Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ukrayna Avropanı qazsız qoyur. Rusiya tranzit müqaviləsini ləğv edə bilərmi?

© AFP 2023 / JOE KLAMARqaz
qaz - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Ukrayna ərazisindən Avropaya nəql edilən Rusiya qazının həcmi xeyli azxalıb. Rusiya qazının Ukrayna tranzitindən asılılığından istifadə edən Ukrayna, bu addımı ilə Avropaya təzyiq göstərməyə çalışır.
BAKI, 21 may — Sputnik, Vadim Pavlov. Bir həftədən artıqdır ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti yalnız bir qazölçmə stansiyası (QÖS) - Sudca ilə məhdudlaşdırılıb. Buna səbəb Ukraynanın Rusiya qazını ölkədə mövcud olan iki giriş məntəqəsindən birində - "Soxranovka" QÖS-da qəbul etməyi dayandırmasıdır.
Nəticədə, Ukrayna ərazisindən nəql edilən "mavi yanacağın" həcmi xeyli azalıb – cari tranzit müqaviləsi üzrə göndərilə bilən 109,59 milyon kubmetr əvəzinə mayın 11-dən başlayaraq Avropaya 50 milyon kubmetrə yaxın qaz gedir.
Kiyev Avropaya niyə "qaz blokadası" qoyur, bu qərar hansı nəticələrə gətirib çıxara bilər və Rusiya-Ukrayna tranzit sazişinin ləğvi mümkündürmü –bu barədə Sputnik-in materialında.
Ukraynada fors-major
Keçən həftə, mayın 10-da Ukrayna "Qazprom"a Rusiya qazının Soxranovka qaz ölçməstansiyasında artıq qəbul edilməyəcəyi barədə məlumat verib. Bununla da Kiyev Rusiyaya "mavi yanacaq"ın Avropaya nəqli üçün yalnız bir tranzit marşrutu – "Sudca" QÖS-nı qoyub.
Ukrayna tərəfi belə bir qərarın verilməsinə səbəb kimi bəzi "fors-major vəziyyətlərin" olduğunu göstərib. Ukraynanın QÖS Operatorunun (UQÖSO) bəyanatına görə, bu vəziyyət Ukraynanın Novopskov kompressor stansiyasının (KS) yerləşdiyi əraziyə nəzarəti itirməsi nəticəsində baş verib - Rusiya qazının demək olar ki, üçdə bir hissəsi bu KS vasitəsilə Avropaya tranzit edilirdi.
UQÖSO öz bəyanatında qeyd edir ki, hazırda Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşən Novopskov KS və digər obyektlərə operativ və texnoloji nəzarəti həyata keçirə bilməz. Yuxarıda göstərilənlərlə əlaqədar Ukrayna tərəfi bəyan edib ki, o, avropalı istehlakçılar üçün nəzərdə tutulan tranzit həcmlərinin saxlanmasına görə məsuliyyət daşıya bilməz, bu isə o deməkdir ki, fors-major hallar baş verib və bu giriş məntəqəsində qaz qəbul edilməyəcək.
UQÖSO-nun rəhbəri Sergey Makoqon Reuters-ə verdiyi şərhdə bildirib ki, Kiyev öz QNS üzərində nəzarəti bərpa etməyənə qədər Ukrayna Soxranovkadan tranziti bərpa etməyəcək.
Belə baxanda hər şey normal görünür, amma, qeyd edək ki, Ukrayna bu ərazilərə nəzarəti iki aydan çox əvvəl itirib. Hələ martın 9-da Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin bildirmişdi ki, Novopskov kompressor stansiyası RF Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bütün bu müddət ərzində - mayın 10-na kimi Ukrayna Rusiya qazını heç bir sualsız və ya "fors-major" olmadan tranzit üçün qəbul edib.
Rusiyada yaranmış vəziyyətə təəccübləndilər. "Qazprom" fors-major hallar barədə heç bir təsdiq almayıb, əvvəlki rejimdə işi davam etdirmək üçün heç bir maneə görmür, ukraynalı mütəxəssislər bütün bu müddət ərzində Soxranovka QÖS və Novopskov KS-də sakit işləyir və bunu davam etdirirdilər. Soxranovka vasitəsilə tranzit "tam şəkildə təmin edilirdi, qarşı tərəflərdən heç bir şikayət olmayıb və heç biri yoxdur " – deyə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov bəyan edib.
