CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramin Hacılı məhkəmədə qalmaqal salıb, zaldan çıxarılıb

© Photo : Facebook / Ramin HaciliRamin Hacılı
Ramin Hacılı - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Ramin Hacılı məhkəmədə əsəbiləşərək şüşə qəfəsə yumruq vurub, daha sonra o, məhkəmə zalından çıxarılıb
BAKI, 22 iyun — Sputnik. Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bir neçə vəsatət qaldırıb.
O, vəsatətində heç bir mütəşəkkil cinayətkar dəstə yaratmadığını bildirib: "Cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır".
R.Hacılının vəkili Rəşad Əliyev müvəkkilinin vəsatətini müdafiə etdiyini söyləyib.
Prokuror isə vəsatəti əsassız hesab edib. R.Hacılı ikinci vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra zərəçəkmiş Azər Əliyev ifadə verib. O deyib ki, R.Hacılı Şengen vizası almaq adı ilə ona 22 min manat zərər vurub.
Təqsirləndirilən şəxs A.Əliyevin ifadəsinə münasibət bildirib. O qeyd edib ki, zərərçəkmişə Şengen vizası alandan sonra həbs olunub.
Bu zaman R.Hacılı məhkəmədə əsəbiləşərək şüşə qəfəsə yumruq vurub. Daha sonra o, məhkəmə zalından çıxarılıb. Proses təqsirləndirilən şəxsin iştirakı olmadan davam etdirilib.
R.Hacılının vəkili R.Əliyev iclasın təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilməsinə etiraz edib. Hakim isə vəkilə xəbərdarlıq edib.
Məhkəmədə ifadə verən digər zərərçəkmiş Pənah Hüseynli söyləyib ki, 2016-cı ilin yay aylarında ABŞ-a təhsil vizası üçün R.Hacılıya müraciət edib. O, bunun üçün təqsirləndirilən şəxsə 800 dollar verdiyini deyib: "Ora gedə bilmədiyim üçün Ramin həmin məbləği mənə geri qaytardı".
Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və "No Border Travel Agency" MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı" ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel" MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel" MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0