CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranın məlum məktəbində şagird sayı niyə belə azdır?

© Photo : Facebook / Şabran rayon Qələgah kənd ümumi orta məktəbŞabran rayonunun Qələgah kənd məktəbinin şagirdləri
Şabran rayonunun Qələgah kənd məktəbinin şagirdləri - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Ucqar kənddə kommunal problemlər məktəbdəki şagird sayına da təsir edib
BAKI, 16 iyun — Sputnik. Bu il Şabran rayonunun Qələgah kənd məktəbinin 3 məzunu olub. IX illik məktəbin məzunlarından birinin səhhətində problem yarandığından o bu əlamətdar gündə iştirak edə bilməyib. Lakin məktəb say azlığına baxmayaraq 2 məzunu üçün "Son Zəng" keçirib.
Adı çəkilən məktəbin direktoru Pərvanə Aslanova saytımıza açıqlamasında məktəbi haqda ətraflı məlumat verərək bildirib ki, ümumilikdə 2021-2022-ci tədris ilində məktəbdə təhsil alanların sayı on doqquz nəfər olub ki, onlardan doqquzu ibtidai sinif şagirdidir. Onun sözlərinə görə, on doqquz şagirddən yeddisi qızdır.
Şagird sayının az olmasının əsas səbəbindən danışan direktor bunu kənddəki vəziyyətlə əlaqələndirir: "Bizim məkəb ucqar dağ kəndidir, üç kəndin əhatəsindədir. Valideynlər də normal şərait, yaşamaq üçün daha çox rayon yerlərinə üz tuturlar. Valideynlər deyir ki, istəyirik ki, övladımızın təhsil aldığı məktəbdə şagird sayı çox olsun, sinif yoldaşları çox olsun. Qaz, su, imkan olmadığı üçün hər kəs rayonlara qaçır. Burada digər amillər də var".
"Bəzən eltilər bir-birləərinin acığına övladlarını təhsil üçün kənd məktəbindən çıxardıb rayona göndərirlər", - deyə o əlavə edib.
Direktor deyir ki, məktəb binası 2004-cü ildə tikilsə də istilik sistemi yoxdur. Qışda, soyuq aylarda otaqlar odunla isidilir: "İşçilərimiz bunadək suyu bulaqdan səhənglərə doldurub gətirirdilər. Lakin təzəlikcə su çəkilib. Qazla bağlı problemimiz isə hələlilik ki, həllini tapmayıb".
Ümumilikdə isə məktəbdəki müəllimlərin sayı səkkizdir. Direktorun sözlərinə görə, müəllimlərin hamısı MİQ imtahanından bal yığaraq işə qəbul olunanlardır. Yəni, məktəbdə müddətli müqavilə ilə çalışan müəllim yoxdur.
Dərs deyən müəllimlər arasında kənddə yaşayanlar, o cümlədən Bakıdan - Yeni Günəşlidən, Əhmədlidən, Xırdalandan, Pirallahı qəsəbəsindən gələnlər də var.
Həftənin iki günü Şabran rayonunun Qələgah kənd məktəbində təhsil vermək üçün Bakıdan uzun yol qət edən müəllimlərdən biri də Gülnarə İlyasovadır. O həftənin bazar ertəsi və çərşənbə günü səhər 06:15-də evdən çıxır, təxminən 9-a işləmiş məktəbə çatır.
Ailəli olduğu üçün rayonda qalmaq onun üçün sərfəli deyil. 26 yaşlı müəllimin ilk iş yeri elə bu məktəbdir. Artıq iki ildir ki, burada çalışan Gülnarə İlyasovanın dərs saatı 13:00-da bitir, o təxminən 16:00-dək Bakıya, ailəsinin yanına qaydır: "Bir neçə fənni tədris edirəm, dərs yüküm 11 saatdır. Yol pulu ilə birgə əmək haqqım 420 manatdır. Lakin yol pulum amma ayrılan 90 manatdan daha artıq, təxminən 120-140 manat olur".
"Hər işin bir çətinliyi var. Sadəcə buna dözmək, alışmaq lazımdır. Yolum uzaq olduğu üçün imtahan verib gələn il Bakıdakı məktəblərin birində işləmək istəyərəm", - deyə müəllim əlavə edib.
Şagirdlərinin uğurundan söz açan müəllim deyir ki, artıq məzunlar orta ixtisas məktəblərinə seçimlərini ediblər: “Məktəbimizi bitirən 3 nəfər imtahan verərək müəyyən bal toplayıblar. Onların topladıqları ballar liseyə qəbula imkan verir. Şagirdlərimizdən biri C. Naxçıvanski adına liseyə səndlərini verib, artıq komissiyadan da keçib, iyulun sonunda imtahanı olacaq”.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0