Digər maraqlı məqam ondan ibarətdir ki, Soxranovka QÖS vasitəsilə qazın qəbulundan imtina "Qazprom" və "Naftoqaz" arasında tranzit müqaviləsində qeyd olunan razılaşmaların pozulmasıdır. Buna görə də UQÖSO iki ay gecikən əsaslandırma ilə kifayətlənməyərək DXR və LXR-nı Ukrayna QÖS-nın işinə müdaxilə etməkdə və qaz oğurlamaqda ittiham etdi.
Ukrayna operatoru mayın 11-də axşam bəyanatında qeyd edir ki, mayın 9-da dispetçerlər tranzit qazın "Soyuz" magistral qaz kəmərindən (MQK) Ukraynanın nəzarətində olmayan DXR və LXR ərazilərindəki qaz kəmərlərinə icazəsiz çıxarılmasını qeydə alıblar.
Amma burada belə sual yaranır: niyə qaz oğurluğu guya mayın 9-da qeydə alınıb, müvafiq ittiham isə yalnız 11-i axşam saatlarında irəli sürülüb?
Eyni zamanda, maraqlıdır ki, fors-major halların başlanması və "Soxranovka" vasitəsilə qaz tranziti üçün ərizələrin qəbulunu dayandırmaq qərarını Ukrayna tərəfi mayın 10-da - "oğurluqdan" bir gün sonra və "oğurluğun" özü ilə bağlı bəyanatdan bir gün əvvəl qəbul edib.
Kənardan baxarkən səbəblərin, sözün əsl mənasında, tələm-tələsik icad edildiyi görünür.
Nəticədə Ukraynadan Avropaya qaz tranziti nəzərəçarpacaq dərəcədə azalıb. Mayın 11-dən bu günə qədər Ukrayna ərazisindən gündəlik, təxminən, 50 milyard kubmetr qaz vurulduğu halda, əvvəllər, bu rəqəm, təxminən, 100 milyon kubmetr idi. Ötən bazar ertəsi Ukraynanın qəbul etdiyi tranzit müraciətinin həcmi bu ilin yanvarından bəri ən aşağı səviyyədə - 46,8 milyon kubmetr olub.
Rusiyadan tranzit qaz tədarükünün demək olar ki, üçdə birinin dayandırılması Avropada "mavi yanacağın" qiymətinin artmasına səbəb olub. Belə ki, mayın 12-də London ICE birjasında qiymət 20% artaraq min kubmetr üçün 1,2 min dolları ötüb. Bu gün min kubmetrin qiyməti 1000 dolları keçməkdə davam edir.
Ukrayna bunun müqabilində nə təklif etdi?
Hazırkı tranzit müqaviləsinə əsasən, Rusiya qazı Ukraynaya iki məntəqədən – "Sudca" QÖS və "Soxranovka" QÖS vasitəsilə daxil olur.
Sənədə əsasən, "Qazprom" nasos gücünə görə Kiyevə 109,59 milyon kubmetr gündəlik ödəniş etməyə borcludur. Bu həcmin sutkada 77,2 milyon kubmetrini Sudca, qalan 32,39 milyon kubmetr qazı isə Soxranovka qəbul edə bilər.
UQÖSO-nun məlumatına görə, "Qazprom" müqavilədə nəzərdə tutulan bütün qaz həcmlərini Sudcaya yönləndirə bilər - onun texniki gücü sutkada 244 milyon kubmetr qaz nəql etməyə imkan verir. Lakin, Qazprom bunu etməyə tələsmir, bununla əlaqədar ukraynalı operator onu Avropaya qaz tranzitinin həcmini artırmaq üçün Sudcanın bütün imkanlarından istifadə etmədiyinə görə qınayır.
Qazpromda, öz növbəsində, Rusiya axını sxemi əsasında həcmlərin Sudca QÖS-na ötürülməsinin texnoloji cəhətdən mümkün olmadığını, həcmlərin bölüşdürülməsinin əməkdaşlıq müqaviləsində aydın şəkildə göstərildiyini və Ukrayna tərəfinə "bunun yaxşı məlum olduğunu" söyləyirlər.
