Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Atamdan "Sovet Şuşasının da başı dumanlı olarmı?" deyə soruşurdular - Xanın qızı

© Photo : REAL TVXan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva
Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Bəyimxanım xanım qeyd edir ki, o dövrdə ustad sənətkarlar səslərini vala yazdırmaq üçün Polşaya gedirdilər. Polyakların soyadlarının sonunda "ski", "skaya" şəkilçiləri olur. Bu səbəbdən də Xan əmi şuşalı olduğu üçün "Xan Şuşinski" adını götürüb.
BAKI, 31 may — Sputnik. Şuşa onun ruhunun şəhəridir. Atalı-analı, xoşbəxt günlərinin şəhəridir. Söhbət Xan Şuşinskinin qızı və Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirovadan gedir. Bəyimxanım xanım Şuşa və Azərbaycan muğamının Xanı ilə bağlı xatirələrini dilə gətirib.
Bəyimxanım xanım deyir ki, onların evinin qapısı Aslan Qaraşarov küçəsinə açılırmış. Üzeyir bəyin ev muzeyi ilə onlarının evinin arasında barı olub:
"Muzeyə gələn ziyarətçilər, turistlər Üzeyir bəyin evini ziyarət edəndən sonra biləndə ki, qarşıdakı ikimərtəbəli mülkdə dahi xanəndə Xan Şuşinski yaşayır, hamı gəlib onunla görüşmək istəyirdi. Hər il may ayının sonundan Şuşaya gedərdilər. Bir də sentyabrın əvvəlində qayıdardılar. Xan əminin Şuşaya gəlişi toy-bayrama çevrilərdi. Bütün şuşalılar onun görüşünə gələrdilər"
Daha sonra müsahimimiz Şuşanın mərkəzindəki "Güllü bağ" deyilən yerdən danışıb:

"Orada elə gül-çiçək var idi ki, mən dünyanın müxtəlif ölkələrində olmuşam, o gülləri, çiçəkləri mən orada görməmişdim. Parkın girəcəyində bir skamya var idi, ona Xan Şuşinskinin skamyası deyərdilər. Həmin parkda 100 adam ayaq üstə qalsa belə, heç kim o skamyada oturmazdı ki, indi Xan Şuşinski gələcək, onun yerində heç kim oturmasın. O da gəlib həmin skamyada oturardı, gəlib keçən hər kəslə salamlaşardı. Bir az təvazökarlıqdan uzaq da olsa, elə bil ki, insanlar Xanın şəxsiyyətinin, sənətinin qarşısında təzim edirdilər".

Xan Şuşinski (İsfəndiyar Aslan ağa oğlu Cavanşirov) Qarabağ xanı, həmin diyarda 1747-ci ildə xanlığın təməlini qoymuş Pənahəli xan Cavanşirin kötükcəsidir. Xanın qızı deyir ki, Sovet dövründən qabaq Şuşanın mərkəzində, "Çuxurməhlə" deyilən yerdə Aslan ağanın çox böyük, möhtəşəm mülkləri olub. Şuşanın ətrafında Ballıca, Xoca, Kor ocaq kəndləri onlara məxsus idi. Sovet dövründə bütün varidatları əllərindən alınıb. Xan əminin atası heç yerdə işləyə bilməzdi. Xan Şuşinski 1960-cı ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ev muzeyinin yanında ikimərtəbəli böyük mülkü satın alıb. Həmin ildən başlayaraq, ailəsi hər yay Şuşaya istirahətə gedərmiş:
"Atam Xan Şuşinski 1926-cı ildə Xankəndidə o dövrdə tanınmış musiqiçilərdən ibarət "Qarabağ" adlı bir orkestr yaradıb. Bu orkestrdə tanınmış musiqiçilər iştirak edirdilər. Atam həm də gözəl tar, qaval çalırdı. Bu kollektiv ilə tək Şuşada, Xankəndidə yox, Qarabağın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edirdi. Atam bir çox xalq mahnıları adı altında səslənən mahnıların müəllifidir ki, onlardan ən gözəl şah əsəri, canından çox sevdiyi "Şuşanın dağları" mahnısıdır. Bu mahnını atam 1930-cu ildə yazıb. Mahnının sözləri və musiqisi atama aiddir".
Xan əminin şah əsərlərindən olan bu mahnıya görə onu dəfələrlə "NKVD"-yə (SSRİ Xalq Daxili İşlər Komissarlığı) çağırıblarmış:
Bəyimxanımın sözlərinə görə, həmin mahnıda Xan "Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı" deyərək, Sovet dövründə bizim müqəddəs üçrəngli bayrağımızı sətiraltı olaraq, gənc nəsillərə ərmağan edib:

