CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdəki sirli məzarlıq hansı dövrə aiddir?

© pixabay / Jumbuk73Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Kənd sakinləri məzarlığın bir neçə min il yaşı olduğunu bildirsələr də, alimlər bununla razılaşmır.
BAKI, 21 iyun – Sputnik. Qəbələnin Həzrə kəndi yaxınlığında böyük əraziyə malik qədim qəbiristanlıq var. Buranı ziyarət edənlərin böyük marağına səbəb olan odur ki, bu cür böyük əraziyə malik qəbiristanlığın yaxınlığında yerləşən kəndlər kiçikdir.
Qəbiristanlığın bələdçisi Elman Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, yaşayış məntəqələrindəki əhali sayı ilə məzarlığın miqyası bir-birinə uyğun gəlmir. Bu da həmin ərazidə vaxtilə hansısa qədim yaşayış məntəqəsinin olduğuna işarədir.
Onun sözlərinə görə, həmin məzarlıqda çoxlu insan dəfn edilib:

"Ola bilsin ki, orta əsrlərdə hansısa xəstəliklər tüğyan edib, indiki kimi. Bəlkə də döyüşlər gedib, orada qırğın olub. Bu kəndin maraqlı tərəfi odur ki, 15 hektarlıq qəbiristanlığı var, amma ən yaxın yaşayış məntəqəsində cəmisi 450-500 nəfər insan yaşayır".

Elman Məmmədovun sözlərinə görə, Sovet İttifaqı dövründə tarix elmləri doktoru Məşədixanım Nemətova burada kiçik araşdırma aparıb.
Kənd sakininin sözlərinə görə, tədqiqatın nəticəsi hazırda heç kəsə məlum deyil:
"Bu səbəbdən də qəbiristanlıqdakı məzarların hansı tarixə aid olduğu bilinmir. Ərazidə qazıntı işləri aparılarkən tapılan küplər burada qədim yaşayış məskəninin olduğunu sübut edir".
Kənd sakininin sözlərinə görə, yaxın keçmişdə kənd yaxınlığında kanal qazılarkən yerin altından böyük küplər çıxıb:

"Ola bilsin ki, ərzaq küpləri idi. Düzdür, ekskavator onları sındırdı. Bəzən insan sümükləri olan küplər də çıxır. Sovet dövründə orada tütün sahələri olub. Suyu yönləndirəndə, qarşısını kəsib arxlara çevirəndə bunların şahidi olmuşuq. İnsan sümükləri olan küplər. Küp qəbirlər yaşı 3-4 min il əvvələ aid insan yaşayışının olmasına dəlalət edir".

Qeyd edək ki, qəbiristanlığın ərazisində iki kütləvi məzarlıq, eləcə də üzərində açar, qayçı və digər simvollar olan qəbirlər var.
E.Məmmədov deyir ki, həmin ərazinin tarixinin dəqiqləşdirilməsi üçün bu qəbiristanlıqda ciddi elmi araşdırmaların aparılmasına ehtiyac var.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə əlaqə saxladıq.
İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qəbələ antik və ilk orta əsrlər dövrü arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, qeyd olunan ərazidə XIV-XVI əsrlərə aid qəbirlər çoxluq təşkil edir və əksəriyyətinin üzərində müxtəlif şəkillər, təsvirlər, kitabələr var:

"XIV-XVI əsrlərdə yəni, Şirvanşahlar dövründə həmin ətraf ərazilərdə sıx əhali yaşayıb. Burada həmin dövrün sayılıb-seçilmiş alimləri, övliyaları dəfn edilib, türbələr salınıb. Beləcə, həmin ərazi şəhər qəbiristanlığı kimi formalaşıb. Başqa sözlə, orta əsr yaşayış yerinin qəbiristanlığı olub. İndi ora Həzrə kəndidir. Qəbiristanlığın ətrafı sıx meşə ilə əhatə olunub".

Alim onu da bildirib ki, ərazidə əvvəllər 7 türbə olub:

"Hazırda isə onlardan cəmi dördü qalıb. Məsələn, onlardan biri şeyx Bədrəddin türbəsi, digəri isə şeyx Mansur türbəsidir. Türbələrin hər birinin özünün kitabəsi var. Həmin türbələr Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Orada qəbirüstü sənduqələr də mövcuddur".

Ekspedisiya rəhbəri onu da bildirib ki, son illər qeyd olunan ərazidə tədqiqat işləri aparılmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0