SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Aİ-ni də elektrik enerjisi ilə təmin edə bilər - Ceyhun Bayramov

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
XİN rəhbəri bildrib ki, Azərbaycan İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii qaz təchizatçılarından biridir.
BAKI, 25 may - Sputnik. Azərbaycan ilə İtaliya arasında qədim tarixə və ənənəvi dostluq münasibətlərinə əsaslanan əlaqələr son 30 ildə böyük inkişaf yolu keçib. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. Azərtac xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.
Ceyhun Bayramov müsahibəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun cari il aprelin 2-də Azərbaycana səfərinin tərəfdaşlığın daha da gücləndirilməsinə müsbət təkan verdiyini bildirib:
“Səfər çərçivəsində münasibətlərimizin tarixində ilk dəfə olaraq, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun ilk iclası keçirildi. Ölkələrimiz arasında strateji dialoqun yaradılması, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı iki ölkənin hökumət başçıları tərəfindən imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də öz əksini tapıb”.
Nazir qeyd edib ki, Bakıda strateji dialoqun ilk iclasının keçirilməsi ikitərəfli münasibətlərin daha da gücləndirilməsi ilə bağlı hərtərəfli müzakirələrin aparılmasına gözəl imkan yaradıb. Bildirilib ki, hazırda ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. İqtisadi, energetika, humanitar, o cümlədən mədəniyyət və təhsil sahələrində qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur:
“Həmkarımın səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirildi. Mədəniyyət sahəsində intensiv mübadilələr mövcuddur. Azərbaycan hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin bərpası sahəsində bir sıra layihələrin həyata keçirilməsinə dəstək göstərilib. Yaxın zamanda ölkəmizin İtaliyadakı səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi nəzərdə tutulur. Biz çətin mərhələdə də bir-birimizin yanında olduğumuzu nümayiş etdirmişik. Pandemiya dövründə də Azərbaycan-İtaliya dostluq və tərəfdaşlığı möhkəmlənib, ölkələrimiz bir-birinə yardım edib. Bütün bu sadalananlar ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı ilə bağlı çox müsbət düşünməyə əsas verir. İnanırıq ki, ikitərəfli strateji əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək”.
Ceyhun Bayramov vurğulayıb ki, iki ölkə arasında strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir və Azərbaycan İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii qaz təchizatçılarından biridir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda, İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir. Cari ilin may ayınadək TAP vasitəsilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən artıq təbii qaz nəql edilib.
2022-ci ildə Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz təchizatı proqnozlaşdırılır. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə, TAP İtaliyanın qaza olan tələbatının 20-25 faizini ödəyə bilər.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, Avropa İttifaqı və onun bəzi üzv ölkələri Ukraynada baş verən hadisələrdən əvvəl də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdiriblər. Bəzi ölkələrdən onların öz enerji istehlakında kömürün qazla əvəz edilməsinə və enerji keçidinə töhfə üçün Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru genişləndirilməsi ilə bağlı müvafiq sorğular alınıb. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı tərəfdaş kimi təsdiq edib.
“Təbii ki, Azərbaycan qazının daha geniş Avropa məkanına nəqli əlavə resurs bazasına sərmayələrin cəlb edilməsi deməkdir və biz, bu məsələdə Avropa İttifaqı və üzv ölkələrin dəstəyinə ümid edirik. Elektrik enerjisinin ixracı sahəsində təcrübəyə malik Azərbaycan Avropa İttifaqını da elektrik enerjisi ilə təmin etmək potensialına malikdir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə ənənəvi enerji resurslarla yanaşı, hidrogen və bərpaolunan enerji sahəsində də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Dənizdə külək enerjisinin inkişafı və ölkəmizin işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində konkret addımlar atılmaqdadır. Beləliklə, Azərbaycan neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpaolunan enerjinin ixracı ilə genişləndirə bilər. Göründüyü kimi, qlobal enerji bazarında Azərbaycan kommersiya maraqlarından çıxış edir və digər ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək məqsədini qarşısına qoymur”, - deyə nazir əlavə edib.
Azərtac-ın materialı əsasında
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0