SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin Özbəkistana səfəri təsadüfi deyil - millət vəkili

© Official website of President of Azerbaijan Republic Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddən Ürgənc şəhərinə yola düşüb
Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddən Ürgənc şəhərinə yola düşüb - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Politoloq Özbəkistanın geostrateji əhəmiyyət daşıyan bölgədə yerləşməsinə diqqət çəkərək bu ölkənin həm Qərb, həm də Rusiya üçün xüsusi əhəmiyyətini qeyd edib.
BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Sputnik Azərbaycan Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı politoloq Elşən Manafovun və millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri onsuz da arzuolunan səviyyədə idi: "Bu münasibətlərin əsası Ulu öndər Heydər Əliyev və Özbəkistanın ilk prezidenti İslam Kərimov tərəfindən qoyulub. Sonrakı dövrlərdə də bu münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılıb".
Politoloq Özbəkistanın geostrateji əhəmiyyət daşıyan bölgədə yerləşməsinə diqqət çəkərək bu ölkənin həm Qərb, həm də Rusiya üçün xüsusi əhəmiyyətini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətləri həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlar müstəvisində dəyərləndirilməlidir: "İki ölkə arasında iqtisadi əlaqələrin artan dinamikası bu səfərdən sonra daha da güclənəcək".
Politoloq bildirib ki, Özbəkistanın Azərbaycanla birgə terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığına dair səsləndirilən fikirlər əhəmiyyətlidir: "Çünki hər iki ölkə müəyyən qədər terrorizmin təzyiqinə məruz qalıb. Azərbaycan erməni terrorizmi ilə mübarizə apardığı kimi, eynilə Özbəkistan da Əfqanıstan ərazisindən gələ biləcək terror təhlükəsi ilə mübarizə aparır. Bu baxımdan iki ölkənin təhlükəsizlik qüvvələri arasında terrorizmə qarşı mübarizədə koordinasiyalı fəaliyyətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
"Hələ SSRİ dönəmində Özbəkistan, onun ardınca isə Azərbaycan ən çox pambıq istehsal edən ölkələr idi. Düşünürəm ki, bu səfər kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Qarşılıqlı faydalı məsləhətləşmələr əsasında meliorasiya sistemində yeniliklərin tətbiqinə xeyli töhfə verə bilər. Hesab edirəm ki, bütün sahələr üzrə dövlətlər arasında inkişaf etdiriləcək əlaqələr o cümlədən Türk dövlətləri birliyi çərçivəsində əməkdaşlığın güclənməsinə xidmət edəcək", – deyə politoloq fikirlərini yekunlaşdırıb.
Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətləri tarixən yaxşı səviyyədə olub: "Azərbaycan hər zaman Özbəkistanla münasibətlərin yüksək səviyyədə olmasına önəm verib. Azərbaycan Prezidenti İlham Əliyevin indiki dövrdə Özbəkistana səfər etməsi təsadüfi deyil. Özbəkistan Mərkəzi Asiya regionunun ən inkişaf edən ölkələrindəndir. Azərbaycan və Özbəkistan inkişaf göstəriciləri baxımından bir çox sahələrdə bir-birlərini tamamlaya bilərlər. İki ölkə arasında bir çox sahələr üzrə investisiya qoyuluşunun həyata keçirilməsi üçün gözəl imkan var".
Millət vəkili qeyd edib ki, bu baxımdan Azərbaycan Prezidenti ilə bir çox biznes nümayəndələri bu səfərdə iştirak edirlər: İki ölkə arasında imzalanmış sənədlər yeni iqtisadi layihələrin gerçəkləşməsi, yeni iş yerlərinin yaradılması, büdcə daxilolmalarının artması baxımından uğurlu hesab olunur".
Aydın Mirzəzadənin sözlərinə görə, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək nümayiş etdirib:
"Özbəkistan Azərbaycanın suveren hüquqlarının müdafiəçisi kimi çıxış edib. Prezident Şavkat Mirziyoyevin Azərbaycan haqqında dediyi sözlər dost və qardaş ölkənin Vətənimizə olan münasibətidir. Özbəkistan Türkiyə ilə yanaşı işğaldan azad olunmuş ərazilərimizdə məktəb tikmək niyyətini ifadə edib. Düşünürəm ki, münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyi bir dövr üçün bunlar başlanğıc hesab edilə bilər. Bizim Türkiyə üçün işlətdiyimiz "Bir millət, iki dövlət" şüarını bu gün Özbəkistan üçün də istifadə edə bilərik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 22.06.2022
SİYASƏT
"Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini anladım, tərcüməçiyə ehtiyac qalmadı"
Xəbər lenti
0