Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir qurum avtobus qəzası ilə bağlı məlumat yaydı

© Official website of President of Azerbaijan Republic Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.
BAKI, 13 iyun - Sputnik. TƏBİB məlum qəza ilə əlaqədar məlumat yayıb.
Məlumatda deyilir: "Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.
Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.
Vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib. Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək, belə bir addım atıb.
Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir".
***
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində - Şamaxının "Acı dərə" deyilən ərazsindən keçən hissəsində qeydə alınıb:
"Belə ki, sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda araşdırmalar davam edir".
"Bəzi saytlar məlumat yayıb ki, hadisə zamanı ölum halı qeydə alınıb. Bir daha qeyd edirik ki, hadisə nəticəsində ölum halları baş verməyib. Bu, həqiqəti əks etdirmir", - İdarənin açıqlamasında qeyd edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər.
Səhər saatlarına olan məlumata görə, Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir.
Yüngül xəsarət alanlar müvafiq tibbi yardım və müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.
Qeyd edək ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub.
Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmələri zəruridir.
***
İyunun 12-də gecə saatlarında Şamaxıda avtobus yol qəzasına düşüb. İlkin məlumata görə Qəbələdən Bakı istiqamətində hərəkətdə olan avtobus Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində yol qəzasına düşüb.
Yolun kənarında olan dəmir məhəccərə çırpılan avtobusdan bir neçə sərnişin yolun kənarına düşüb.Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.
Faktla bağlı araşdırma aparılır
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0