Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yaradıcılığımı pula qurban vermək istəmirəm - Heykəltaraş

© Photo : Courtesy of Elkhan ZeynalovHeykəltaraş Elxan Zeynalov
Heykəltaraş Elxan Zeynalov - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
Onun fikrincə, maliyyə problemi incəsənətin inkişafına mənfi təsir edir və nəticədə itirən Azərbaycan mədəniyyəti olur.
BAKI, 22 may — Sputnik. Elxan Zeynalov heykəltaraşdır. Rəssalıq Akademiyasını bitirən müsahibimiz daha çox vətən uğrunda canını fəda etmiş şəxsiyyətləri və görkəmli ədəbiyyat xadimlərinin təsvirlərini yaradır.
O ilk ciddi işini dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr edib:
"Nəsiminin əl-qolu bağlı, edama gedərkən" əsəri çox uğurlu alındı. Ondan sonra Milli Qəhramanımız Allahverdi Bağırovun heykəlini hazırladım. Mən o heykəli hazırlayanda hələ torpaqlarımız işğal altında idi. Onunla yanaşı, 15 İyul şəhidi Ömər Xalisdəmirin büstünü hazırladım".
E.Zeynalov ictimai-siyasi xadimlərin heykəllərini yaratmağı düşünmür. O yalnız ruhuna yaxın insanların heykəl və bütlərini hazırlamağı üstün tutur. Heykəltaraş bildirir ki, işə başlamazdan əvvəl heykəlini yaradacağı şəxsiyyətləri geniş araşdırır:
"Allahverdi Bağırovun heykəlini hazırlamazdan əvvəl Xətayi rayon üzrə Qarabağ Qazilər Birliyinin sədri İlham Həsənovla danışdım. Onun Allahverdi Bağırovla şəxsi tanışlığı var idi. Onun həm insani keyfiyyətlərini, həm də göstərdiyi şücaətləri öyrəndim. Ondan sonra həmin işə başladım. Heykəl hazır olandan sonra Ağdamdan olan insanlar məndən onu aldılar. Həmin heykəlin Quzanlıda ucalacağı gözlənilirdi. Sonra müharibə başlandı. Ümid edirəm ki, Ağdam bərpa olandan sonra həmin heykəl Ağdamın özündə ucalacaq".
Müsahibimiz bildirir ki, büstü hazırlamaq heykəli hazırlamaqdan daha çətindir. Belə ki, büst hazırlanarkən elə edilməlidir ki, əsərdə obrazı yaradılan şəxsiyyətin bütün xarakteri əksini tapsın:
"Milli Qəhramanımız Polad Həşimovun büstünü hazırayarkən onun insani keyfiyyətlərini açmağa çalışmışam".
Hazırda həyatdan nakam gedən şairimiz Mikayıl Müşfiqin büstünü hazırlayan heykəltaraş bildirir ki, yaradacağı sənət əsərində şairin təkcə vizual görkəmi deyil, yaradıcılığı, həyat yolu da onun simasında əks olunur:

"Mənə bir nəfər pul əvəzində tanınmış bəstəkar Yevgeni Qrinkanın büstünü hazırlamağı sifariş etdi. Amma mən bundan imtina elədim. Çünki, mənim ruhuma yaxın deyil. Çünki, mən hələ gəncəm. Yaradıcılığımı pula qurban vermək istəmirəm. Luçano Pavarottinin kiçik modelini hazırlamışam. Çünki, iş prosesində daha çox onu dinləyirəm".

Elxan təəssüf hissi ilə qeyd edir ki, ölkəmizdə bu sahəyə yetərincə diqqət ayrılmır. O əlavə edir ki, idmançılara göstərilən diqqət incəsənət adamlarına da göstərilsə, heykəltaraşlıq daha da inkişaf edər. Çünki, heykəltaraşlıq elə bir sahədir ki, bir əsərin ortaya çıxması üçün vəsaitin olması vacibdir:
"Demirəm ki, idmançılara diqqət ayrılmasın. İdman da inkişaf etməlidir, amma paralel olaraq mədəniyyətə də diqqət ayrılmalıdır. Bizi dünyada əsasən mədəniyyətimizə görə tanıyırlar".
Müsahimimiz Şuşaya həsr olunan heykəltaraşlıq müsabiqəsindən və bununla bağlı maliyyə məsələlərindən danışıb:
"Müsabiqənin şərtlərinə əsasən, heykəl mütləq yarım metr olmalıdır. Materialı da bürünc, mərmər, qranit olmalıdır. Bu da çox böyük büdcə tələb edir. 34-35 sm iş üçün maraqlandım, 2000 manatdan yuxarı qiymət dedilər".
Gənc heykəltaraş eyni zamanda bildirir ki, siyasi proseslər heykəllərin məhv olmasına səbəb olmamalıdır. Onlar sənət əsəri kimi qorunub saxlanılmalıdır:
"İndi biz sevgi ilə hazırladığımız şəxsiyyətin heykəli 50 ildən sonra qəbul olunmaya bilər. Bu o deməkdir ki, həmin heykəl məhv olmalıdır? Həmin heykəllər sənət əsəri olaraq qalmalıdır. Biz o tarixi yaşamışıq. Tarixi dana bilmədiyimiz kimi, əsərləri də məhv etməməliyik. Ömər müəllim (Ömər Eldarov — Azərbaycan heykəltaraşı - red.) o vaxt təklif etmişdi ki, o heykəllər məhv olmasın, muzeydə qorunub saxlansın. Bununla biz həm də turistləri cəlb edə bilərik. Roma tarixi abidələrinə görə hər il milyonlarla turist qəbul edir. Yaradıcı insan bilmir ki, 50 ildən sonra nə olacaq".
İncəsənət ruhlu həmsöhbətimiz təkcə dünyadan köçən sənət adamlarını deyil, həyatda olan sənətkarların da büstünü hazırlayıb. Xalq artisti Hacı İsmayılovun büstü gənc heykəltaraşın bu cür əsərlərindəndir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0