlə, hər bir fermer öz əkin və otlaq sahəsinin ətrafında şum işləri aparmaqla sahəsini yanğından sığorta etməlidir. Bu işə nəzarəti isə kənd icra nümayəndələri və bələdiyyələr həyata keçirməlidir. Bizim üzərimizə düşən iş bələdiyyə və icra nümayəndələri ilə maarifləndirmə söhbətləri aparmaqdır ki, biz də bunu edirik. Onlar da yerlərdə vətəndaşlarla söhbət edib, onları yanğından mühafizə işlərinə cəlb etməlidilər ki, hansısa böyük yanğınların qarşısı vaxtında alınsın".

Qurum nümayəndəsinin sözlərinə görə, verilən lazımı tapşırıqlar və tövsiyələrdən sonra yol kənarında olan taxıl sahələrinin yaxınlığında, yüksək gərginlikli elektrik xətləri ətrafında şum işlərinin aparılmaması onu göstərir ki, yerli icra nümayəndələri, bələdiyyələr, eləcə də fermerlər bu məsələni heç də ciddi qəbul etmirlər.
Xatırladaq ki Bakı Şamaxı Yevlax avtomobil yolunun Ağsu-İsmayıllı, eləcə də Göyçaydan keçən ərazilərində hektarlarla taxıl sahələri mövcuddur. Bu ərazilərdə qabaqlayıcı yanğından mühafizə tədbirləri görülmədiyindən hər il biçilən, eləcə də biçilməyən taxıl sahələrində yanğınlar baş verir.
Xəbər lenti
0