Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanın gələcəyi gənc müəllimlərdən asılıdır - Təhsil naziri

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Abunə olmaq
Bakıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkil etdiyi Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300 müəllim iştirak edib.
Bakı, 11 iyun — Sputnik. Bakıda Gənc Müəllimlər Assosiasiyasının II Forumu keçirilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkil etdiyi tədbirin məqsədi müəllimlərin bacarıqlarının artırılmasıdır. Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300 müəllim iştirak edir.
Forumda təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə iştirak edib.
Təhsil naziri Emin Əmrullayev Gənc Müəllimlərin II Forumunda çıxışı zamanı bildirib ki, pandemiya dövründə müəllimlərimiz, xüsusilə yaşlı nəslin nümayəndələri fədakarlıq göstərdilər.
© Sputnik / Murad OrujovEmin Əmrullayev
Министр образования Азербайджанской Республики Эмин Амруллаев - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Emin Əmrullayev
E.Əmrullayev müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən söz açıb.
Nazir cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Müəllimlərin hazırlanmasında metodoloji problemlərin olduğunu qeyd edən Əmrullayev bildirib ki, hər il 7 minə qədər şəxs təhsil sistemində işə götürülür:

“Azərbaycanda müəllimlərin yaşı gəncləşir. Həyatımızda, təhsil sistemində sürətli dəyişikliklər baş verir. Müəllimlər də bu dəyişikliklərin öhdəsindən gəlməyi özünə borc bilməlidir. Azərbaycanın gələcəyi müəyyən mənada gənc müəllimlərdən asılıdır. Müəllimlər də öz məsuliyyətini dərk etməli və cəmiyyətdəki rol modelini anlamalıdır”.

Emin Əmrullayev onu da vurğulayıb ki, son illərdə Azərbaycanda ən çox əməkhaqları artan şəxslər müəllimlərdir:

“Narahatlıq doğuran bir neçə məsələ var. Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlərin hazırlanmasında metodoloji problemlər var. Bu, təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetinə aid deyil, burada institusional olaraq bu Universiteti qeyd edirəm. Müəllim fənn biliyini dərindən qavramalı, bilməlidir. Amma onunla yanaşı, pedaqoji bacarıqları olan və şagirdlərin psixologiyasını anlayan müəllimlər olmalıdır. Biz müəllim hazırlığında riyaziyyatçı yox, müəllim hazırlamalıyıq".

Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb. Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa, elmi iş yoxdur:
“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.
Forumda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin ifası və dəyərli spikerlərin müxtəlif məzmunda çıxışları olub.
Tədbir gənc müəllimlərin çıxışları və tədris təcrübəsi ilə fərqlənən müəllimlərin təltif olunması ilə yekunlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0