Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək

imtahan - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
DİM imtahanda iştirak edəcək şəxslərdən imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edib.
BAKI, 26 may — Sputnik. Dövlət İmtahan Mərkəzi mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.
Mərkəzdən verilən məlumata görə, imtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunacaq.
DİM-dən verilən məlumatda qeyd olunur ki, hazırda imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir.
DİM-in məlumatına görə, imtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
"İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik", - deyə verilən məlumatda bildirilib.
İmtahana gələrkən aşağıdakı sənədlərin gətirilməsi mütləqdir:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- "İmtahana buraxılış vərəqəsi"ni;
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Qeyd edək ki, qəbul imtahanı Bakıda 45, Sumqayıtda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 11226, Naxçıvanda 525, Gəncədə 1247, Sumqayıtda 1033, Mingəçevirdə 500, Lənkəranda 312 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1380 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı (mühafizə), 61 bina nümayəndəsi cəlb olunacaq.
Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə mayın 10‑dan 17-dək aparılıb. İmtahanda iştirak üçün 14843 bakalavr ərizə təqdim edib. Onlardan 13796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0