Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahilə çıxmış yelləncək - Xəzər niyə quruyur?

© Sputnik / Ilham MustafayevXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 18.06.2022
Abunə olmaq
Əmir Əliyev bildirib ki, çay sularının azalması, qlobal istiləşmə Xəzər dənizində buxarlanmanın artmasına gətirib çıxardır.
BAKI, 18 iyun — Sputnik. Xəzər dənizinin geri çəkilməsi ilə bağlı son vaxtlar müxtəlif fikirlər səslənir. Kitab mağazaları şəbəkələrindən birinin təsisçisi Nigar Köçərli dünən sözügedən məsələ ilə bağlı narahatlıq doğuran foto paylaşıb. Mərdəkanda - Xəzərin sahilində çəkilmiş şəkildən aydın olur ki, ötən il dənizin içində olan yelləncək indi quru ərazidədir. Bu, Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir. N.Köçərlinin paylaşımı sosial şəbəkələrdə yayılıb və istifadəçilər məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzərdə su balansı pozulub. Onun sözlərinə görə, Xəzərə əsas su gətirən çaylardır. Ə. Əliyev deyir ki, Xəzərə suyun 80 faizini Volqa çayı gətirir: "5 faiz isə dənizə Ural çayı vasitəsilə axır. Demək olar ki, Xəzərə suyun 90 faizi şimaldan gəlir. Azərbaycandan isə dənizə suyu Kür çayı gətirir. Son illərdə şimaldan gələn suyun 30 faizi azalıb. Bunun da səbəbi atmosferdə siklon və antisiklonların olmasıdır".
Həmsöhbətimiz bildirir ki, adətən siklonlar çox olanda yağıntı çox düşür. Antisiklonlar olduqda isə yağıntının miqdarı azalır. Ə. Əliyevin sözlərinə görə, bu isə Xəzərə axan çayların sululuq səviyyəsinə təsir göstərir. Son illərdə Xəzər dənizində suyun səviyyəsinin 1, 5 metr aşağı düşməsinin səbəbi budur. Şöbə müdiri qeyd edir ki, çay sularının azalması, qlobal istiləşmə Xəzər dənizində buxarlanmanın artmasına gətirib çıxardır.
Ə. Əliyev bildirib ki, Xəzərdə suyun nə qədər geri çəkilməsi sahilin konfiqurasiyasından asıdır. Onun sözlərinə görə, Xəzərin elə yeri var ki, orada çəkilmə az, bəzi yerlərdə isə daha çoxdur.
Ə. Əliyev qeyd edib ki, Kürün delta hissəsində, Xəzərin Abşeron-Sumqayıt istiqamətində daha çox suyun çəkilməsi müşahidə olunur: "Elə yerlər var ki, suyun geri çəkilməsi 200-300 metr, bəzi yerlərdə isə bir kiliometrə yaxın olsun. Sahil dik olduqda çəkilmə az görünür. Sahil düz olan yerlərdə isə suyun çəkilməsi daha qabarıq müşahidə olunur".
Ə. Əliyev bildirib ki, Xəzərin geri çəkilməsi dənizdəki canlıların yaşamasına da təsirsiz ötüşmür. O, bildirib ki, su geri çəkildikcə balıqların kürü tökmə yerləri də azalır: "Çünki, balıqlar kürüsünü şirin su hövzələrində, Volqada, Kürün deltasında tökürlər. Suyun azalması onların kürü tökməsinə mane olur".
Mütəxəssis bildirib ki, proqnozlara görə, Xəzərin səviyyəsi enməkdə davam edəcək.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib. Son 500 ildə dənizin ən aşağı səviyyəsi 1977-ci ildə müşahidə olunub.
Xəbər lenti
0