Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Vətən müharibəsində yaralanan neçə hərbçiyə əlillik təyin edilib?

© Sputnik / Murad OrujovQazilər, arxiv şəkli
Qazilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Əlilliyə görə aylıq sosial ödənişlər təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.
BAKI, 18 may — Sputnik. 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi işləri davam edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, həmin hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (Forma 88) elektron sistemə daxil edilir.
Bundan sonra yekun mərhələ olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi qiymətləndirir.
Vətən müharibəsində yaralanmış 2885 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.
Qeyd edək ki, əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilib.
Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülüb. Belə ki, I, II və III dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur.
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0