CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəhrəman qazilərimizi təxribata çəkməyin - Qafqaz Müsəlmanları İdarəsi

© AFP 2023 / ASIF HASSANMüsəlmanlar namaz qılırlar, arxiv şəkli
Müsəlmanlar namaz qılırlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
Qurumdan bildirilib ki, məzhəblərarası təfriqə yaratmaq istiqamətində məqsədyönlü təxribat meyilləri müşahidə olunur.
BAKI, 14 iyun — Sputnik. Məzhəblərarası təfriqə yaratmaq istiqamətində məqsədyönlü təxribat meyilləri müşahidə olunur. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir:
"Azərbaycan dövləti dünyanın istənilən nöqtəsində İslamın müqəddəs məkanlarına, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliyə, etnik, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına hər zaman qətiyyətli etiraz səsini ucaldır. Azərbaycanın dövlət rəhbəri islamofobiya meyllərinə qarşı öz qətiyyətli mövqeyini beynəlxalq aləmdə ən uca xitabət kürsülərində – BMT-də və nüfuzlu qlobal forumlarda səsləndirir, öz ardıcıl əməlləri, səyləri ilə dini-mənəvi dəyərlərinə ehtiramını xalqımıza və dünya ictimaiyyətinə nümayiş etdirir".
Qeyd olunur ki, təəssüf ki, Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır:

"Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri - xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir".

"Azərbaycan dövləti beynəlxalq aləmdə qazandığı siyasi-mənəvi uğurlara azərbaycançılıq məfkurəsi, tarixi etnik-dini tolerantlıq ənənələri, zəngin multikultural dəyərləri ilə, dinlərarası və məzhəblərarası nadir anlaşma şəraitini bərqərar etməklə nail olmuşdur. Azərbaycan dünyada unikal ölkələrdəndir ki, dindarları məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılır, ibadət və bayram günlərini birgə keçirirlər. Xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan bu reallıq qibtə ilə yanaşı, təəssüf ki, bəzi dairələrdə qıcıq yaradır. Milli birliyimizə, daxili həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələr ölkə daxilində və xaricdən idarə olunan bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadırlar. İslam adından məkrli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə təhrif edən, dinin əsaslarından anlayışı olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəşanlıq göstərirlər. Bəlli məqsədlər naminə düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissləri, xalqın heysiyyatı ilə oynamaq haqsızlıqdır. Müqəddəs dinimiz İslam sülh, anlaşma, əmin-amanlıq dinidir. Mahiyyətində bəşəri dəyərlər duran dinimizin adından təxribatlar üçün sui-istifadə olunması yolverilməz əməl, günah işdir", - deyə müraciətdə bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0