Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkədə ərzaq təhlükəsizliyi üzrə ehtiyat yaradılır - Vəsait ayrılıb

© Sputnik / Дмитрий МакеевMağaza
Mağaza - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Xarici faktorlardan formalaşan qiymət artımları Azərbaycana da sirayət edib
BAKI, 23 iyun — Sputnik. İnflyasiya təkcə Azərbaycanın problemi deyil, bu, artıq qlobal problemə çevrilib. Qlobal miqyasda inflyasiya təzyiqlərinin artması, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi ilk olaraq neft və qazın qiymətlərinin artması ilə başlanıb.
Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, qaz müxtəlif gübrə məhsullarının buraxılması üçün əsas xammaldır: "Gübrə qiymətləri dünya miqyasında artmağa başladı, hətta qıtlıq da yaranmışdı. Nəticə etibarilə gübrə və enerji daşıyıcılarının qiymətlərinin artması ərzaq məhsullarının qiymətinin yüksəlməsinə gətirib çıxardı. İlk növbədə, taxılın, buğda qiymətlərinin artımı müşahidə olunur. Digər tərəfdən regionda baş verən hadisələr şübhəsiz ki, müəyyən nəqliyyat, logistikada olan mövcud problemləri daha da artırıb. Bu da qiymətlərin artımına təsir göstərib. Xarici faktorlardan formalaşan qiymət artımları Azərbaycana da sirayət edib".
S.Şərifov qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq hökumət tərəfindən müəyyən antiinflyasiya tədbirləri hazırlanır və həyata keçirilir. Bu tədbirlərin əksər hissəsi Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud gömrük rüsumları və müəyyən vergilərin aradan qaldırılması ilə bağlıdır. Bununla əlaqədar müəyyən qərarlar qəbul edilir. Bu qərarların nəticəsində bir sıra məhsulların qiymətinin artımını aradan götürməklə bahalaşmanın qarşısı alınacaq. Digər tərəfdən müvafiq orqanlara tapşırıqlar verilib ki, qiymətlərin artımından sui-istifadə hallarının qarşısı alınsın və bu istiqamətdə işlər aparılır. Eyni zamanda, sahibkarlarla maarifləndirici tədbirlər həyata keçirilir.
"Dövlətimizin başçısının tapşırığına əsasən, ötən il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının 20 faiz artırılması ilə bağlı sərəncamlar imzalanıb, eyni zamanda, pensiyaların indeksləşdirilməsi istiqamətində addımlar atılıb. İndeksləşmə məbləğinin qanunvericiliyə uyğun olaraq az olmasını nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən pensiyaçılara əlavə maddi yardımın göstərilməsi barədə qərar qəbul edilib. Bu tədbirlərlə hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azalsın", - deyə o qeyd edib.
O əlavə edib ki, ərzaq məhsullarının qiymətinin artırılmasını nəzərə alaraq, cari ildə dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 milyon manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulub. Bu sahədə əlavə çevik tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir.
Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.
Xəbər lenti
0