Ukrayna tərəfi də öz növbəsində xatırladır ki, əvvəllər yalnız Sudca vasitəsilə qaz tranzitinin orta sutkalıq həcmi bugünkü ümumi tranzit axınınından (109,59 milyon kubmetr) çox idi. Belə ki, 2017-ci ildə Sudcadan sutkada orta hesabla 181,2 milyon kubmetr, 2018-ci ildə 170,7 milyon kubmetr, 2019-cu ildə 180,3 milyon kubmetr, 2020-ci ildə isə 130, 1 milyon kubmetr qaz keçib.
UQÖSO-dan verilən məlumata görə, bu, o deməkdir ki, "Soxranovkadan Sudcaya axınların ötürülməsinin mümkünsüzlüyü ilə bağlı deyilənlər həqiqətə uyğun deyil".
Sputnik informasiya agentliyinin nümayəndəsi bütün tranzit həcmlərinin Sudca QÖS-ə köçürülməsinin mümkünsüzlüyünün səbəblərini milli enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolovdan öyrəndi.
"UQÖSO-nun arqument kimi gətirdiyi illərdən, yəni 2017-ci ildən Rusiya tərəfi yararsızlığına görə Ukrayna istiqamətində fəaliyyət göstərən kompressor stansiyalarının sayını azaldıb. Qazprom-un törəmə müəssisəsi olan Qazprom Transqaz Moskva MMC-nin fəaliyyət göstərdiyi ərazidə qazın vurulması üçün texniki imkanlar müəyyən edilmiş müddət ərzində çox dəyişib. 2017-ci ildə mümkün və tələb olunanlar isə indiki dövrdə lazımsız və qeyri-mümkündür", - ekspert belə deyir.
Ona görə də o, qeyd edir ki, keçmişin təcrübəsinə müraciət etməzdən əvvəl Ukrayna Rusiya tərəfdən Kursk bölgəsinə qaz nəqli imkanlarının necə dəyişdiyinə baxmalıdır.
"Ukrayna istiqaməti nasos həcmini itirirdi və hələ 2010-cu illərin ortalarında onun minimum işləyəcəyi aydın idi. Bu istiqamət prioritet olmadığından və eyni həcmdə yüklənməsi planlaşdırılmadığından, bu, Rusiya Federasiyasının ərazisində qaz nasosunu təmin edən avadanlıqların miqdarına, sadəcə, ehtiyac olmadığını göstərir. Nəticədə, ən lazımsız güclər istismardan çıxarılmağa başladı.
Ona görə də, 2017-ci ildə nə qədər nəql edildiyi barədə danışmazdan əvvəl, Ukrayna hazırda bu istiqamətdə hansı imkanların mövcud olduğunu, belə həcmləri nəql etməyin mümkün olub-olmadığı barədə götür-qoy etsin", – deyə Aleksandr Frolov fikrini bildirdi.
Ekspert, Sudca vasitəsilə tədarükün artırılmasına şərait yarana biləcəyini ehtimal edir.
"Lakin Kiyevin qısa müddətdə Sudca QÖS üzərində nəzarəti saxlayacağına əminlik yoxdur. Onda, Rusiyanın bu istiqamətdə qaz təchizatının əlavə həcmlərini təmin etmək üçün texniki təlimlərə vəsait xərcləməsinin nə dərəcədə əsaslı olduğu tam aydın deyil", - deyə Aleksandr Frolov qeyd edir.
Bütün yuxarıda deyilənlərə əlavə olaraq, ekspert qeyd edir ki, 1991-ci ildən bəri dəfələrlə, QNS-nin cari və əsaslı təmiri üçün lazım olan vəsaitin 100%-i Ukraynaya yatırılıb. Yatırılan maksimum məbləğ tələb olunan məbləğin, təxminən, 30%-ni təşkil edib.
