Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19-a dair PCR testi tələbi nə vaxt ləğv olunacaq?

© AFP 2023 / JONATHAN NACKSTRANDPCR
PCR  - Sputnik Azərbaycan, 1920, 29.05.2022
Abunə olmaq
Hava limanlarında, cəzaçəkmə müəssisələrində COVID19-a dair PCR testi tələbinin qüvvədə olması vətəndaşların narazılığına səbəb olub.
BAKI, 29 may — Sputnik. Azərbaycanda koronavirusa yoluxma sayı kəskin azalsa da, hələ də bəzi yerlərdə COVID19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunur. Ölkəmizdə yoluxma sayının azlması səbəbindən bir sıra vacib məhdudiyyətlər götürülsə də, COVID19-a dair PCR test tələbi bir sıra sahələrdə hələ də qalmaqdadır.
Bu günlərdə özəl tibb müəssisələrində cərrahiyyə əməliyyatı keçirən Yaqut Məmmədova 45 manat ödəyərək əməliyyatdan əvvəl COVID19-a dair PCR testdən keçib. COVID19-a dair PCR testi demək olar ki, cərrahiyyə əməliyyatı olunacaq bütün pasientlərdən tələb edilir. Y. Məmmədova bildirir ki, onda virusun əlamətləri olmasa da həkim mütləq şəkildə tetsdən keçməli olduğunu bildirib.
Vəkil Qanqa İbrahimov isə öz sosial şəbəkə hesabında COVID19-a dair PCR testi ilə bağlı tələbin artıq absurd olduğunu bildirib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinə məhkumlarla görüşmək üçün əvvəl PCR test tələb olunur:
"Ölkəmizdə koronavirusa yoluxma sayı minimuma düşsə də, nazirlik belə bir tələbini hələ də saxlayıb. Baxmayaraq ki, hazırda ölkədə koronavirusa sutkalıq yoluxma bir rəqəmli göstərici ilə ifadə olunur. Pandemiyanin məhdudiyyətləri kifayət qədər yumşaldılıb, yaxud ləğv olunub. Bütün bunlara rəğmən Ədliyyə Nazirliyi yoluxma riskini azaltmaq məqsədi (adı) ilə vəkillərə test tələbini hələ də saxlayır. Test vəkillərə ödənişsizdir, buna pul xərcləmirəm. Amma bu zaman itkisinə səbəb olur".
Vəkilin sözlərinə görə, testə xərclənən dövlətin maliyyəsi yoluxma riskinin azalmasına kömək etmir. Çünki, vəkillər müəssisəyə test verib nəticə neqativ olanda daxil olsa da, penitensiar əməkdaşlarından heç kim hər gün testdən keçirilmir:
"Həmin şəxslər də mənim kimi gündəlik iş və məişət qayğılarını yaşayan şəxslərdir. Hamımız hər gün müxtəlif insanlarla təmasda oluruq. Necə olur ki, penitensiar xidmətin əməkdaşlarının testsiz içəriyə daxil olması risk yaratmır, ancaq vəkilin daxil olması risk yaradır?! Necə olur ki, həbsdə olanlar müəssisədən məhkəməyə gətirilib, orada onlarla testsiz şəxslərlə, o cümlədən vəkili ilə ünsiyyətdə olanda risk yaranmır, ancaq vəkil həmin həbsdə olan şəxslə səhəri gün gedib müəssisədə görüşmək istəyəndə, risk yaratmış olur? ".
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID19-a dair PCR testi ilə bağlı tələbin bəzi sahələrdə saxlanılması vacibdir. Xüsusilə hava limanları koronavirusun yayılması baxımından risklidir. Çünki, xarici ölkələrin 30-dan çoxunda koronavirus yenidən baş qaldırıb.
Ekspert hesab edir ki, hava limanında COVID19-a dair PCR testinin ləğvi xaricdən virusun ölkəmizə gəlməsinə səbəb ola bilər: "Penitensiar müəssisələr isə qapalı məkanlardır. Bir məhkumun bu virusa yoluxması bir cəzaçəkmə müəssisəsində bütün məhkumların koronavirusa yoluxması ilə nəticələnə bilər".
İnfeksionistin sözlərinə görə, koronavirusa görə test cərrahiyyə əməliyyatı zamanı ona görə tələb olunur ki, əməliyyat blokundan ondan çox tibb işçisi olur. Bir neçə saat davam edən əməliyyat zamanı həm onların virusa yoluxma riski var, həmçinin də koronavirusa yoluxmuş xəstənin əməliyyat olunması onun vəziyyətini ağırlaşdıra bilər. Odur ki, V. Cavadzadə hələki COVID19-a dair PCR testi ilə bağlı tələbin ləğvinin tez olduğu qənaətindədir.
Nazirlər Kabinetindən isə COVID19-a dair PCR testi ilə bağlı tələbin hələki qüvvədə olduğunu bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0