Doxsan mindən çox məzun üçün "Son zəng" çalındı - Reportaj
13:01 14.06.2022 (Yenilənib: 13:46 14.06.2022)
© Sputnik / Zulfiyya GuluyevaYasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Sputnik Azərbaycan bütün məzunlara ali məktəbə qəbul və həyat imtahanından uğurla çıxmağı arzulayır.
BAKI, 14 iyun — Sputnik. Bu gün respublikanın ümumtəhsil məktəblərində orta təhsilini başa vuran 91 188 nəfər şagird üçün "Son zəng" çalınıb. Bakı məktəblərinin isə XI siniflərini 23 505 nəfər şagird bitirərək məzun adını qazanıb.
Bu münasibətlə ölkəmizin ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir. Sputnik Azərbaycan Bakı şəhəri, Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbirindən reportajı təqdim edir.
Təhsil ocağının stadionunda sözün əsl mənasında bayram ab-havası yaşanırdı. Məzunların məktəblər vida mərasiminə məktəbin pedoqoji heyəti ilə yanaşı onların sevincinə şərik olmaq üçün valideynləri və doğmaları da toplaşmışdı. Arzular bu dəfə məktəb dəftərinin ağ səhifələrinə yox, məzunların ağ məktəbli köynəyinə həkk olunmuşdu. Məktəbin məzunu olan Nihadın ağ köynəyinin kürəyində arzu və istəklərdən boş yer qalmamışdı. Məzunların ağ məktəbli köynəklərinə yazılan arzular isə müxtəlif idi...
© Sputnik / Zulfiyya GuluyevaYasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
© Sputnik / Zulfiyya Guluyeva
Məktəbin məzunu olan İbrahim isə bu köynəyi ömür boyu xatirə saxlayacağını söyləyir:
"On bir il idi bir yerdə deyirdik, gülürdük. Əlbəttə, sinif yoldaşlarımdan, müəllimlərimdən ayrılmaq çətindir. Amma inanıram ki, biz heç vaxt bir-birimizi unutmayacağıq. Bütün məzunlara ali məktəbə qəbul olmağı, həyatda uğur qazanmağı arzulayıram".
XI "a" sinfinin rəhbəri Təranə Həmidova isə uşaqları öz doğma övladlarından ayırmadığını bildirdi:
"Bütün şagirdlərim mənim üçün doğmadır. Onlara ilk növbədə sağ-salamat olmağı, gələcək həyatlarında uğurlara imza atmağı arzulayıram. Bir müəllim nə vaxt fərəhlənə bilər? Öz zəhmətinin bəhrəsini görəndə. Mən də zəhmətimin bəhrəsini görməyimi arzulayıram".
© Sputnik / Zullfiye GuluyevaYasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
© Sputnik / Zullfiye Guluyeva
T.Həmidova bu gün kövrək anlar yaşadığını söyləyir. Deyir ki, hissləri qarmaqarışıqdır:
"Bu gün həm sevinirəm, hərdən də kövrəlirəm. Məzunlar bizim yetirmələrimizdir. Onlar 11 il parta arxasında əyləşib bizdən təlim-tərbiyə alıblar. Onlarla bu qədər müddətdən sonra ayrılmaq, əlbəttə, kədərlidir. Amma onlar yeni həyata atılır. Gələcəkləri qabaqdadır. Mən onların uğurlarına baxıb daha da sevincəyəm".
T.Həmidovanın sözlərinə görə, bu il XI "a" sinfindən 24 şagirdi məzun olur və sinif rəhbərinin onların hamısından böyük gözləntiləri var.
© Sputnik / Zulfiyya GuluyevaYasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
© Sputnik / Zulfiyya Guluyeva
Məktəbin direktoru Elza Bağırzadə isə məktəbin hər bir məzunu ilə fəxr etdiyini bildirib. O, bu il məzunlarının göstəricilərinin daha yüksək olduğunu söyləyib. Bildirib ki, 49 məzundan 4 nəfər buraxılış imtahanlarından 200-dən çox bal toplayıb:
"Mən məzunlarıma, ən əsası, cəmiyyətimiz üçün layiqli vətəndaş olmağı arzulayıram. Daha sonra onlara istədiklərinə nail olmağı, bizi layiqli təmsil etməyi arzu edirəm".
E.Bağırzadə 11 ildə şagirdlərlə bir ailə kimi doğma olduğunu bildirdi. Məktəb direktoru söyləyir ki, məzunlarının builki göstəricilərinin yüksək olması onu və məktəbin pedoqoji heyətini sevindirir.
Məzunların "Son zəng" tədbiri bədii-hissə ilə davam etdi. Onlar çalıb-oxumaqla məktəblə vidalaşsalar da, hər birinin kövrək olduğu simasından hiss olunurdu. Məzunlar bildirdi ki, "Son zəng" hər bir məzunun həyatında bir dəfə baş verdiyi üçün bu günü qeyd etmək mütləqdir.
© Sputnik / Zulfiyya GuluyevaYasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
© Sputnik / Zulfiyya Guluyeva
Bu il ötən ildən fərqli olaraq birincilər də "Son zəng" tədbirində iştirak edirdi. Bu gün birincilərin çaldığı "Son zəng" isə ancaq məzunlar üçün idi. Onların özünü isə qarşıda hələ 10 illik təhsil dövrü gözləyir.
Biz isə məzunlara ali məktəbə qəbul və həyat imtahanından uğurla çıxmağı arzulayaraq məktəbi tərk etdik...
© Sputnik / Zulfiyya GuluyevaYasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə "Son zəng" tədbiri
© Sputnik / Zulfiyya Guluyeva
Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
Daxili İşlər Nazirliyi valideyn və məzunlara müraciət edib.
Müraiciətdə deyilir: "Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.