"UQÖSO, onların istinad etdiyi 2017-ci ildən Ukraynanın magistral qaz kəmərlərində nə qədər qəza baş verdiyini desin. Bu qəzalar hansı ərazilərdə və hansı istiqamətlərdə baş verib? Bu qaz kəmərlərinin hazırda vəziyyəti necədir və Ukrayna tərəfinin israr etdiyi təzyiqlərə tab gətirə biləcəkmi? Əgər Ukrayna QNS-də partlayışların sayına və lokalizasiyasına nəzər salsaq, görərik ki, hər şeyi bir marşrutla göndərmək, yumşaq desək, o qədər də ağlabatan olmazdı.
Ukraynanın qaz nəqli sisteminin texniki deqradasiyası və Ukrayna tərəfinin etiraf etdiyi kimi, tanınan cari və əsaslı təmirə vəsaitin az sərmayə qoyulması şəraitində Sudcaya istiqamətlənməyə dəyərmi? Mən bunu etməzdim," - Alexander Frolov belə deyir.
Ukrayna hansı oyunu oynayır?
Milli enerji təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası hökuməti yanında Maliyyə universitetinin elmi işçisi Stanislav Mitraxoviçin sözlərinə görə, Ukrayna Rusiya qazının Ukrayna tranzitindən asılılığından istifadə edərək, Avropaya təzyiq göstərməyə çalışır.
"Ukrayna Avropanın Ukraynaya dəstək və Rusiyaya təzyiq sahəsində daha aktiv addımlar atmasını istəyir. Əslində, əsas məqsəd Ukrayna tranziti olmadan Avropanın qaz qıtlığı ilə üzləşə biləcəyini göstərməkdir. Kiyevdə gözləyirlər ki, bu halda Avropa onlara daha çox silah, daha çox pul verəcək və Rusiyaya qarşı daha sərt tədbirlər görəcək", - ekspert belə deyir.
Aleksandr Frolov qeyd edir ki, Ukraynanın QNS SSRİ-nin vahid qaz təchizatı sisteminin bir hissəsi kimi tikilib, ixracyönümlü qaz kəmərləri Ukrayna SSR-nin özünün qazlaşdırılmasını sadələşdirmək üçün bir vasitə kimi istifadə edilib.
Müsahibin sözlərinə görə, beləliklə, ixrac üçün çalışan magistral qaz kəmərləri vasitəsilə qaz nəqlindən, həm də Kiyevin Ukrayna hesab etdiyi ərazidəki – bura həm onların nəzarətində olmayan, həm də nəzarətində olan ərazilərlərin qaz təchizatı da asilidir. Və bu vəziyyət Ukraynanın regionlarının əhəmiyyətli hissəsi üçün xarakterikdir.
"Mən başa düşdüyüm qədər, Ukrayna rəhbərliyi hazırda LXR ərazisində enerji resursları çatışmazlığı yaratmaq məsələsini həll etməyə çalışır. İnanıram ki, onlar öz hərəkətləri ilə respublikada qaz və elektrik enerjisi çatışmazlığının yaranmasına gətirib çıxaracaqlarına çox ümid edirlər", - Aleksandr Frolov belə hesab edir.
Stanislav Mitraxoviç öz növbəsində, qeyd edir ki, Soxranovka vasitəsilə Ukraynanın hələ də Kiyevin nəzarətində olan şərq ərazilərinin bir hissəsi də qazla təmin olunub. "Bəlkə də bu elə bir siqnaldır ki, Kiyev bu ərazini qurban vermək istəyir. Orada baş verənlərin onlar üçün o qədər də vacib olmadığını göstərmək üçün " - deyə ekspert təxmin edir.
Aleksandr Frolovun sözlərinə görə, başqa bir məqam UQÖSO-nun Soxranovkadan keçən qazın icazəsiz çıxarılması təhlükəsi ilə bağlı bəyanatından irəli gəlir.
"Əslində, Ukrayna nəzarət olunan ərazidə enerji problemini həll etməyə, yəni müəyyən miqdarda qazı oğurlayıb yeraltı anbarlara vurmağa imkan yaradaraq, özünə müəyyən şərait yaratmağa çalışdı. Amma bunu bacarmadılar", - deyə ekspert bildirib.
Müqaviləni ləğv etmək mümkündürmü?
Tranzit müqaviləsinin şərtləri "nəql et, ya da ödə" prinsipinə əsasən aydın şəkildə yazılıb: "Qazprom" tədarükün faktiki həcmindən asılı olmayaraq, bu gün Kiyevə 109,59 milyon kubmetr qaz nəql etmək gücünə görə gündəlik pul ödəməyə borcludur.
