CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Naxçıvan reysi üzrə qiyməti kim bahalaşdırıb? AZAL günahı boynundan atsa da...

© Photo : AZALAZAL təyyarəsi, arxiv şəkli
AZAL təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Ekspert bildirib ki, AZAL-a dotasiyanın azaldılmasının ziyanı sonda sərnişinlərə dəyib. Şirkət hesablamalarını ictimayyətə açıqlamaldır.
BAKI, 12 iyun — Sputnik. Bir neçə gün əvvəl Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" qərarda dəyişiklik edib. "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik qiymət artımına səbəb olub. Belə ki, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə iyunun 6-dan etibarən güzəşt məbləği 10 manata endirilib. Əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 50 manatdan 60 manata qalxıb.
Sərnişinlər narazıdır!
Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuş qiymətinin 60 manata qalxması birmənalı qarşılanmayıb. Sosial platformada qiymət artımına narazılıq ifadə olunan fikirlər yer alıb. Naxçıvan sakini Günel Ağazadə bildirib ki, artıq onların ailəvi şəkildə Naxçıvana gedib-gəlməyi 500 manat xərc tələb edir.
Naxçıvan sakini Çingiz Özgür isə bildirib ki, İğdırdan İstanbula təyyarə bileti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysindən daha ucuzdur:

"İğdırdan İstanbula təyyarə bileti 40-50 manat, məsafə isə bundan iki-üç dəfə çoxdur".

AZAL qiymət artımını belə şərh edir
Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qiymətdəki dəyişiklik əsaslandırılıb. Bu Nazirlər Kabinetinin güzəşt məbləğinin 10 manata endirilməsi ilə bağlıdır.
P.Kəsəmənski onu da qeyd edib ki, qərar AZAL tərəfindən yox, Nazirlər Kabineti tərəfindən verilib.
© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli  - Sputnik Azərbaycan, 1920, 11.06.2022
İqtisadçı-ekspert Natiq Cəfərli
Sərnişinin daşıma dəyərini AZAL hesablayıb
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir sərnişinin Bakıdan Naxçıvana daşınma dəyəri əvvəldən AZAL tərəfindən hesablanıb. AZAL tərəfindən Nazirlər Kabinetinə müraciət olunub ki, bir sərnişinin daşınması daha baha qiymətə gəlir:

"Nazirlər Kabinetinə AZAL tərəfindən məlumat verilib ki, hər sərnişinə 20 manat məbləğində dövlətdən dotasiya ayrılarsa biletlərin qiyməti adambaşına 50 manat ola bilər. Amma AZAL bir sərnişinin daşınma xərcinin necə hesablandığı ilə bağlı heç bir açıqlama vermir. Halbuki AZAL maya dəyərinin necə hesablandığı, hansı xərclərin ora daxil edildiyini əsaslandırmalıdır. Bu gün Gürcüstandan Avropa ölkələrinə bir sərnişinin daşınma xərci 30-40 avro təşkil edir. Amma Bakıdan Naxçıvana məsafə daha yaxın olsa da sərnişindaşıma baha həyata keçirilir. AZAL bununla bağlı açıqlama verməlidir. Əks halda özündən qiymət müəyyən etməsi qəbuledilməzdir".

Olan yenə də sərnişinə oldu
N.Cəfərli deyir ki, Azərbaycanda dövlət şirkətlərinə ayrılan dotasiyanın azaldılması ilə bağlı ümumi qərar var. Bunun tərkib hissəsi kimi AZAL-a ayrılan dotasiyanın azaldılması nəzərdə tutulub. Amma iqtisadçı onu da bildirir ki, bunun zərbəsi sərnişinlərə dəyir. Çünki, sonda dotasiyanın azaldılması güzəştin bir hissəsinin ləğv olunmasına, biletin qiymətinin artmasına gətirib çıxarıb.
Uçursuz, uçun, uçmursuz...
N.Cəfərli deyir ki, quru sərhədlərin bağlı olması insanları AZAL-dan asılı vəziyyətə salır:

"Quru sərhədlər açıq olanda insanlar İran vasitəsilə avtomobillə Naxçıvana gedib-gələ bilirdilər. Amma pandemiya səbəbindən bu imkanlar da məhdudlaşıb. Bu gün Naxçıvana gedib-gəlmək üçün yeganə vasitə AZAL-ın xidmətindən istifadə etməkdir. Təbii ki, bu, insanların xərcinin artmasına gətirib çıxarır. Bir ailədən dörd nəfər Naxçıvana səfər edərsə, bu, ailə büdcəsinə ciddi mənfi təsir göstərəcək. Ona görə də AZAL hesablamalarını ictimayyətə açıqlamaldır. Çünki, bu qurum dövlət təşkilatıdır. AZAL-a ayrılan dotasiya dövlət büdcəsindən, dolayısı yolla vətəndaşların vergisindən formalaşır. Ona görə də qiymətlərə yenidən baxılmalıdır".

Məlumat üçün bildirək ki, hazırda bir sərnişinin Bakı-Naxçıvan hava reysi ilə daşınma qiyməti 60 manatdır. Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulmuşdur.
İki yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0