CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağçalarda qida normasına necə nəzarət etməli? - Bir şəklin izi ilə

© AP Photo / Matt YorkYemək yeyən uşaqlar, arxiv şəkli
Yemək yeyən uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Uşaq bağçalarının Nazirliyə verilməsindən sonra bağçalarla bağlı arzuolunmaz halların qarşısının alınacağı proqnozlaşdırılsa da, hələlik müsbətə doğru dönüş hiss edilmir.
BAKI, 27 may — Sputnik. Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanmasını əks etdirən foto geniş səs-küyə səbəb olub. Uşaqlara verilən yeməyin və peçeniyanın əks olunduğu şəkillər hər kəsi heyrətləndirib. Fotolardan görünür ki, bağçalarda uşaqlara qida tələb olunan rasiona uyğun verilmir. Bağçalara verilən ərzaq məhsullarının bağça müdirləri tərəfindən mənimsənilməsinə dair iddialar tez-tez səslənsə də bu fakt qəti şəkildə inkar olunur. Şabran şəhər 1 saylı uşaq bağçasının direktoru Lalə Qədəşova bildirib ki, həmin fotolar gerçəyi əks etdirmir və böhtan xarakteri daşıyır. Direktor bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini qeyd edib. L.Qədəşova bu qərəzli addımları atanın kimliyini də açıqlayıb:
"Bunu edən bağçanın tərbiyəçisidir. O da digər tərbiyəçiləri ətrafına toplayaraq, əleyhimə olan addımlar atır. Onlar nə qədər çalışsalar da, öz istəklərinə nail ola bilməyəcəklər. İnanmayanlar valideynlərdən, körpələrdən də xəbər ala bilər. Mən özümə, işimə arxayınam.Çünki bizim bağçada hər şey qayda-qanun çərçivəsindədir. Hətta Azərbaycan Qida Təhlükəsizliyinin əməkdaşı da bizim bağçada olub və qida ilə bağlı ciddi nöqsanlar aşkarlanmayıb. Ona görə də pislik etməyə çalışanlar, özlərini yormasınlar".
Uşaq bağçalarının Təhsil Nazirliyinə verilməsindən sonra bağçalarla bağlı arzuolunmaz halların qarşısının alınacağı proqnozlaşdırılsa da, hələki müsbətə doğru dönüş hiss olunmur.
Təhsil üzrə ekpsert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bağçalara ciddi nəzarət mexanizmi olmalıdır. Onun sözlərinə görə, Təhsil Nazirliyinin hazırki işçi sayı ilə bağçalara nəzarət tam mümkün deyil: "Uşaq bağçalarının Təhsil Nazirliyinə keçməsi hələki ciddi bir dəyişikliyə səbəb olmayıb. Uşaq bağçalarına pulla qəbul əvvəl də vardı, indi də var. Sistemi elektronlaşdırmaq hələki mümkün olmayıb. Uşaqların qidalanmasında olan problem qalmaqdadır. İşə qəbul da dəyişiklik yoxdur. Bu gün də balaca uşaqların qidalarını "saqqallı uşaqlar" oğurlayıb yeyirlər.
K. Əsədov deyir ki, uşaq bağçalarına kameralar quraşdırılmalı, ərzağın paylanmasına, uşaqlarla davranışa nəzarət etmək vacibdir.
Həmsöhbətimiz bildirir ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının direktorunun gəlini də həmin bağçada fəaliyyət göstərir. Bu isə əmək məcəlləsinə ziddir. Tabeliçilikdə ailə üzvüləri işləməməlidir.
K. Əsədov deyir ki, nəzarət mexanizminin gücləndirilməsi üçün Təhsil Nazirliyində resurs artırılmalıdır.
Qeyd edək ki, artıq sözügedən uşaq bağçasında olan məsələ araşdırılır.
Belə ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən müvafiq araşdırma aparılıb.
Bu barədə Report-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunduğu müəyyən olunub: "Eyni zamanda müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılmış, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb. Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a bildirilib ki, sosial şəbəkədə yayılan Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı məsələni nəzarətə götürülüb. Məsələ ilə bağlı müvafiq tədbir görüləcək.
Agentlikdən bildirdilər ki, "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı var. Həmin qərarda "Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları" (1 uşağa sutka ərzində qramla) əks olunub. 4-6 yaş uşaqların bağçada qalma müddəti 10-12-24 saat təşkil edir. 10 saat qaldıqda uşaq həmin müddətdə 87 qram I növ buğda çörəyi ilə qidalanmalıdır. II növ buğda çörəyi üçün bu norma 33, buğda unu I növ üçün isə 23 qramdır. 10 saat müddətində bağçada qalan uşaq 37 qram yarma, makaron məmulatları, paxlalarla qidalanmalıdır. Bağçada qalan uşağa 10 saat ərzində 155 qram kartof, müxtəlif tərəvəzlər 200-400 qram, təzə meyvələr 80-100, meyvə və tərəvəz şirələri 80-200, qurudulmuş meyvələr 3-5, şəkər 55, kərə yağı 23-26-23-28 qram, yumurta 0, 5 ədəd, süd, kefir, qatıq 462 qram, kəsmik 48, ət, quş əti 85-100, balıq 32-41, xama 8, pendir 20 qram verilməlidir. Qənnadı məmulatları (peçenye və s.) 10 qram təşkil etməlidir.
Şabran şəhər 1 saylı uşaq bağçasından isə sorğumuza cavabda bildirdilər ki, kiçik yaş qrupu üzrə uşaqlara paylanmalı olan peçeniyanın çəkisi normativə görə 4 qram olmalıdır. 10 qram isə böyük yaş qrupu üzrə nəzərdə tutulub.
Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, norma həftədə günlər arasında bölünməlidir: "Bu o demək deyil ki, 1 peçeniya beş-altı yerə bölünüb uşağa verilməlidir. Qidalanma normasından başı çıxamayanlar bunu belə edirlər. Uşağa həftədə bir dəfə peçeniya, bir dəfə biskivit və sair verilə bilər. Bir peçeniyanı dörd-beş yerə bölüb uşağa vermək qidalanma normasına əməl etmək demək deyil".
İ. Əhmədov bildirib ki, uşaqlar üçün qida normaları artırılmalıdır.
Xatırladaq ki, Təhsil Nazirliyi də məsələnin araşdırıldığını və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bəyan etmişdi. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.
Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0