Yəni, istəyirsən, 109,59 mln kubmetrin nəqlinə görə pul ödəyib onu nəql et, ya da ödə, amma nəql etməyib boruları boş qoy. Ukrayna müqavilənin şərtlərinə uyğun olaraq pulunu alacaq.
Lakin indi Ukraynanın Soxranovka QÖS-dən qazın alınmasını dayandırmaq qərarına görə, Rusiya şirkəti rezervasiya olunmuş gücün, təxminən, 30-35%-dən istifadə edə bilmir. Eyni zamanda, "Naftoqaz Ukrayna"nin rəhbəri Yuri Vitrenko deyir ki, "Qazprom" hələ də tranzit haqqını tam şəkildə ödəməyə davam etməlidir.
Vəziyyət, təxminən, bu cür görünür: müəyyən həcmlərin tranziti üçün pul ödəməyə borclu olan Rusiyaya bu həcmləri "nəql etməyə" icazə verilmir, lakin heç nəyə baxmayaraq, bu həcmlər üçün Rusiyadan ödəniş tələb edilir.
Bu vəziyyət ümumilikdə həm tranzit güclərinin ödənilməsinin, həm də ümumilikdə Rusiya tərəfinin müqavilə şərtlərinə əməl etməyə davam etməsi məsələsini gündəmə gətirir (halbuki, Ukrayna tərəfi artıq onlara ümumiyyətlə əməl etməmək qərarına gəlib).
Cənab Vitrenko ödəniş edilmədiyi təqdirdə "Qazprom"u yeni arbitraj məhkəməsi ilə hədələyir. Lakin Rusiya-Ukrayna münasibətlərinə dair istənilən arbitraj qərarının o qədər də böyük əhəmiyyət daşımayacağı indiki şəraitdə müqavilənin pozulması ssenarisi kifayət qədər real görünür.
Stanislav Mitraxoviç deyir: "Əslində, müqavilə məhv edilə bilər. İndi o vaxt deyil ki, tərəflər bir-birini məhkəməyə verib, məhkəmədə qalib gələcəklər. Mart ayında Avropa Komissiyası "nəql et, ya da ödə" prinsiplərinə tamamilə tüpürərək, bu il Rusiya qazının istehlakını 60% azaltmağın zəruriliyini açıq şəkildə bəyan etdi. Çünki Avropa anlayır ki, "Qazprom" bu gün heç bir Avropa məhkəməsində heç nəyi udmayacaq. Məhkəmələr indi ən mücərrəd məsələdir, biz məhkəmə süjetlərinə ümid edə bilməyəcək qədər gərgin bir qarşıdurma içərisində yaşayırıq.
"Əgər Rusiya tərəfi Ukraynanın hərəkətlərində müqaviləni pozmaq üçün kifayət qədər hüquqi əsas görərsə, o zaman müqavilə həqiqətən pozulacaq", - Aleksandr Frolov belə hesab edir. - "Bu, Rusiya qazının bir sıra alıcıları üçün müəyyən təhlükələr yaradır, lakin Ukrayna tərəfinin hazırkı şəraitdə hərəkətləri, prinsipcə, Ukrayna dəhlizinin təchizat dəhlizi kimi etibarlılığını şübhə altına alır".
Nəticələri necə ola bilər?
Bu gün Rusiyadan Avropaya qaz nəqlinin əsas marşrutu "Şimal axını" magistral qaz kəməri (MQK) olaraq qalır və onun vasitəsilə hər gün, təxminən, 170 milyon kubmetr qaz Avropaya çatdırılır. Həmçinin, "Türk axını" da fəaliyyətini davam etdirir.
Son vaxtlara qədər Yamal-Avropa qaz kəməri fəaliyyət göstərirdi, lakin Rusiya əks-sanksiyalarının tətbiqindən sonra Rusiya hökumətinin qərarı ilə onun istifadəsi faktiki olaraq qadağan edildi. İstismar üçün hazır olan "Şimal axını 2"-nin yaxın gələcəkdə istifadəyə verilməsi ehtimalı azdır.
