Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qadınlarımız heç bir arxa-dayağı olmadan da sahibkara çevrilə bilər - Assosiasiya rəhbəri

© Sputnik / Zulfiyya GuluyevaSəkinə Babayeva
Səkinə Babayeva - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Assosiasiya rəhbəri qadınların rəqəmsal və marketinq sahəsində rolunun artırılmasına ehtiyac olduğunu söyləyib.
BAKI, 9 iyun — Sputnik. Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti, onların qarşılaşdığı problemlər, çıxış yolları Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva ilə birgə müzakirə olunub.
S.Babayeva bildirib ki, son illər qadınların sahibkarlığa təşəbbüs göstərməsi müsbət haldır. Onun sözlərinə görə, hazırda Azərbaycanda bəzi sahələrdə iş qurmağa qadın sahibkarlar daha çox maraq göstərir. Bu sahələrə estetik-tibbi mərkəzlər və özəl uşaq bağçaları daxildir:
"Azərbaycanda qadınların estetik-tibb sahəsində sahibkarlıq fəaliyyətinə daha çox rast gəlinir. Estetik klinikaların çoxunun sahibkarı qadındır. Sənayedə qadınların sahibkarlıq fəaliyyəti isə zəifdir. Biz hesab edirik ki, rəqəmsal və marketinq sahəsində qadınların rolunu artırmağa ehtiyac var".
S.Babayeva onu da qeyd edib ki, kənd təsərrüfatında da qadın sahibkarların rolu daha çox hiss olunur. Amma elm sahəsində qadınların iştirakı artırılmalıdır.
Qonaq onu da bildirib ki, qadınların sahibkarlıqla məşğul olmasına bəzən mental dəyərlər mane olur. Bir qisim qadınlar isə övladının olmasını sahibkarlıqla məşğul olmağa çətinlik kimi qəbul edir:

"Bəzən olur ki, qadın iş qurmaq istəyir, amma valideynlərin təpgisi ilə qarşılaşır. Bir yandan qadın sahibkar olmaq istəyir, digər tərəfdən isə təşəbbüsünü dəstəkləyən tapmır. Assosiasiya tərəfindən qadınların sahibkara çevrilməsi istiqamətində dəstək göstərilir. Bu istiqamətdə təlimlər keçirilir".

Assosiasiya rəhbəri bildirib ki, hazırda 200 minə yaxın azərbaycanlı qadın sahibkarlıqla məşğul olur, onların təxminən 20%-i səhiyyə sektorunda, xüsusilə estetik, sənaye və ginekologiya sahələrində öz biznesini açıb".
İşləmək istəyən xanımlar üçün tövsiyələr
Təşkilat rəhbəri həmçinin işgüzar olmaq istəyən qadınları məsləhətlə kömək edə biləcək və bizneslərinin başlanğıcında onlara düzgün istiqamət göstərə biləcək bir mentor tapmağa səsləyib.
S.Babayeva bildirib ki, Azərbaycanda heç bir arxa-dayağı olmadan da sahibkara çevrilmək mümkündür:

"Azərbaycanda qadınların sahibkara çevrilməsi üçün şərait var. Ölkəmizdə torpaq belə insanlara pulsuz, dövlət tərəfindən verilir. Regionlarda yaşayan qadınlar bundan yararlanıb kənd təsərtrüfatı sahəsində sahibkara çevrilə bilərlər".

O, çoxsaylı belə nümunələrin olduğunu bildirib. Assosiasiyanın rəhbəri qeyd edib ki, rəhbərlik etdiyi təşkilat mütəmadi olaraq öz biznesinə başlayan qadınlar üçün treninqlər, seminarlar keçirir:
"2017-ci ildən indiyədək 1200-dən çox belə tədbir keçirilib. Biz regionlarla da fəal əlaqə saxlayırıq və qadınları mərhələli şəkildə öyrətməyə çalışırıq. Qadın biznesə başlayandan sonra da Assosiasiyamız 3 ay ərzində onun biznes fəaliyyətinə nəzarət edir", - deyə Babayeva bildirib.
S.Babayeva Assosiasiyaya müraciət edən qadınlardan heç bir təmənna güdülmədiyini, onlardan ilk aylarda üzvlük haqqı belə tələb olunmadığını söyləyib:
"Təşkilat bizneslə məşğul olmaq istəyən hər bir xanımla öz təcrübəsini bölüşməyə hazırdır. Yetər ki, qadınların buna istəyi və əzmi olsun!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0