CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şəkər tozu bahalaşdı - Qiymətlər

© Sputnik / Виталий Аньков / Mediabanka keçidşəkər
şəkər  - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Şəkər tozunun qiymətnin artmasının səbəblərini araşdırmağa çalışmışıq.
BAKI, 21 iyun — Sputnik. Azərbaycanda şəkər tozunun qiyməti bahalaşıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yayılan xəbərə görə, 50 kiloqramlıq şəkər tozu kisəsinin qiyməti 67 manatdan 75 manata qalxıb.
Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün topdansatış məntəqələri ilə əlaqə saxlayıb.
Binəqədi qəsəbəsində yerləşən topdansatış məntəqəsindən bildiriblər ki, hazırda "Azərşəkər"in istehsal etdiyi 50 kiloqramlıq şəkər tozunun kisəsi topdansatışda 72 manat 50 qəpikdir: "Bizdə qiymət artımı olmayıb. Qiymət 72 manat 50 qəpikdir. Ola bilər qiymətlər pərakəndə satışda bahalaşıb. Biz əvvəlki qiymətə satırıq".
Digər topdansatış məntəqəsindən isə qiymət artımının dünən axşam baş verdiyini bildirdilər. Qeyd etdilər ki, hazırda 50 kiloqramlıq bir kisə şəkər tozu 75 manatdır.
Pərakəndə satışda isə qiymətlər müxtəlifdir. Şəkər tozunun kiloqramı bəzi ərzaq mağazalarında 1 manat 47, bəzilərində isə 1 manat 50 qəpiyə təklif olunur.
Binəqədi qəsəbəsində yerləşən "Məhəllə" marketdən isə Sputnik Azərbaycan-a bildiriblər ki, artıq topdansatış məntəqələrinin çoxunda şəkər tozu bahalaşıb. Satıcı qeyd edib ki, bu gün onlar 50 kiloqramlıq şəkər tozunun bir kisəsini 75 manata alıblar.
Satıcı bunu meyvə mövsümü ilə bağlı şəkərə tələbatın artması ilə əlaqələndirib: "Qışa hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edib".
"Azersun" Holdinqdən sorğumuza sabah geniş cavab veriləcəyini qeyd etdilər.
Məlumat üçün bildirək ki, son bir ildə qlobal bazarda şəkər tozu qiymətində ciddi artım müşahidə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Ukraynada baş verənlər səbəb olub.
Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66% artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Ukrayna ətrafında baş verən hadislər isə tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb.
Həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb.
Qeyd edək ki, hazırda ətraf ölkələrdə şəkər tozunun qiyməti Özbəkistanda 1100 dollar, Qazaxıstanda 1071, Qırğızıstanda 1100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1200 dollar təşkil edir. Statistikaya əsasən Azərbaycanda şəkərin qiyməti bu ölkələrdən minimum 200 ABŞ dolları aşağıdır və məhsulların tədarükündə heç bir problem yoxdur.
***
Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.
"Unikal"ın məlumatına görə, Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı.
Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.
Qeyd edək ki, yanvar-may aylarında 14,4 min ton şəkər tozu ixrac edilib. İxrac edilən şəkər tozunun dəyəri 9,2 milyon dollar olub.
2021-ci ilin müvafiq dövründə dəyəri 16,2 milyon dollar olmaqla 31,6 min ton şəkər tozu ixrac edilib.
Dünyada şəkər tozunun qiymət aprel ayına nisbətən 1,1 faiz azalsa da, illik əsasda 12,6 faiz artıb.
Xatırladaq ki, mart ayında "Azərsun Holdinq" MMC mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirmişdi.
Şirkətlər qrupu bəyan edib ki, regionun ən böyük şəkər istehsaI müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.
"Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq", - deyə holdinq bəyan edib.
Xəbər lenti
0