Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərdəki direktor müavinləri "sosial liftə" minə bilmir - Millət vəkilinin iradı

© Sputnik / Aleksey Nichukin / Mediabanka keçidLift, arxiv şəkli
Lift, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Nazirlik bildirir ki, hazırda ümumtəhsil müəssisələrinə direktor seçimi üçün yeni mexanizm hazırlanır və prosesin həyata keçirilməsində təhsilalanların sayının nəzərə alınması məsələsi müzakirə olunur.
BAKI, 19 may — Sputnik. Son günlər yeni məktəb direktorlarının təyinatı cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Məktəb direktorlarının təyinatında ciddi nöqsanlar ın olduğu bildirilir. Belə ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Etibar Əliyev Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan şəxslərin yaxınlarının məktəblərə direktor təyin edildiyini bildirib. E.Əliyev qeyd edib ki, məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur:
"Ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur".
© Sputnik / Murad OrujovEtibar Əliyev, arxiv şəkli
Этибар Алиев, эксперт в области образования  - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Etibar Əliyev, arxiv şəkli
Deputat qeyd edib ki, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar. Ancaq bəzi direktorlar imtahan və müsahibələrdə iştirak etmədən direktor olur:
"Belə halların sayı çoxdur. Qapalı direktor təyinatları geniş vüsət alıb. Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı alırlar?"
Deputat İctimai Şuranı qınadı
Deputat bu məsələdə Təhsil Nazirliyi yanında İctimai Şuranı da qınayıb. Bildirib ki, İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir:
"Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox...".
Məktəb direktorları direktor müavinləri arasından seçilməlidir
Təhsil eksperti Nadir İsrafilov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb direktorlarının təyinatında nöqsanların olduğu danılmazdır. Ekspert deyir ki, məktəb direktorlarının işə qəbul mexanizminin dəyişməsi müəyyən qədər narazılıqlara səbəb olur. Yeni qaydalarla direktor olmaq istəyənlər imtahandan keçirilir ki, bu da bir məktəbdə direktor müavini işləmiş müəllimlərin başqa məktəblərə direktor təyinatı almasına gətirib çıxarır. N.İsrafilov bildirir ki, məktəb direktorlarının işə qəbulu zamanı ən azı üç il direktor müavini işləmiş şəxslərə üstünlük verilir. Ekspert direktor müavini işləmiş şəxslərə üstünük verilməsini düzgün hesab edir. Bildirir ki, deputatın bu məsələ ilə bağlı iradı haqlıdır. Deyir ki, həmin şəxslər dərs cədvəllərinin tutulması, məktəbin idarəedilməsi ilə bağlı böyük təcrübəyə səbəb olurlar:
"Məktəb direktorları tədbirlər və sair işlərin arxasınca getdiyindən, əsas iş direktor müavinlərinin üzərinə düşür. Ona görə də Bakıda əvvəllər direktor müavinlərinin bazası yaradılmışdı. Həmin bazadakı şəxslər direktor olmaq üçün əsas namizəd hesab olunurdular".
Ekspert məktəb direktorlarının imtahanla seçilməsinin də düzgün olmadığını söyləyir. Bildirir ki, məktəb direktoru olmuş şəxslərin yüksək idarəetmə qabiliyyəti də olmalıdır.
© Sputnik / Murad OrujovOrta məktəbdə dərs, arxiv şəkli
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Orta məktəbdə dərs, arxiv şəkli
Məktəb direktorlarının əməlləri ört-basdır edilir
Ekspert məktəb direktorlarından narazılıqların olmasının kökündə də elə seçimin düzgün aparılmaması, cəzasızlıq mühitinin olması ilə izah edir:
"Sovet dövründə hansısa məktəbdə baş verən nöqsan Təhsil Nazirliyinin kollegiyasında müzakirəyə çıxarılırdı. Sonra isə həmin kollegiyada müzakirə olunanlar səhəri gün "Azərbaycan müəllimi" qəzetində nəşr olunurdu. Hər bir müəllim, direktor bundan ehtiyat edir, nəticə çıxarırdı. Təəssüf ki, indi rüşvət aldığı üçün işdən çıxarılan direktorların bu nöqsanı ört-basdır edilir. Onlar işdən öz ərizələri ilə çıxdıqları kimi rəsmiləşdirilir. Bu isə belə əməllərin təkrar baş verməsinə gətirib çıxarır".
