Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Meymun çiçəyi" virusu ilə bağlı həyəcan təbili-Azərbaycana çata bilərmi?

© AP Photo / Virginia MayoMeymunlara baxan uşağa vaksin vurulur, arxiv şəkli
Meymunlara baxan uşağa vaksin vurulur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Vüqar Cavadzadə çiçəyə qarşı vaksinin "Meymun çiçəyi" virusundan qoruduğunu söyləyir.
BAKI, 19 may — Sputnik. Avropada ilk dəfə İngiltərədə müşahidə edilən "Meymun çiçəyi" virusu İspaniya, Portuqaliyadan sonra ABŞ-da da aşkarlanıb. Bu il xəstəliyə ilk yoluxma halı Massaçusets ştatında qeydə alınıb. İngiltərədə 6 maydan bu günə qədər "Meymun çiçəyi" xəstəliyinə yoluxanların sayı 9-a yüksəlib.
Ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni yoluxanların virusun endemik olduğu bölgəyə səyahət emədiyini qeyd edib. Artıq İspaniya və Portuqaliyada da virusa yoluxanların sayının artması ilə həyacan təbili çalınıb. Orta və Qərbi Afrikada meymundan insana keçən virusun səbəb olduğu "Meymun çiçəyi" xəstəliyinə İspaniyanın paytaxtı Madriddə 8 nəfər, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfər yoluxub.
ABŞ-ın Massaçusets Xalq Sağlamlığı Departamentinin verdiyi açıqlamada Kanadaya səfər etmiş bir adamda "Meymun çiçəyi" virusunun aşkar edildiyini qeyd edib. Səlahiyyətli şəxslər bildiriblər ki, virus insanlar arasında asanlıqla yayılmır, ancaq yoluxmuş yataq dəsti və paltar kimi əşyalarla təmasda olduqda və ya yoluxmuş şəxslə uzun müddət yaxın olduqda tənəffüs yolu ilə yoluxma baş verə bilər.
Bu virusun yayılması Azərbaycanda da müəyyən narahatlığa səbəb olub. Bəs görəsən "Meymun çiçəyi" virusunun ölkəmizdə yayılma ehtimalı varmı?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə bir narahatlığa səbəb yoxdur. Virus əsasən Afrikada, isti ölkələrdə qeydə alınır.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Meymun çiçəyi" virusu orto poksi virus hesab olunur. Onun sözlərinə görə, burada infeksiya mənbəyi meymunlardır. "Meymun çiçəyi" ("Monkeypox") virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə Dövlət Serum İnstitutu tərəfindən aşkarlanıb.
"Meymun çiçəyi" Afrika kimi ölkələrdə əvvəllər tək-tək qeydə alınsa da, son vaxtlar yoluxma sayı nisbətən artmaqdadır. İnfeksionist bildirir ki "Meymun çiçəyi" virusuna yoluxmuş şəxslərdə təxminən iki həftədən sonra kliniki əlamətlər müşahidə olunur. Qızdırma, üşütmə, baş əzələlərində ağrılar olur. Ağır hallarda ürək bulanma, baş gicəllənmə kimi əlamətlər müşahidə olunur. Xəstələrin bədənində üç-dörd gündən sonra səpgilər əmələ gəlir.
Bu səpgilər inkişaf edərək irinləyir. İrinlədikdə temperatur yenidən daha yüksək həddə qalxır. Ağır intaksikasiya əlamətləri müşahidə edilir. Hər 100 xəstədən 6-7-də ölüm halı müşahidə edilə bilir.
Amma infeksionist narahatçılığa əsas olmadığını söyləyir. Bildirir ki, "Meymun çiçəyi" pandemik bir infeksiya deyil. Bununla belə ölkələr arasında yayılması istisna deyil. Bütün yaş qrupları bu infeksiyaya həssasdır. Virus hava-damcı yolu ilə yayıla bilər.
V. Cavadzadə bildirir ki, "Meymun çiçəyi" el arasında "çiçək" adlanan "təbii çiçək" virusunun bir növüdür. Amma "təbii çiçək" daha təhlükəli sayılır. "Meymun çiçəyi" isə nisbətən daha sakit gedişlidir.
İnfeksionistin sözlərinə görə, "təbii çiçək" son dəfə 1980-cı ildə müşahidə edilib. O bildirir ki, "təbii çiçək" pandemik infeksiyadır. "Təbii çiçək"ə qarşı tətbiq edilən vaksin xəstəliyin kökünü kəsib. V. Cavadzadə deyir ki, "təbii çiçək" xəstəliyinə qarşı vaksin olunan insanlar "Meymun çiçəyi" virusuna qarşı da qorunmuş olurlar. Amma "təbii çiçək" xəstəliyinin qarşısı alındığından 1980-cı ildən sonra insanlar "təbii çiçək" virusuna qarşı vaksin olunmayıb.
V. Cavadzadə deyir ki, uşaqlar arasında bu virusa daha çox rast gəlinməsi yüksək ola bilər. Bununla belə "Meymun çiçəyi" virusuna qarşı bütün yaş qrupları həssasdır. Virusun yayılmasına miqrasiya rol oynayır. Bundan qorunmaq üçün ümumi profilaktik qaydalara əməl olunmalıdır. İstənilən infeksiyaya az sayda da olsa təsadüf edilir. Buna görə də təşvişə düşməyə əsas yoxdur.
Qeyd edək ki, "meymun çiçəyi" çiçək virusu ilə struktur olaraq əlaqəlidir və oxşardır. Xəstəliyə ilk dəfə 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir. 2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0