SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Estoniya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Estoniya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Azərbaycan Prezidenti Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
BAKI, 25 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək qarşılıqlı təmasların önəmini qeyd edib və bu baxımdan Azərbaycan parlamenti sədrinin Estoniyaya, Estoniya parlamenti sədrinin isə ölkəmizə səfərinin həm ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.
Prezident İlham Əliyev Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya səfərinə toxunaraq bu səfərin ermənilərin həmin ərazilərdə işğal dövründə törətdikləri genişmiqyaslı dağıntıları öz gözləri ilə görmələri baxımından çox önəmli olduğunu vurğulayıb.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlətimizin başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib və səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirib.
Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini deyib və qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq.
Estoniya parlamentinin sədri Yuri Ratas ilk növbədə 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğulayıb. Yuri Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlərin keçirdiyini diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Estoniya parlamentinin nümayəndə heyəti Şuşada
Xatırladaq ki, Yuri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 24-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.
Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.
Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.
Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.
Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib. Sonra qonaqlar Cıdır düzündə olublar.
Milli Məclisin sədri Estoniya parlamentinin spikeri ilə görüşüb
Qeyd edək ki, mayın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Estoniya parlamentinin spikerini və nümayəndə heyətini salamlayaraq, onların ölkəmizə səfərlərindən məmnun olduğunu bildirib.
Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik. Bu illər ərzində münasibətlərimiz tərəfdaşlıq səviyyəsinədək inkişaf edib.
Spiker Sahibə Qafarova yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amil olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edən bir sıra sənədlər imzalanıb və onların sayının artırılması üçün geniş imkanlar var.
Bu ilin fevral ayında Estoniyaya rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfərin nəticələrindən məmnunluğunu ifadə edib. Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalamaq ərəfəsində olmasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Estoniyanın Avropa İttifaqının üzvü kimi təqdirəlayiq fəaliyyətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan neftlə yanaşı, Avropaya etibarlı qaz tədarükçüsünə çevrilib və bu, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir.
Milli Məclisin spikeri diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərimizin qarşılıqlı fəaliyyətinin də özünəməxsus rolu var. Bu gün qanunvericilik orqanlarımız arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və deputatların qarşılıqlı səfərləri, parlament dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına mühüm təkan verir.
Sahibə Qafarova bildirib ki, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışaraq diqqətə çatdırıb ki, bu qələbə ilə Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın sonuncu Brüssel görüşündən danışan spiker Sahibə Qafarova tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını bildirib.
Estoniya Parlamentinin sədri Yuri Ratas Estoniya nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qonaq Estoniya və Azərbaycan münasibətlərinin dostluq məcrasında inkişaf etdiyini və yaxşı səviyyədə olduğunu bildirib. O, Estoniyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini qeyd edib.
Estoniya parlamentinin spikeri nümayəndə heyətinə daxil olan biznesmenlərin də Azərbaycanda bir sıra görüşlər keçirəcəklərini və ikitərəfli əlaqələrin müxtəlif sahələrinin inkişafına çalışacaqlarını diqqətə çatdırıb.
Milli Məclisin sədrinin Estoniyaya səfərini xatırlayan qonaq ümidvar olduğunu bildirib ki, onun bu səfəri çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr də ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Yuri Ratas diqqətə çatdırıb ki, Estoniya Azərbaycanla təhsil, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafında maraqlıdır. O, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafını yüksək qiymətləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0