CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həccə getməyib onun pulunu başqalarına xərcləmək tələbi düzgün deyil - İlahiyyatçı

© AFP 2024 / -Həcc
Həcc  - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Eksklüziv
QMİ rəsmisi bildirib ki, pandemiya qiymətlərin bahalaşmasına təsir göstərib.
BAKI, 26 may — Sputnik. Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.
Onun sözlərinə görə, Həcc ziyarətinin qiyməti 9106 manat (təxminən 5350 ABŞ dolları) müəyyən olunub. Həcc ziyarəti üçün açıqlanan məbləğ birmənalı qarşılanmayıb. Ziyarətin bahalaşması sosial platformada da geniş müzakirələrə səbəb olub.
Qiymət min dollardan çox bahalaşıb
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə isə Azərbaycandan Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib.
Bəs görəsən qiymətin 1000 ABŞ dollarından çox bahalaşmasının səbəbi nədir?
Məlumat üçün bildirək ki, son bir neçə ildir ki, Azərbaycandan Həccə ziyarət yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunur.
Həcc qiymətini kim müəyyən edir?
Vüsal Cahangiri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Həcc ziyarətinin qiyməti Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin təyin etdiyi qiymətlərə görə müəyyən edilir.

"QMİ Həcc ziyarəti üçün qiyməti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin təyin etdiyi qiymətlərə əsasən hesablayır".

Ziyarətin qiymətinin bahalaşma səbəbi nədir?
V.Cahangiri onu da bildirib ki, qiymətin baha olması dünyada baş verən bahalaşmadır. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi iki ildir ki, pandemiya səbəbindən ziyarəti təşkil edə bilmir:
"Bu il Həccə kvota da azdır. Pandemiya səbəbindən müəyyən qaydalar qoyulub. Bütün bu amillər qiymətə təsir edir".
QMİ-nin şöbə müdiri dünyada ərzaqın bahalaşmasınınn qiymətə təsirsiz ötüşmədiyini söyləyib:

"QMİ tərəfindən Həcc qiymətləri ən minimal həddə təklif olunub. Digər ölkələrdə Həcc ziyarətinin qiyməti açıqlandıqda hər kəs görəcək ki, Azərbaycanda qiymətlər daha ucuzdur. Başqa müsəlman ölkələrində qiymətlər 6 min dolları ötür".

Həcc ziyarətini niyə ancaq QMİ təşkil edir?
Qeyd edək ki, qiymətlərin baha olması Həcc ziyarətinin Azərbaycanda yalnız bir qurum tərəfindən təşkil edilməsi ilə də əlaqələndirilir. Səslənən iddialarda bildirilir ki, Həcc ziyarətini təkcə QMİ-nin təşkil etməsi qiymətin diktə olunmasına, bahalaşmasına təsir göstərir.
V. Cahangiri isə bildirir ki, dini qurum olaraq bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi normaldır. Onun fikrincə, təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi daha yaxşıdır. Çünki, əks halda bəzi xoşagəlməz hallar baş verir:
"Bəzi şəxslərin başqa qurumlar tərəfindən oralara getməsi, arzuolunmaz işlərlə məşğul olması problemlərə səbəb olur. Ona görə də bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi daha məqbuldur".
Qiymət çox bahadır!
İlahiyyatçı Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il Həccin qiyməti çox bahadır. E.Mahmudov bildirib ki, Həcc bir ibadətdir. Onun sözlərinə görə, bu sağlamlıq və malla edilən bir ibadət növüdür:

"Həcc ziyarəti edəcək şəxsin maddi durumu yerində olmalıdır. Qurani Kərimdə də bildirilir ki, Həcc ziyarətinə kim halal və uyğun yol taparsa gedə bilər. Kasıb insanlar da Həccə gedə bilər. Bəzən varlı insanlar kasıb insanları Həccə göndərirlər".

© Photo : Modernİlahiyyatçı Elşad Mahmudov
İlahiyyatçı Elşad Mahmudov - Sputnik Azərbaycan, 1920, 25.05.2022
İlahiyyatçı Elşad Mahmudov
E.Mahmudovun sözlərinə görə, qiymətin yüksək olması müəyyən qədər Həccə getməyə mane olacaq.
Həccə getmək, yoxsa xeyirxahlıq?
Qeyd edək ki, sosial platformada 9100 manat verib Həcci ziyarət etməkdənsə, həmin məbləğin ehtiyacı olan insanlara xeyriyyə məqsədi ilə xərclənməsinin daha düzgün olduğu fikrində olanlar da az deyil. İlahiyyatçı isə bildirir ki, bu cür yanaşma doğru deyil:

"Həcc vacib buyrulan ziyarətdir. Kimin maddi imkanı varsa, canı sağlamdırsa ömründə bir dəfə Həcci ziyarət etməlidir. Bu cür fikirlər yersizdir. Həccə getməyib o məbləği cəffa verməyə sərf etmək tələbi düzgün deyil. Həccə getməyə maddi imkanı çatan şəxslər onsuz da ehtiyacı olan insanlar xeyirxah işlərlə məşğul ola bilərlər. Bunun hər ikisini etmək daha yaxşıdır. Onun tərəfdarı deyiləm ki, Həccin pulunu kasıb insanlara xəcləsin. Çox yaxşı olar ki, bunun hər ikisini etsin".

Həccə getmək üçün qaydalar
Məlumat üçün bildirək ki, mayın 25-dən etibarən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanır. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir. 30 iyun 1957-ci il təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Eyni zamanda Həccə gedənlərdən iki doza vaksin tələb olunur. Ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir. QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub. Həmin sənədlərdə Azərbaycanda istifadə olunan "SinoVac", "Pfizer/Biontech", "Sputnik", "AstraZeneca" peyvəndlərinin adları var.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bu il ölkə daxili və xaricindən bir milyon zəvvarı qəbul edəcəyini açıqlayıb. Tələblərə görə, bu il Həcc ziyarətinə gələcək zəvvarlar 65-dək yaşda olmalı, COVID-19-a qarşı peyvənd olunmalı, Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat ərzində COVID testi neqativ olmalıdır.
Qeyd edək ki, ötən il pandemiya səbəbindən həcc ziyarətində 10 min nəfər iştirak edib. Zəvvarların 30%-i Səudiyyə Ərəbistanı, 70%-i ölkədə yaşayan xarici vətəndaşlar olub. Digər ölkələrdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0