Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mədəni gənclik" layihəsinin budəfəki ünvanı Akademik Musiqili Teatrı olub

© pixabay / marybettiniblankSəhnə
Səhnə - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Sözügedən tamaşa Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
BAKI, 25 may — Sputnik. Gənclərin incəsənətə marağının artırılması məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Mədəni gənclik" layihəsinin budəfəki ünvanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olub.
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan "Paris Notr-Dam kilsəsi" əsərinin motivləri əsasında hazırlanmış tamaşadan öncə Mədəniyyət Nazirliyinin əməkdaşı Cəfər Həsənov çıxış edib. Layihənin əhəmiyyəti barəsində danışan C.Həsənov qeyd edib ki, Mədəniyyət Nazirliyi ölkəmizdə mədəniyyətin inkişafı üçün bir sıra layihələr həyata keçirir.
"Bu layihələrdən biri də "Mədəni gənclik" layihəsidir. Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında tamaşalar və konsertlər izləyə biləcəklər. Həmçinin, sadəcə baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı qazanacaqlar".
Daha sonra layihə çərçivəsində teatrda "Paris Notr-Dama ithaf" tamaşası oynanılıb. Dünya şöhrətli yazıçı Viktor Hüqonun "Paris Notr-Dam" əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf" tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
"Paris Notr-Dama ithaf"da "Notre-Dame de Paris" müziklinə görə "Ginnesin rekordlar kitabı"na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Bu dəfə tamaşada rolları Əməkdar artist Nadir Xasiyev, aktyorlar Nicat Əli, Mehriban Zaliyeva, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Murad Əliyev, Ofeliya Məmmədova, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, Cəbrayıl Cəbrayılov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.
Teatrın repertuarında tamaşaçılar tərəfindən ən çox tələb olunan tamaşa bu dəfə də böyük anşlaqla keçib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova bildirib ki, tamaşa artıq 17-ci dəfə nümayiş olunub.
Qeyd edək ki, 2019-cu ilin noyabrından Akademik Musiqili Teatrın repertuarına daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır. Onu da qeyd edək ki, "Mədəni gənclik" layihəsi çərçivəsində Akademik Musiqili Teatrda ikinci tamaşa iyunun 7-də saat 19:00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyası olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0