SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis ötən ilin büdcəsinin icrasını qənaətbəxş hesab edib

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Büdcə xərclərində müharibə fəsadlarının aradan qaldırılması, sərhədlərimizin təhlükəsizliyinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və s. istiqamətlər öz əksini tapıb.
BAKI, 31 may - Sputnik. Bu gün Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin icrası müakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsini parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və bununla bağlı hazırlanmış hesabat ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd olunub ki, 2021-ci il bütün dünya və Azərbaycan üçün post-pandemiya dövrü kimi məhdudiyyətlərin yumşaldılması, Ümumi Daxili Məhsulun qlobal dünya üzrə artımına rəvac verib. İqtisadi artımın yüksəlməsi bütün dünya ölkələrində, həmçinin Azərbaycanda öz əksini tapıb.
Bildirilib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərdən sonra 2021-ci ilin büdcəsi Qələbə ilinin büdcəsi kimi yadda qalıb. Ötən ilin büdcəsinin xərclərində müharibə fəsadlarının aradan qaldırılması, sərhədlərimizin təhlükəsizliyinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün lazımi şəraitin yaradılması, o cümlədən infrastrukturun qurulması kimi istiqamətlər öz əksini tapıb.
Tahir Mirkişli çıxışında ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı əsas hədəflərə nəzər salıb. O, büdcənin qeyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin davam etdirilməsi, dövlət büdcəsinə daxilolmalar üzrə vahid nəzarət mexanizminin tətbiqinin genişləndirilməsi, vergi daxilolmalarının artırılması, vergi borclarının ödənilməsi istiqamətində əlverişli şəraitin yaradılması, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılmasını gəlirlər üzrə əsas istiqamətlər kimi qeyd edib.
Xərclərlə bağlı bildirilib ki, sosialyönümlülüyün təmin edilməsi, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən dövlət proqramlarının maliyyələşdirilməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində müvafiq tədbirlərin maliyyələşdirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün maliyyə təminatının yaradılması, ərzaq və su təhlükəsizliyinin təmin olunması, əhalinin mənzilə olan tələbatının təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin inşası üçün vəsaitin ayrılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinə dair maliyyənin təmin edilməsi qarşıda duran əsas hədəflərdəndir.
Tahir Mirkişili diqqətə çatdırıb ki, bütövlükdə 2021-ci ilin dövlət büdcəsi qəbul olunan zaman gəlirlərin 25 milyard 427 milyon, xərclərin 28 milyard 543 milyon, kəsirin 3 milyard 116 milyon, Ümumi Daxili Məhsulun artım tempinin 3,4 faiz, qeyri-neft sektorunun artım tempinin 3,1 faiz, inflyasiyanın 3,7 faiz, neftin 1 barrelinin qiymətinin 45 dollar olacağı proqnozlaşdırılıb. Lakin ötən il pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması bu rəqəmlərə öz təsirini göstərib.
Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27 milyard 422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və dövlət büdcəsinin kəsiri 1 milyard 26,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0