Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Travmalı toplumda yaşayırıq, ona görə də uşaqları unutmuşuq"

© AFP 2024 / ERIC CABANISUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Son illər ölkədə uşaq filmləri çəkilmədiyindən, TV-lər də köhnə uşaq filmlərinə az yer ayırdığından şagirdlər tətillərdə başlarını mobil telefonla, planşetlə qatır, ya da kabel televiziyalarından yaşlarına uyğun olmayan filmlərə, seriallara və ya proqramlara baxırlar.
BAKI, 1 iyun — Sputnik. Sovet dönəmində lentə alınan "Asif, Vasif, Ağasif", "Qaraca qız", "Mən mahnı qoşuram", "Qərib cinlər diyarında", "Şərikli çörək", "Ögey ana", "Skripkanın sərgüzəştləri", "Bir qalanın sirri", "Sehrli xalat" kimi uşaq filmlər bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılır. Bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür. Amma qloballaşan dünyamızın uşaqlarını bu filmlərə cəlb etmək mümkünsüzdür. Son illərdə az-çox müxtəlif mövzularda filmlər çəkilsə də uşaqlardan bəhs edən filmlər çəkilmir. Bunun səbəbi nədir? Elə bu sualı kino mütəxəssislərinə yönəltdik.
Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzov bildirir ki, sovet dönəmindən sonra, 90-cı illər və 2000-ci illərin əvvəlləri Azərbaycan kinosunun tənəzzül dövrü olub. Qarabağ hadisələrinə görə həmin dönəmdə çox az film çəkilib: "Son 10-15 ildir ki, dövlətimiz kinematoqrafiyaya diqqət ayırmağa başlayıb. 1998-ci ildə "Kinematoqrafiya haqqında" qanun qəbul olundu. Bu qanun qüvvəyə mindikdən sonra kino istehsalı qismən bərpa olunmağa başladı. Amma uşaqlar hələ yada düşmür. Uşaq filmi çəkmək rejissordan xüsusi peşəkarlıq tələb edir. Bu problemin subyektiv tərəfləri də var. Uşaqlarla işləmək həddindən artıq professionallıq və səbr tələb edir. Hər bir rejissor da buna hazır deyil".
Kinooperatorun sözlərinə görə, Moskvada, Kino institutunda uşaq və gənclər filmlərinin rejissor emalatxanası var idi: "Həmin emalatxanaya kinorejissor Yuri Çulyukin rəhbərlik edirdi. Çulyukin özü də uşaq və gənclər üçün filmlərin rejissoru idi. O, bu sahə üzrə rejissorlar yetişdirirdi: "Mənim təsvir rejissoru olduğum "Bəxt üzüyü", "Qaynana", "Yalan", "Arxada qalmış gələcək" filmlərində azyaşlılar rol alıb. Onlarla işləməyin nə qədər çətin olduğunu iş prosesində anlamaq olur. İndiki rejissorların buna səbri çatmır".
Dublyaj aktyoru, rejissor Kamal Yaşar bildirir ki, bizdə nəinki uşaqlar haqqında film çəkilir, çəkilmiş filmləri belə dublyaj edənlər böyüklərdir: "ANS-in "Balans" studiyası var idi. Orada uşaqlar üçün filmlər dublyaj olunurdu, cizgi filmləri çəkirdilər. Uşaqlarla işləmək çətindir. Bu əziyyətə heç kəs qatlaşmaq istəmir. Azərbaycanın ilk tammetrajlı animasiya filminin ssenarisi yazılıb. Ümid eləyik ki, nəsə bir iş ortalığa çıxara biləcəklər".
Aktyor başqa bir problemi də dilə gətirdi. Onun sözlərinə görə, bizim televiziyaların ən böyük problemi uşaq verilişinin olmamasıdır. Çünki, bunun üçün məsuliyyət, zövq tələb edilir: "Travmalı toplumda yaşayırıq. O qədər böyümüşük ki, guya biz uşaq olmamışıq. Ona görə də uşaqları unutmuşuq. Çünki, özümüz də uşaqlığımızı yaşamamışıq. Bizim uşaqlığımız müharibə dönəminə təsadüf elədi, biz uşaqlığımızı doya-doya yaşamadıq".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyevin sözlərinə görə, uşaqlarla işləmək xüsusi yanaşma tələb edir: "Uşaq psixologiyası yetkin insan psixologiyasından xeyli fərqlidir. Ona təsir mexanizmi də fərqli olmalıdır. Bəzən deyirlər ki, "uşağı necə ağlatdılar?" Bəzən texnikası zəif olan aktyor da tələb olunan vəziyyəti çatdıra bilmir. O ki qaldı uşaq. Uşaqlar inciməsinlər. Bəzən biz heyvanlara tətbiq etdiyimiz üsulları uşaqlara da tətbiq edirdik. Biz elə bir vəziyyəti yetişdirirdik ki, uşaq həmin reaksiyanı verirdi. Uşaqlar fərdi yanaşma tələb edir. Məsələn, biz bilirik ki, uşaq nəyə ağlaya bilər".
