Onlar pensiyaları köçəndə sevindikləri qədər də məyus olurlar
© Sputnik / Ilham MustafayevTovuzun İbrahimhacılı və Qovlar kəndində bankomat qarşısında növbə
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
Sakinlər hər ay təqaüd və maaşların kartlarına yüklənməsinə sevinirlər, lakin onu necə götürəcəklərini düşünəndə bir o qədər də məyus olurlar.
BAKI, 19 iyun — Sputnik. Tovuzun ucqar dağ kəndlərində bankomat çatışmazlığı var. Rayonun Xınna dərəsi boyu uzanan kəndlərin əksəriyyətində bu problem mövcuddur. Onlarla kənddə bankomatın olmaması sakinlərin işini çətinə salır. Onlar hər dəfə kartlarına yüklənən vəsaiti nəğdləşdirmək üçün onlarla kilometr məsafə qət edirlər. Qış aylarında vəziyyət daha da çətinləşir. Bəzən yaşlı insanlar pensiyaların almaq üçün bir neçə dəfə rayon mərkəzi və ya aran ərazidə yerləşən kəndlrə düşməli olurlar. Yaxın bankomat olan yaşayış məntəqəsi İbrahimhacılı kəndi və Qovlar şəhəri isə söşü gedən kəndlərdən 25-30 kilometr, bəzi kəndlərdən isə daha da uzaq düşür.
Sakinlər deyir ki, hər ay təqaüd və maaşların kartlarına yüklənməsinə sevindikləri qədər, onu necə götürəcəklərini düşünəndə bir o qədər də məyus olurlar. Bankomat üçün getdikdə isə bir günlük iş-güclərini buraxmalı olurlar. Rayon mərkəzindən 30 km məsafədə yerləşən Əhmədabad kəndinin yaşlı sakini Bədir Zeynalov hər dəfə pensiyasını almaq üçün əziyyət çəkdiyini söyləyib:
© Sputnik / Ilham MustafayevƏhmədabad kəndinin sakini Bədir Zeynalov
Əhmədabad kəndinin sakini Bədir Zeynalov
© Sputnik / Ilham Mustafayev
"Doxsan yaşım var. Eşidəndə ki pensiya gəlib buradan bir maşın tutub, 30-40 km rayona gedib pul alıb gəlirəm. Ora da gedəndə növbəyə rast gəlirəm. 20-30 nəfərin almağını gözləyənə kimi ayaqüstə durmaqdan ölürəm".
Abdal kəndinin sakini Nigar Zeynalova da yaxın ərazidə bankomatın quraşdırılmamasının onlara problem yaratdığını söyləyib:
© Sputnik / Ilham MustafayevAbdal kəndinin sakini Nigar Zeynalova
Abdal kəndinin sakini Nigar Zeynalova
© Sputnik / Ilham Mustafayev
“Çox çətinlik çəkirik. Gedirik Qovlara, adam çox olur. Çox vaxt növbəmiz çatana kimi bankamatda pul qurtarır. Bir də görürsən bankomat xarab olur. Gedəndə yol pulu veririk, qayıdanda veririk. Elə olur bir pensiyanı almaqdan ötrü 3 gün Qovlar şəhərinə gedib gəlirik. İstərdik ki, yaxın ərzilərdən birinə bankomat qoyulsun ki, hər ay bu əziyyəti çəkməyək”.
Abdal kəndinin digər sakini İsgəndər Rzayev öz kəndlərində vəziyyətin digər kəndlərə baxanda yaxşı olduğunu deyib:
© Sputnik / Ilham MustafayevAbdal kəndinin digər sakini İsgəndər Rzayev
Abdal kəndinin digər sakini İsgəndər Rzayev
© Sputnik / Ilham Mustafayev
“Biz yenə asfalt kənarında yaşayırıq. Yola çıxanda maşın tapmaq olur. Bizdən yuxarıda Ağacqala, Kejəvəng kəndi var. Onlar bizdən də artıq zülm çəkirlər. Ən yaxın İbrahimhacılıdır ki, burdan 20 kilometr məsafədədir. Oradakı aparat da gah işləyir, gah işləmir. Oradan Alakola enirik, Əyyubluya düşürük. Hər yer növbə olur. Məcburuq ki, 10 gün gec gedək ki rahat alaq. Heç olmasa hər kəndə qoya bilmirlərsə hər sovetliyə bir bankomat qoyulsa insanlarımız da bu əziyyətdən qurtararlar”.
Çox vaxt çətinlik çəkən yaşlı insanlara kömək edən sakinlər də olur. Belə ki, rayon mərkəzində işləyən, yaxud nəqliyyatı olan bir sakin bir neçə nəfərin kartını götürərək pullarını çıxarıb gətirir. Bu isə qarşılıqlı etibar, inam əsasında yaxın qohum-əqrəba arasında baş verir. Elə Niyaməddin Əliyev də illərdir pensiyaçı qohumlarının pullarını almasında onlara yardım göstərir:
© Sputnik / Ilham MustafayevNiyaməddin Əliyev
Niyaməddin Əliyev
© Sputnik / Ilham Mustafayev
“Bizim evdə də təqaüdçü var. Elə olur gedirik Qovlara orda pul olmur, gedirəm rayona. Mən özüm maşınımla 3-4 qohum-qonşunun kartını götürüb pulu çıxarıb gətirib verirəm”.
Bankomat çatışmazlığı ilə bağlı Tovuz rayon icra hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, ucqar dağ kəndlərində bankomat çatışmazlığından xəbərdardırlar. Rayonun 104 yaşayış məntəqəsindən cəmi 29-da bankomat quraşdırılıb. Bankomatların quraşdırılmasına gəlincə isə qurumdan bildirilib ki, bankomatların harada və hansı sayda qoyulmasını banklar özləri müəyyən edir.
© Sputnik / Ilham MustafayevTovuzun İbrahimhacılı və Qovlar kəndində
Tovuzun İbrahimhacılı və Qovlar kəndində
© Sputnik / Ilham Mustafayev
Banklar məsələyə necə münasibət bildirir?
Problemlə əlaqədar olaraq “Kapital Bank”dan bildirildi ki, bunun üçün sakinlər bankın filialına müraciət etməlidirlər. Bu zaman onların müraciətinə baxılacaq. Bankomatların yerinə görə ərazilərə baxış keçirilməlidir. Həmin ərazidə fasiləsiz olaraq elektrik enerjisi, internet normal işlək vəziyyətdə olmalıdır. Həmin ərazi bütün meyarlara cavab verərsə, bu zaman ora bankomatın yerləşdirilməsi mümkündür.
ABB-dən (Azərbaycan Beynəlxalq Bankı) sorğumuza cavab olaraq, sakinlərin bununla bağlı rəsmi qaydada Banka müraciət etmələri tövsiyə olundu. Bildirildi ki, təhlükəsizlik məsələləri, infrastruktur təminatı, müştərilər üçün əlçatanlıq və s. bu kimi amillər nəzərə alınmaqla ərazidə əlavə bankomatlar quraşdırıla bilər.