Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dünya kimya elminə öz töhfəsini verən Azərbaycan kəndi: Sədası Avropadan gəlir

Abunə olmaq
Tovuz rayonunun Çobansıxnaq kəndindən çıxan kimya alimlərinin sorağı Moskva və Lissabon universitetlərindən gəlir.
200-dən artıq ailənin yaşadığı kənddə demək olar ki, hər evdə kimyaçı yaşayır. Kiçik dağ kəndi olmasına baxmayaraq buradan 4 kimya elmləri doktoru, 10 elmlər namizədi, 150-dən artıq isə kimya üzrə təhsil almış şəxs çıxıb. Söhbət Tovuz rayonunun Çobansıxnaq kəndindən gedir. Sakinlər artıq 50 ildir kimyaçılar yetişdirən bu kəndin kimya sahəsində uğurlarını hazırda təqaüddə olan elmlər doktoru, kənd müəllimi Talıb Mahmudova borcludurlar.
Vaqif Kazımov adına Çobansıxnaq kənd orta məktəbinin müəllimi Vuqar Kazımov Sovet dövründən qalan ənənənin bu gün də davam etdirildiyini söyləyib:
"Məktəbimizdə kimya elminin inkişafı həmişə yüksək səviyyədə olub. Məktəbdə 156 şagird var ki, onlar da məktəbi bitirdikdən sonra əksəriyyəti kimya elminə yaxın ixtisaslara üz tuturlar. Qəbul imtahanlarında demək olar hamısı kimya fənninin suallarından 100 faizlik nəticə əldə edirlər. Bu səbəbdəndir ki, hər evdə kimyaçı var".
Şagirdlər də müəllimlərinin əziyyətini yüksək qiymətləndirərək bu fənni seçirlər. Məktəbin 11-ci sinif şagirdi Gündüz Ələkbərovun sözlərinə görə, laboratoriyada reaksiyaların canlı göstərilməsi onların marağını daha da artırır:
"Uşaqlıqdan marağım kimya-fizika fənlərinə olub. Müəllimlərimə də təşəkkür edirəm ki, onların yaxşı fəaliyyəti məndə həvəs yaradıb. Sinaqlarda iştirak edirəm. Yaxşı nəticələr olub. Məktəbimizdə yaxşı laboratoriyamız, hər cür şəraitimiz var. O reaksiyaları, nümunələri laboratoriyada canlı-canlı görürük və bu həvəsimizi daha da artırır. Bu səbəbdən də imtahanlarda yaxşı nəticələr əldə edə bilirik".
Bütün bu nailiyyətlərin səbəbkarı olan Talıb Mahmudov hazırda təqaüddə olmasına baxmayaraq, məktəblə əlaqəni kəsmir. Mütəmadi olaraq məktəbə gələrək qurduğu laboratoriyada kimya elminin incəliklərini əyani olaraq kənd məktəblilərinə göstərir. Onun aldığı elmi adlar və fəxri fərmanlar Azərbaycanda demək olar ki, çox az şəxsə qismət olub. Tələbələrinin belə yüksək nəticələr verməsini isə Talıb müəllim belə əlaqələndirib:
"Bir var, tingi məhsuldar torpağa basdırasan, bir də var, qida maddələri az olan torpağa. Mənim də bəxtim onda gətirib ki, müəllim kimi işə başlayanda potensiallı şagirdlərlə qarşılaşdım və onlarla işlədikcə nəticələr əldə edib daha da həvəsləndim. Nəticədə tələbələrim Azərbaycan, eləcə də dünya elminə bir çox töhfələr verdi. İndi bu balaca kənddə 10 nəfər elmlər namizədi, mən də daxil 4 nəfər elmlər doktoru var. Tələbələrimdən Moskva Dövlət Universitetinin, Lissabon Universitetinin, Bakı Dövlət Universitetinin professorları var. Xarici ölkələrdə kitabları çap olunur. Ona görə də bu kəndə "kimyaçılar kəndi" adını veriblər".
Talıb Mahmudovun başlatdığı ənənə bu gün də davam edir. Hər il məktəbi bitirən məzunların onundan səkkizi kimyayönümlü ixtisaslara üstünlük verirlər.
Xəbər lenti
0