İndi Ukraynadan keçən həcmlərin əhəmiyyətli bir hissəsi azalıb, Kiyevin mövqeyi isə, hətta, tranzit müqaviləsinin pozulmasına səbəb ola bilər.
Beləliklə, artıq enerji böhranı vəziyyətində olan Avropa əlavə qaz həcmləri əldə etmək imkanını itirir.
"Unutmamalıyıq ki, Avropada sənayenin bir hissəsi artıq dayandırılıb" - Stanislav Mitraxoviç belə deyir. - Bu, enerji tutumlu sənayeyə aiddir - söhbət sement, kağız, azot gübrələri, sink, alüminium və s. istehsalı üzrə güclərin əhəmiyyətli hissəsindən gedir. Orada çoxlu problemlər var".
"Adi vaxt olsaydı, Ukraynanın Rusiya qazını nəql etdiyi alıcı şirkətlərin nümayəndələri çoxdan gündəmə gəlib deyərdilər: "Dalaşmağa son qoyun, bizə qaz lazımdır. Siz orada nə edirsiniz? Gəlin biz də vəziyyətinizi aydınlaşdıraq – sizdə, orda, fors-major olub, ya yox?", - deyə Aleksandr Frolov qeyd edir.
İndi həmin şirkətlər bunu edə bilməzlər. – Frolov sözünə davam edir. – Onlara bunu etmək, sadəcə, qadağandır, çünki Ukrayna çox yaxşı ölkədir, onu tənqid etmək olmaz, o, kimsəyə pislik edə bilməz. Ona görə də bu gün Ukraynaya təzyiqin yeganə istiqaməti Avropa ölkələrinin liderləri vasitəsilə hərəkət etməkdir. Ancaq burada başqa bir sual yaranır: onlar bu hekayəyə uyğunlaşacaqlarmı? Axı, onlar ən azından siyasi şüar kimi enerji daşıyıcılarından imtinaya mərc ediblər", - ekspert belə hesab edir.
Ona görə də, Aleksandr Frolov hesab edir ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin qismən dayandırılmasından əziyyət çəkə biləcək şirkətlərin nümayəndələri onlara müraciət etsələr belə, siyasi liderlər çox güman ki, bunu görməməzliyə vurmağa çalışacaqlar.
"Əgər buna məhəl qoymasalar belə, çox güman ki, siyasi məqsədəuyğunluqdan çıxış edəcəklər. Yəni heç bir siyasi addım atmamaqda onlar yox, Rusiya günahkar olacaq. İdarəetmə prinsipi belədir: bir problem varsa və günahkar varsa, problemi həll etmək əvəzinə, bu günahı üzə çıxarmaqla məşğul olacaqlar " - deyə Alexander Frolov sözünü yekunlaşdırıb.
"Bu qərarın gələcək perspektivlərinə gəlincə: tutaq ki, Ukrayna Sudca QÖS üzərində nəzarəti itirdi və ya məsələn, tranzit hərbi əməliyyatlar səbəbindən dayandı", deyə Stanislav Mitraxoviç qeyd edir. - Onda Avropa həqiqətən də ciddi qaz qıtlığı ilə üzləşəcək. Bəs Rusiya nə etməlidir? Yamal-Avropa MQK-nə (magistral qaz kəməri) keçmək artıq mümkün olmayacaq, Şimal və Türk axınları demək olar ki, maksimum dərəcədə işləyir. Belə olan halda Avropaya siqnal göndəriləcək ki, ya qazsız oturun, ya da "Şimal axını 2"ni yadınıza salın.
Ekspert deyir ki, bu gün onun açılışı, əlbəttə ki, görünmür, amma şərti olaraq, ilin sonuna qədər Ukraynada intensiv döyüşlər azalsa, Avropa belə bir qərar üçün yetişmiş ola bilər.
"Lakin bu, yalnız Avropada münasibətlərin bir növ normallaşmasının tərəfdarı olan insanlar tərəfindən baş qaldıracağı təqdirdə baş verəcək. Münasibətlərin normallaşması baş verməsə, bu o deməkdir ki, Ukrayna vasitəsilə qaz nəqli, sadəcə olaraq dayanacaq", - deyə Stanislav Mitraxoviç sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0