CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görmə məhdudiyyətli azərbaycanlı musiqi müəllimi analoqu olmayan kompüter proqramı qurub

© Sputnik / Valery Melnikov / Mediabanka keçidPlanşet
Planşet - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
"Elnur TTS" proqramı vasitəsilə görmə məhdudiyyətli şəxslər rahat ünsiyyət qura bilirlər.
BAKI, 12 iyun — Sputnik. Cəmiyyətin ən həssas təbəqəsi məhz müəyyən fiziki məhdudiyyəti olan şəxslərdir. Digərlərindən fərqli olaraq, müasir texnologiyalar bəzən onlar üçün əlçatan olmur. Müəyyən proqramlar da hazırlanarkən cəmiyyətin ən həssas təbəqəsi bəzən nəzərə alınmır.
Görmə məhdudiyyətli, ixtisasca musiqi müəllimi olan Elnur Səmədov telefondan istifadə edərkən müəyyən çətinliklərlə qarşılaşır. O, görmə məhdudiyyətli şəxslərin texnologiyaya əlçatanlığını, rahatlığını təmin etmək üçün proqramçı kimi çalışır. Kodlaşma dilini öyrənir və beləcə, 2 il üzərində işlədiyi "Elnur TTS" (Text to Speech) proqramını tamamlayır.
1-ci qrup gözdən əlil Elnur Səmədov 15 yaşından tədricən görməsini itirməyə başlayıb. 31 yaşlı müəllim deyir ki, bu proqram vasitəsilə görmə məhdudiyyəti olan şəxslər ekrana toxunmaqla orada yazılan hər bir məlumatı səsli şəkildə əldə edə biləcəklər:
"Bunadək biz yalnız Türkiyə türkcəsi, digər dillərdən istifadə edirdik. Türkiyə türkcəsi bizim dilə yaxın olsa da, bəzi hərflərin olmaması çətinlik yaradırdı. Beləcə, təkbaşına bu proqram üzərində işləyərək onu ərsəyə gətirdim".
Elnur Səmədov deyir ki, mətni səsə çevirən müxtəlif proqramlar olsa da, real zamanda, Azərbaycan dilində veriləcək əmri icra edən proqram yox idi:
"Bu applikasiyada öz səsimdən istifadə etmişəm. Bunun üçün 2-3 minlik cümlə səsləndirmişəm ki, proqram səsimi tanısın. Artıq dostlarım da proqramdan istifadə edir, onu çox bəyənirlər. Dostlarım bu proqramın "Google" tərəfindən tanınmasını da istəyirlər".
10 ildən artıqdır ki, proqramist olaraq daha çox biliyə yiyələnməyə çalışan Elnur Səmədovun hazırladığı applikasiya "Android" telefonlar və komputerdə "Windows" tərəfindən tanınaraq qəbul olunur: "Beləcə, görmə məhdudiyyətli şəxs heç kəsə möhtac olmadan hamı ilə rahatca mesajlaşa bilirlər".
Qeyd edək ki, Elnur Səmədov uşaq yaşlarından, təxminən 20 ildir ki, musiqi ilə məşğuldur. O, Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Musiqi müəllimi" ixtisasını bitirib, tanınmış bəstəkar Nailə Mirməmmədlinin tələbəsi olub. Hazırda Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə musiqi dərsi deyir. Həftənin 3 günü yaxınlarının köməkliyi ilə Binəqədidən Ramanaya gedib-gəlir. Görmə qabiliyyətini sonradan itirdiyi üçün sərbəst gəzmə kompleksi var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0