Ona görə də, ekspert məktəb direktoru vəzifəsinə təyinatda tanışlıq, qohumluq kimi məhfumların aradan qaldırılmalı olduğunu bildirir.
İctimai Şura da deputatı günahkar görür
Təhsil Nazirliyi yanında İctimai Şuradan isə deputatın ittihamlarına cavab verərək bildirdilər ki, Nazirlik yanında İctimai Şuranın həftəlik onlayn və ya offlayn görüşləri keçirilir, yeni tərkiblə fəaliyyətə başladığı ilk 5 ay ərzində 4 ictimai dinləmə, onlarla görüş təşkil edib:
"Eyni zamanda müxtəlif istiqamətlər üzrə sosial şəbəkə hesabları mövcuddur. Millət vəkili Etibar Əliyev İctimai Şuranın bütün görüş və müzakirələrində iştirak etsə də, sosial şəbəkədə qeyd etdiyi narahatlığı ilə bağlı müzakirələrimiz zamanı hər hansı fikir səsləndirməyib. Hörmətli millət vəkili Etibar Əliyevə və müzakirəyə qoşulan vətəndaşlara təhsil sahəsində olan məsələlərə həssas yanaşdıqları üçün təşəkkür edir və İctimai Şuranın təhsillə bağlı istənilən məsələnin müzakirəsində maraqlı olduğunu xüsusi ilə qeyd etmək istərdik".
© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Nazirlik iradları qəbul etmir
Xatırladaq ki, millət vəkili Etibar Əliyev sosial şəbəkəsindəki şəxsi profilində 165 və 210 nömrəli məktəblərdə direktor təyinatı ilə bağlı narahatlığını əks etdirən yazı paylaşıb.
Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə onlayn sorğuya isə cavabda qeyd edilib ki, 6 ildən artıqdır ki, dövlət ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron sistem vasitəsilə həyata keçirilən müsabiqə yolu ilə həyata keçirilir. Prosesin qeyd olunan formatda həyata keçirilməsi direktor seçimi ilə bağlı ən optimal yanaşmadır. Hazırda proses şəffaflıq və sağlam rəqabət mühiti təmin edilməklə, test imtahanı və müsahibə yolu ilə baş tutur
Həmçinin qeyd olunub ki, direktor vəzifəsinə müsabiqədən kənar şəxslərin təyin olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Belə ki, məlumatlarda adı qeyd olunan Gülalıyeva Həqiqət İmran qızı 2021-ci ildə keçirilən direktorların işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələlərində müvafiq keçid balı toplayıb. H.Gülalıyeva təhsil nazirinin əmri ilə 06.12.2021-ci il tarixindən 1 illik müddətli əmək müqaviləsi əsasında Bakı şəhər 210 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.
Adıçəkilən digər şəxs – Nağıyev Ruslan Özbəy oğlu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən direktor müavini vəzifəsinə keçirilən müsabiqədə uğur qazanaraq, Bakı şəhəri 252 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub.
Peşəkarlığı nəzərə alınaraq Bakı şəhər 165 nömrəli tam orta məktəbdə direktor vəzifəsinin icrası 3 ay müddətinə Ruslan Nağıyevə həvalə edilib. 165 nömrəli tam orta məktəbin keçmiş direktoru Məmmədov Vüqar Cəfər oğlu ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 25 aprel 2022-ci il tarixdən ləğv edilib".
© Photo : pixabay / Free-PhotosSənədlə işləyən adam, arxiv şəkli
Человек, работающий с документами  - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Sənədlə işləyən adam, arxiv şəkli
Direktorların işə qəbulu ilə bağlı yeni mexanizm hazırlanır
Təhsil Nazirliyindən bildirilib ki, hazırda ümumi təhsil müəssisələrinə direktor seçimi üçün yeni mexanizm hazırlanır. Prosesin həyata keçirilməsində təhsilalanların sayının nəzərə alınması müzakirə olunur. Mexanizm təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə sorğumuza cavabda bildirilib ki, 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0