""Sovet Şuşasının da başı dumanlı olarmı? Siz bununla nə demək istəyirsiz?", deyə soruşurdular. Bu 30 ildə Xanın səsi, Xanın harayı, Xanın "Qarabağ şikəstəsi"nin harayı, Xanın "Şuşanın dağları"nın harayı sanki xalqımızı Şuşaya səsləyirdi. Həqiqətən də atam Şuşanın, elə Qarabağın başı bəlalı olduğunu o dövrdə duyaraq, bu mahnını bəstələyib".

Bəyimxanım xanım deyir ki, Xan Şuşinski həqiqətən də, Qarabağın simvoludur. Bunu Səməd Vurğunun yazdığı "Azərbaycan" poemasında bir daha göstərib. Belə ki, şair Qarabağın adını Xanın adı ilə bağlayıb:
"Atam xatirələrində deyirdi ki, "bir dəfə Cabbar Qaryağdıoğlu Bakıdan mənə zəng vurdu ki, Xan, qardaşın Allahyarı da, tarı da götürüb bizə gəl. Mən də qardaşımı da götürüb, getdim. Qapıdan içəri girəndə gördüm ki, Seyid Şuşinski də burdadır. Elə içəri girən kimi, mənə dedilər ki, Xan, sən bizə "Şuşanın dağları"nı, "Qarabağ şikəstəsi"ni, "İrəvanda xal qalmadı"nı, "Şahnaz", "Sarənc", xalq mahnılarından ifa elə. Mən oxuduqca, görürdüm ki, bunların hər ikisinin gözləri doldu. Mən ifamı tamamlayıb, soruşdum ki, bayaqdan baxıram, mən oxuduqca siz kövrəlirsiz, sizi kövrəldən nədir? Hər ikisi dedi ki, Xan, ürəyimiz Şuşanı, Qarabağı istəyir. Ancaq qocalmışıq, ayağımızda taqət yoxdur, fikirləşdik ki, biz Qarabağa, Şuşaya necə gedək? Belə qənaətə gəldik ki, bizi Şuşaya, Qarabağa Xanın səsi apara bilər. Çox sağ ol. Sən oxuduqca, sanki biz o yerləri gəzdik, dolaşdıq, geri qayıtdıq". Bütün bunlar göstərir ki, həqiqətən də Xan Şuşinski elə Qarabağ deməkdir".
Müsahibimiz bildirir ki, böyük ustadlar tərəfindən ona verilən Xan adını Sovet dövründə "bəy", "xan", "ağa" adlarına qadağa qoyulduğu bir dövrdə həm səsi, həm sənəti, həm də şəxsiyyəti ilə doğruldub. Buna baxmayaraq, Xan Şuşinski həmişə öz ifasına təvazpkar yanaşaraq "muğam elə bir dəryadır ki, mən hələ ondan bir cam götürmüşəm" deyib. Xanın 4 övladı olub. Bəyimxanım xanım onun ilk övladıdır. Lakin sənətkarın övladlarından heç biri Xanın sənətini davam etdirməyib:
"Təvazökarlıqdan uzaq olsa da, mənim də, bacılarımın da, qardaşımın da çox gözəl səsimiz var. Hətta ən axırıncı nota kimi çatan səs diapazonuna malikik. Mən və məndən sonra ikinci bacım Zümrüd Konservatoriyada Sona Aslanovanın vokal sinfini bitirmişik. Hazırda o, Milli konservatoriyada baş müəllim kimi pedaqoji fəaliyyət göstərir. Üçüncü bacım Səadət İncəsənət universitetini bitirib. Onun da gözəl səsi var. Qardaşımız Aslan iqtisadçı olmasına baxmayaraq, çox gözəl səsi var. Xan Şuşinskinin hətta nəvələrinin də səsi var. Hər birimiz fortepianoda həm çala, həm də oxuya bilirik. Atam bizim oxumağınızın qarşısında sədd qoymayıb. Deyirdi ki, "hansınız istəsəz oxuya bilərsiniz, bu sizin seçiminizdir. Mən də bir sənətkar olaraq, sizin seçiminizə dəstək olmağa hazıram". Ancaq biz özümüz belə fikirləşdik ki, bizim atamız Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğamlarımızın dərin özüllü sütunlarından biridir. O, sənətdə elə bir zirvədədir ki, ya gərək onun kimi oxuyaq, ya da... Bunu bacara bilməzdik, bu fikrimizdən daşındıq".
"Atam deyirdi ki, mən evdə oxuyardım. Qabları rəflərə yığırdılar o dövrdə. Sanki səsimin gücündən o qablar bir-birinə dəyib, səs verirdilər. Ona görə də, qaçırdım Cıdır düzündə oxuyurdum, dağların başına çıxırdım ki, heç kim məni eşitməsin. Rahat oxuyum", - deyə Bəyimxanım xanım atası ilə bağlı daha bir xatirəni əlavə edir.
Bəyimxanım xanım atası ilə bağlı xatirələrini bölüşərkən maraqlı bir məqama toxunub. Dediyinə görə, dahi Bülbül Asəf Zeynallı ilə birlikdə 1920-ci illərin sonunda xalq arasında səslənən mahnıları nota köçürmək üçün Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyətə çıxırlar. Onlar Şuşaya gəlirlər.
"Bülbül öz xatirələrində deyir ki, "yol boyu Asəf Zeynallı məndən xahiş edirdi ki, mütləq məni Xan Şuşinski ilə tanış edim. Biz Cıdır düzünə getdik və uzaqdan Xanın səsini eşitdik. Xan elə gözəl oxuyurdu ki, mən o dəqiqə o səsi tanıdım və Asəf Zeynallıya dedim ki, bu Xandır. Dedi ki, biz onu necə gətirə bilərik, necə çağıra bilərik? Mən "Çoban bayatı" oxudum. Xan mənim səsimi eşidərək, gəlib bizi tapdı. Həmin gün Xanın ifasında xeyli mahnıları dinlədik və həmin mahnıları nota köçürdük". Siz indi təsəvvür edin ki, Qarabağın iki dahi sənət bülbülü bir-birilərini Cıdır düzündə səsləri ilə haraylayıb, çağırırlar və görüşürlər", - deyə müsahimbimiz növbəti xatirəni bölüşür.
Sənətkarın qızı atasına verilən "Xan" titulunun tarixçəsindən də söz açır:

