Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana ən çox pul hansı ölkələrdən köçürülüb - CƏDVƏL

Abunə olmaq
Xaricdən Azərbaycana göndərilən pulların həcmi artıb. Ölkəmizdən xaricə pul köçürmələrinin həcmi də yüksəlib
BAKI, 14 iyun - Sputnik. Fiziki şəxslərin xaricdən Azərbaycana pul köçürmələri artıb. Cari ilin yanvar-mart aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri ümumilikdə 239.97 milyon dollar olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,3 milyon dollar və ya 5,9% çoxdur.
Azərbaycana ən çox pul Rusiyadan köçürülüb
Mərkəzi Bankın statistikasına görə, birinci rübdə Azərbaycana ən çox pul Rusiyadan köçürülüb. Fiziki şəxslər tərəfindən göndərilən pulun məbləği 99,70 milyon dollar olub. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyadan pul köçürmələrində azalma var. Başqa sözlə, Rusiyadan Azərbaycana pul köçürmələrində 20,2 milyon dollar və ya 16,9% azalma var. 2021-ci ilin ilk rübündə Rusiyadan Azərbaycana 119,9 milyon dollar məbləğində pul köçürülmüşdü. Fiziki şəxslərin bütün köçürmələrinin 41,5%-i (2021-ci ilin ilk rübündə xüsusi çəki 52,9%) Rusiyadan həyata keçirilib.
ABŞ-dan gələn pullar da artıb
İlk rübdə Azərbaycana ən çox pul göndərilən ikinci ölkə ABŞ olub. ABŞ-dan pul daxilolmaları 21 milyon dollar və ya 2,7 dəfə artaraq 32,88 milyon dollar təşkil edib.
Türkiyə 3-cü yerdədir
Azərbaycana ən çox pul köçürülən üçüncü ölkə Türkiyə olub. Türkiyədən də pul köçürmələrində artım var. Hesabat dövründə Türkiyədən ölkəmizə pul köçürmələri 3,4 milyon dollar və ya 7,1% artaraq 23,42 milyon dollar olub. Ötən ilin ilk rübündə isə Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən 20 milyon dollar pul daxil olmuşdu.
Ən çox pul köçürmələr üzrə dördüncü yerdə Almaniya gəlir. Almaniyadan Azərbaycana pul daxilolmaları kəskin artıb. Belə ki, ilk rübdə Almaniyadan ölkəmizə pul köçürmələri 12,14 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon dollar və ya 2,4 dəfə çoxdur.
Beşinci yerdə isə Qazaxıstan gəlir. İlk rübdə Qazaxıstandan Azərbaycana 7,89 milyon dollar məbləğində pul köçürülüb. Lakin hesabat dövründə Qazaxıstandan ölkəmizə pul daxilolmalarında azalma (0,1 milyon dollar və ya 1,5% azalma) var.
Ölkəmizdən xaricə pul köçürmələrinin həcmi də yüksəlib
Hesabat dövründə fiziki şəxslər tərəfindən Azərbaycandan xaricə pul köçürmələrinin həcmi də 24,3% artaraq 151,548 milyon dollara çatıb.
Azərbaycandan ən çox pul Türkiyəyə göndərilib
İlk rübdə Azərbaycandan ən çox pul Türkiyəyə göndərilib. Ölkəmizdən Türkiyəyə 22,1% artımla 40,93 milyon dollar pul köçürülüb. Hesabat dövründə Azərbaycandan bütün köçürmələrin 27%-i (2021-ci ilin ilk rübündə 27,5%) Türkiyənin payına düşüb.
Ən çox pul göndərilən ikinci ölkə Rusiyadır
Hesabat dövründə Azərbaycandan ən çox pul göndərilən ikinci ölkə Rusiya olub. Fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya pul köçürmələri 20,68 milyon dollar təşkil edib. Lakin pul köçürmələrində 20,3% azalma qeydə alınıb.
Ölkəmizdən xaricə pul köçürmələri üzrə sonrakı yerləri isə Gürcüstan, ABŞ və Böyük Britaniya tutur. Hesabat dövründə Gürcüstana 15,72 milyon dollar pul köçürülüb. Lakin pul köçürmələrində 5,9% azalma var. ABŞ-a 14,91 milyon dollar pul köçürülüb (58,6% artım). Böyük Britaniyaya isə 12,76 milyon dollar pul göndərilib (2,5 dəfə artım).
Xəbər lenti
0