Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Belarusun Baş naziri Gəncədədir

© Sputnik / Алексей Даничев / Mediabanka keçidBelarusun Baş naziri Roman Qolovçenko
Belarusun Baş naziri Roman Qolovçenko - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Ötən gün ölkəmizə səfərə gələn Belarusun Baş naziri Roman Qolovçenkonun səfəri çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub/
BAKI, 19 may — Sputnik. Belarusun Baş naziri Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Qonaqlar Gəncə Beynəlxalq Hava Limanında qarşılanıblar. Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkib.
Qonaqlar ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.
Məlumat verilib ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistanın raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
Bundan başqa, Gəncə şəhərində rəsmi səfərdə olan Belarusun Baş naziri Roman Qolovçenko Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində olub. Qonaqları qarşılayan Birliyin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə baş nazirə və digər belaruslu nümayəndə heyətinə məlumat verib. Qeyd olunub ki, 2006-cı ildə ölkə başçısı İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə Avtomobil Zavodunda yeni yığım xəttləri quraşdırılıb, müəssisəmizdə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb.
Bu günə qədər müəssisədə 12200-ə yaxın 8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40%-ni yerli istehsal təşkil edir. Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-cı ildən başlayaraq Belarusun "Moqilyovtransmaş", "Minsk təkərli dartıcılar" zavodu, "Bobruysk" ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, "Qomselmaş", "Belkommunaş" Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir.
Zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir.
Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə Avtomobil Zavodu İB və Belarus müəssisələri arasında əməkdaşlıq memorandumu və müqavilə imzalanıb. İlkin olaraq traktorların komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun direktoru V.Vovk imzalayıb.
Sonra Belarusun "Qomselmaş" şirkətinin direktor müavini D. Afanasyev və Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət protokolu imzalayıblar.
Qeyd edək ki, bu gün Belarusun Baş naziri Roman Qolovçenko ötən gün Bakıda işə başlamış və sabah başa çatacaq 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - "Caspian Agro" və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan"ı ziyarət edib.
Belarusun hökumət başçısı Azərbaycana ötən gün səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.
Xatırladaq ki, Bakıdakı sərgilər 15 min kv.m.-dən çox ərazini əhatə edir. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, "InterFood Azerbaijan" sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0