"Bir gün məclislərin birində patefon olub və o patefonda məclis əhli İranda çox məşhur olan Əbülhəsən xan Azər İqbal Soltanın ifasında "Kürdi-Şahnaz" muğamına qulaq asırlar. İslam Abdullayev üzünü İsfəndiyara tutub deyir ki, "sən də belə oxuya bilərsənmi?" Atam deyir ki, olarmı bir dəfə də qulaq asım? İkinci dəfə də qulaq asdıqdan sonra atam "Kürdi-Şahnaz" muğamını o qədər yüksək səviyyədə ifa edir ki, bütün məclis əhli başda İslam Abdullayev olmaqla, deyir ki, bu xanəndə İranın sənət sultanının xanıdır. Sən də oldun Azərbaycanın muğam dünyasının Xanı".

Xan əminin varisi 44 günlük Vətən Müharibəsindən söz açarkən bildirir ki, müharibədən öncə Şuşanın azad olduğunu yuxusunda görüb:
"2020 ilin may ayının 7-də bir yuxu gördüm. Şuşanın daşlı, kəsəkli yollarında idim. Yağış yeri parıldadırdı. Başımı yuxarı qaldıranda Şuşanın Gəncə qapısının yanında olduğumu gördüm. Müğənnimiz Zöhrə Abdullayeva da mənimlə birgə idi. O, tərəddüd edirdi, mən isə can atırdım ki, içəri girim. Sevinclə yuxudan ayıldım. Yuxum gerçək oldu".
Müsahibimiz "44 günlük Vətən Müharibəsi zamanı sanki özüm də vuruşurdum" deyir:
"Elə bilirdim ki, qəhrəman igidlərimizin yanında səngərdəyəm. Yuxunun nə olduğunu bilmirdim. Gecə-gündüz Allaha yalvarırdım. Deyirdim, ay Allah, əsgərlərimiz Şuşanı necə fəth edəcəklər?! Axı Şuşa zirvədədir. Əvvəlcədən hamıya tapşırmışdım ki, mənə Şuşanın azad olunması xəbərini birbaşa deməsinlər. Ürəyim bu xəbərə tab gətirməyib partlaya bilərdi. Şuşanın işğaldan azad olunmasından əvvəl mənə təbriklər gəlməyə başladı. Özümü yavaş-yavaş hazırlamağa başladım. Cənab Prezident "Şuşa bizə bir nəfəs qədər yaxındır" deyəndə 100 faiz əmin oldum ki, Şuşa bizimdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0