CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şərqi Zəngəzurla Naxçıvan arasında avtomobil körpüləri bir ilə istifadəyə veriləcək

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Azərbaycan Baş nazirinin müavini Tehranda səfərdədir. Astaraçay üzərində avtomobil körpüsünün tikinti layihəsinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulur
BAKI, 18 may — Sputnik. İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil körpülərini 1 ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.
APA-nın məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.
O xatırladıb ki, bununla bağlı iki ölkə arasında bir müddət əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb.
"Biz bu gün İranın yol və şəhərsalma naziri ilə avtomobil yolu körpülərinin tikintisini və maliyyələşdirilməsi məsələsini, eyni zamanda, layihələrin texniki detallarının layihələndirilməsinin başa çatdırılmasını müzakirə etdik. Düşünürük ki, bir il ərzində avtomobil körpülərini tikib istifadəyə verə bilərik", - o diqqətə çatdırıb.
Şahin Mustafayev qeyd edib ki, dəmir yolu sahəsində də İşçi qrupu təşkil edilib və artıq texniki detalların müzakirələrinə başlayıblar: "Eyni zamanda, elektrik xətlərinin tikintisi üçün də müzakirələr aparılır. Bu layihələr İran və Azərbaycan üçün böyük faydalar gətirəcək, faydalı tranzit bağlantıları olacaq və xalqlarımız bundan faydalanacaq".
Şahin Mustafayev vurğulayıb ki, İran və Azərbaycan arasında əməkdaşlıq genişdir: "Əməkdaşlıq nəqliyyat, tranzit, enerji, neft, qaz və investisiya sahələrini əhatə edir. Bu sırada nəqliyyat və tranzit sahələri ən prioritet sahələrdən biridir. Bizim bu sahədə çox uğurlu əməkdaşlığımız var. Təkcə onu qeyd edim ki, avtomobil daşımalarının həcmi 2021-ci ilin ilk 3 ayında keçən ilin həmin dövrü ilə müqayisədə 70 faiz artıb. Bu sahədə çox böyük potensial görürük və bir sıra layihələri müzakirə etdik".
Baş nazirin müavini Astaraçay üzərində avtomobil körpüsünün tikinti layihəsinin 6 ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib: "Astarada dəmir yol yük terminalının bu ilin sonunadək başa çatdırmaq niyyətindəyik. Düşünürük ki, bu iki layihə də Şimal-Cənub dəhlizinin ən vacib komponentlərindən biri olaraq bu dəhlizin gücünü artıracaq".
Xatırladaq ki, Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" təsdiq olunub.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə isə tapşırılıb ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran Hökumətinə bildiriş göndərsin.
Xəbər lenti
0