Həmsöhbətimiz əlavə edir ki, bütün bunlardan başqa, filmi lentə alan operatordan da cəldlik tələb olunur. Professor öz şəxsi praktikasından söz açıb: "Uşaqlarla işləmək üçün müşahidə kamerasından istifadə edirdik. Uşaqlarla dost olurduq, onları özümüzə öyrəşdirirdik. Bunun əsasında biz işləyə bilirdik. Məsələn, biz "Fədakar" filmini çəkəndə uşaq və yeniyetmələri dəvət etmişdik. Onlarla işləmək elə də asan deyil. Və yaxud da "Çölçü" filmində Cavidanla (çölçünün uşağı) işləmək xüsusi bacarıq tələb edirdi. Onun reaksiyalarını almaq çox çətin idi.
R.Quliyev qeyd edir ki, həmin filmin çəkilşi zamanı bəzən dəvə ilə işləmək daha rahat olurdu, nəinki uşaqla. Çünki uşağı daha yaxşı tanımaq lazımdır: "Məsələn, uşağa təzyiq göstərmək olmaz. Uşağa qarşı adi bir yanlış münasibətlə uşaq küsər, gedər. Filmin də yarısı çəkilib. Onda nə etməli? Bu, o qədər böyük zəhmət tələb edir ki, hər müəllif də bu əziyyətə qatlaşmaq istəmir".
Rejissor, prodüser Orxan Mərdan təəssüf hissi ilə qeyd edir ki, yerli televiziyalar uşaqlarla bağlı hər şeydən imtina ediblər. Uşaqlarla bağlı nə film, nə cizgi filmi, nə də veriliş hazırlamağa maraqlı deyillər: "Mən özəl telekanlları nəzərdə tutmuram. Özəl televiziyaları bu məsələdə qınaya bilmərəm. Çünki, onları buna heç kim məcbur edə bilməz. Amma ən azından İctimai Televiziya və AzTV uşaqlar haqqında veriliş hazırlamalıdırlar. Çünki, dövlət onlara büdcə ayırır. Həm də onlardan heç kəs reytinq istəmir. Uşaq verilişi deyəndə "salam, əziz uşaqlar, bu gün sizə filan nağılı danışacağıq" tiipli verilişi nəzərdə tutmuram. Biz o verilişlərə baxırdıq. Amma bu gün mənim oğlum və onun kimi digər uşaqlar o verilişə baxmayacaq".
O.Mərdanın sözlərinə görə, televizyalar filmlər də, cizgi filmləri də çəkə bilərdilər. Televiziyalar bunu etməlidirlər ki, uşaqlarımız Azərbaycan dilində danışmağı öyrənsinlər. Xarici ölkələrin praktikasından istifadə edərək, uşaqları öz dilimizdə danışmağa sövq edə bilərik: "Bu məsələdə Mədəniyyət Nazirliyi də məsuliyyət daşıyır. Amma bir məsələ var, tutaq ki, nazirliyin sifarişi ilə filmlər çəkildi, o filmlər harada nümayiş olunacaq? Biz pis-yaxşı öz dilimizdə danışa bilmişik. Nə qədər rusdilli mühitdə bizə "çuşka" deyilsə də, biz çalışırdıq öz dilimizdə səlis danışaq. Amma indiki uşaqlar ya türk, ya rus, ya da ingilis dilində danışırlar. Çünki o uşaqlar cizgi filminə o dillərdə baxır. Mənim oğlum ingilis dilində danışır. Bəzən mən fikirimi ona öz dilimizdə izah edə bilmirəm. Bu, 10-15 ildən sonra böyük problemə çevriləcək və qarşısı alına bilməyəcək. Bu bir növ həm də vicdan məsələsidir".
Uşaq yazarı Aygün Bünyadzadə deyir ki, hazırda nəinki Azərbaycanda, heç qardaş Türkiyədə də uşaq filmi çəkilmir: "Uşaqlara rol verirlər. Məsələn, Əmir Berke Zincidi uşaq vaxtında onların əksər filmlərində rol alıb. Amma qəribədir ki, o ölkədə də uşaq filmləri çəkilmir. Mən orada bir müddət çalışdım gördüm ki, orada da uşaq filmlərinin çəkilməsinə maraqlı deyillər. Azərbaycanda bir çox həmkarlarım uşaq filmləri ilə bağlı ssenarilər yazdılar. Amma film çəkilmədi. Bunun üçün maliyyə lazımdır. Uşaq ədəbiyyatının, uşaq filmlərinin çəkilməməsi bizim gələcəyimiz olan uşaqlara öz mənfi təsiri göstərir. Çünki, uşaqlar öz dilimizdə deyil, əcnəbi dildə dil açır".
Xəbər lenti
0