DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zəngəzur dəhlizi məsələsi RF və Aİ-nin iştirakı ilə keçən görüşlərin gündəliyindədir

© Sputnik / S.Solovyov / Mediabanka keçidZəngəzur
Zəngəzur  - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistan tərəfi dəhliz ideyasını inkar edirsə, Azərbaycan da eyni yanaşmanı Laçın dəhlizinə tətbiq edə bilər.
BAKI, 14 iyun — Sputnik. "Nəqliyyat-kommunikasiya xətləri açıldıqdan sonra Azərbaycan avtomobillərinin Ermənistan yollarında problemi olmayacaq, amma söhbət dəhlizdən getmir". Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Andranik Köçəryan deyib.
Ötən həftə Ermənistanda səfərdə olmuş Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında avtomobil nəqliyyatı dəhlizinin koordinasiyasının bu ölkələrin və Rusiyanın baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində aparıldığı və yekun mərhələdə olduğunu bildirmişdi.
Prezident İlham Əliyev isə ötən ay Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Zəngəzur dəhlizinin artıq reallıq olduğunu deyib.
Prezident bildirib ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yük daşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq:
"Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq".
Dəhlizlə bağlı bu səpkili açıqlamalar Ermənistan tərəfindən bir çox hallarda əks-reaksiya ilə qarşılanır. Ermənistan tərəfi hər vəchlə "dəhliz" anlayışına müqavimətini ifadə edir.
Bəs Ermənistan niyə dəhlizin öz ərazisindən keçməsinə qarşıdır?
Ermənilərin qorxduğu məqam
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfi dəhliz məsələsi ilə bağlı belə bir mühit formalaşdırır ki, keçən nəqliyyat vasitələri gömrük və sərhəd xidməti tərəfindən yoxlanılmayacaq və buna görə də onlar dəhlizin kimlər tərəfindən mühafizə olunması ilə bağlı narahatlıq duyurlar.
Millət vəkili qeyd edib ki, dəhlizin hər iki tərəfdən mühafizə olunmalıdır:
"İranın yaxınlığından keçən Zəngəzur dəhlizinin Ermənistan-İran sərhədini araladığını və gələcəkdə hansısa problemlərə səbəb olacağını iddia edirlər. Bu, qəsdən ortaya atılmış "blef"dir. Azərbaycan tərəfi İranla da razılığa gəldi və alternativ dəhlizin açılması İran ərazisindən də mümkündür. Yəni Ermənistan tərəfindən verilən açıqlamalar razılaşmalardan irəli gələn proseslərin yubadılmasına yönəlmiş bəhanələrdir. Onlar istəyir ki, status-kvo uzansın, ciddi qərarlar qəbul edilməsin".
Millət vəkilinin fikrincə, dəhlizin açılması və nəqliyyat kommunikasiyaları üzərindəki blokların götürülməsi təkcə Ermənistanın prioritetində olan məsələlər deyil:
"Bu proseslər qlobal səviyyədə izlənilir. Regionumuzda cərəyan edən proseslərdə hər bir ölkənin öz maraqları var. O baxımdan Ermənistanın dəhlizlə bağlı açıqlamaları daxili auditoriyaya yönəlmiş ritorika kimi qiymətləndirilməlidir", – deyə millət vəkili bildirib.
"Laçın dəhlizi"nə yanaşma
Politoloq İlyas Hüseynov deyib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyannamədə göstərilib ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunmalıdır və bu əlaqə Ermənistan ərazisindən keçməklə icra edilməlidir.
Politoloq onu da vurğulayıb ki, Azərbaycan "Laçın dəhlizi" ilə bağlı məsələni diqqətdə saxlamalıdır:
"Ermənistan tərəfi dəhliz ideyasını inkar edirsə, Azərbaycan da eyni yanaşmanı Laçın dəhlizinə tətbiq edə bilər".
Onun sözlərinə görə, Ermənistanın prosesləri uzatmasının heç bir faydası olmayacaq:
"Ermənistan prosesləri dalana dirədikcə, yubatdıqca Azərbaycan qarşısına qoyduğu konkret hədəflərin icrasını təmin edir. Cənubi Zəngəzur dəhlizi ilə bağlı İranla anlaşma memorandumunun da imzalanması bunun bariz nümunəsidir".
Zəngəzur dəhlizi üçtərəfli görüşlərin gündəliyindədir
"Həm Rusiyanın, həm Avropa İttifaqının vasitəçiliyi ilə üçtərəfli formatda keçirilən bütün görüşlərdə Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəlikdədir. Azərbaycan Naxçıvanla əlaqənin dəhliz vasitəsilə qurulmasında israrlıdır və burada hər hansı gömrük nəzarəti və rüsumlar tətbiq edilməməlidir", - deyə İlyas Hüseynov bildirib.
Politoloq bildirib ki, Ermənistan tərəfi dəmiryolu ilə bağlı məsələlərə razılıq versə də, avtomobil nəqliyyatı ilə bağlı prosesləri yubadır:
"Ermənistan müxalifəti də bu dəhliz amilindən öz məqsədləri naminə istifadə etməyə çalışır. Daxildə olan revanşist və millətçi qüvvələr bu fikirlərə dərhal reaksiya verirlər. Amma Ermənistan müxalifətinin prosesləri uğurla nəticələndirmək şansları getdikcə tükənir".
Xəbər lenti
0